“Sərt Paşinyan”ın danışığa can atması: səbəblər və məqsəd
Siyasi emosiyaları kənara qoyub, Azərbaycan Prezidentinin Valdayda və Aşqabadda verdiyi bəyanatları soyuqqanlı təhlil etdikdə görünür ki, Azərbaycan Prezidentinin hər iki bəyanatı Ermənistan baş naziri N.Paşinyanın 3 müstəvidə mövqelərini sarsıdıb: 1) MDB müstəvisində, 2) Qərb, yəni, Avropa və Amerika müstəvisində, nəhayət 3) Ermənistanın daxili siyasi müstəvisində. Paşinyanın MDB, Qərb və Ermənistan daxilində fiaskosu MDB dövlət başçılarının sammitindəki masa arxasında N.Paşinyanın acınacaqlı halı bütün dünyaya onun necə çıxılmaz vəziyyətə düşdüyünü göstərdi. Bu mənzərə Paşinyanın MDB sammitindəki tənhalığı və acizliyinin nümayişi oldu. MDB sammitindəki belə bir diplomatik uğursuzluq isə onun Ermənistan daxilində onsuz da xeyli laxlamış nüfuzunu daha da sarsıtmaqdadır. Daha bir belə zərbə N.Paşinyanın siyasi sonunu gətirəcək və odur ki, artıq N.Paşinyanın İ.Əliyevlə istənilən təmasda kompleksli olacağı şübhə doğurmur. O, öz acizliyini faktiki qəbul etmiş durumdadır. Nəhayət, MDB-də təklənmiş, öz ölkəsi daxilində nüfuzunu daha da itirmiş baş nazirin Avropada hər hansı ölkə ilə uğurlu siyasət quracağı ehtimalı sıfıra bərabərdir. Belə baş nazirə heç bir investor etibar edib, rəhbərlik etdiyi ölkəyə sərmayə də yatırmaz. Valday və Aşqabad bəyanatlarının effekti bu qədər geniş və dərindir. N.Paşinyan vəziyyəti yumşaltmağa, zərbələrdən taym-out götürməyə can atır Amma bir məqam xüsusilə diqqəti cəlb edir. Prezident İlham Əliyevin Valday bəyanatından sonra olduğu kimi, indi də Aşqabadda səsləndirdiyi ittihamın ardınca Ermənistan tərəfi tələm-tələsik atmosferi yumşaltmağa hesablanmış bəyanat və məlumatlar yayır. Bu, iki sərt zərbədən sonra rəqibin taym-out istəyinə bənzəyir. Məsələn, İlham Əliyevin Valday bəyanatından dərhal sonra Ermənistan XİN-in yaydığı bəyanat "kompromis", "qarşılıqlı maraqlar", "sülh atmosferi", "xalqların sülhə hazırlanmasının vacibliyi" kimi ürkək və "sülhpərvər" ifadələrlə zəngin idi. İndi, Aşqabaddakı hadisədən sonra isə Ermənistan tərəfi tələsik vəziyyəti yumşaltmaq üçün yeni məlumat yaydı ki, “N.Paşinyan yemək masası arxasında Azərbaycan prezidenti ilə 1.5-2 saat söhbət edib və nizamlama haqda fikir mübadiləsi aparıblar”.
Ermənistanın baş nazirinin mətbuat katibi Karapetyanın yaydığı məlumat da çox maraqlıdır. Ona görə ki, məlumatda deyilir ki, söhbət “əsasən, gərginliyin azaldılması imkanlarına” həsr edilib. Yəni, söhbətin Ermənistan tərəfinin mövqeyindən intrepretasiyası belədir ki, gərginliyin daha da azaldılması yolları araşdırılır. Məlumatdakı ikinci yumşaldıcı məqam isə belədir: “Ermənistan baş naziri Ermənistan, Qarabağ və Azərbaycan üçün məqbul ola biləcək münaqişənin nizamlanması düsturunu yenidən təkrar edib”. Sitatın sonu. Beləliklə, Aşqabadda Prezident İlham Əliyevin diplomatik hücumundan sonra Ermənistan baş nazirinin mətbuat katibinin yaydığı məlumatda münasibətləri yumşaltmağa hesablanmış 3 məqam var: 1) Karapetyan deyir ki, Prezident İlham Əliyevlə N.Paşinyan arasında 1.5-2 saat söhbət olub; 2) Söhbət “gərginliyin azaldılması imkanlarına həsr edilib”; 3) “Ermənistanın baş naziri Ermənistan, Qarabağ və Azərbaycan üçün məqbul ola biləcək münaqişənin nizamlanması düsturu” haqda danışıb. Yəni, N.Paşinyan təklif etdiyi nizamlama düstüründa Azərbaycanın da razı qalmasına çalışır. Və yaxud da belə görünür ki, N.Paşinyan birdən-birə Azərbaycanı da qane edəcək nizamlama düsturunda maraqlıdır. Halbuki, az müddət əvvəl heç bir kompromisə yer qoymayan “Qarabağ Ermənistandır və nöqtə” deyirdi. N.Paşinyanın Valdaydan sonra 180 dərəcə dəyişmiş mövqeyi, özünü Aşqabaddan sonra daha qabarıq büruzə verdi. Ermənistan rəhbərliyi özünün gərginləşdirdiyi vəziyyəti yumşaltmağa çalışır. Niyə?
Azərbaycanla danışıqlar siyasi mövcudluğun yeganə amili kimi Birincisi, ona görə ki, çox böyük əks-hücumla üzləşib. Azərbaycan Prezidentinin MDB müstəvisində, xüsusilə Valdayda etdiyi siyasi manevrlər N.Paşinyanın ayaqları altından yeri qaçırıb. Aşqabaddakı zərbə isə Paşinyana anlatdı ki, bu dəfə vəziyyət çox ciddidir. İkincisi, Paşinyanın beynəlxalq müstəvidə heç də yaxşı olmayan vəziyyəti faşist Njdenin müdafiəsi ətrafında ucalan ittihamlar fonunda daha da pisləşir. Paşinyanın Avropa və ABŞ-la münasibətləri yaxşılaşdırmaq planları baş tutmadı. Prezident İlham Əliyevin faşist Njde ilə bağlı ittihamları isə Ermənistanın Qərb istiqamətində körpü qurmaq potensialını tamamilə tükəndirdi. Üçüncüsü, Rusiya ilə münasibətlər Sərkisyanın zamanındakı kimi deyil. Yenə də Prezident İlham Əliyevin qaldırdığı faşist Njde məsələsi Rusiyanin təkcə liberal qanaddan olan elitasının deyil, eyni zamanda millətçi və kommunist qanadlarının da Ermənistandan narazılığına səbəb olacaq. Valdayda Azərbaycan Rusiya ilə münasibətlərdə yeni mərhələni başlatdı və bu, vəziyyəti tamamilə dəyişir. Rusiyanın bu mərhələdə Azərbaycana ehtiyacı Ermənistana olan ehtiyacından daha çoxdur. Dördüncüsü, N.Paşinyanın erməni xalqına etdiyi demokratiya vədləri özünü doğrultmadı. Silsilə həbslər və söz azadlığının boğulması halları bu istiqamətdə ona olan ümidləri doğrultmadı. Beşincisi, N.Paşinyanın Ermənistanda iqtisadi dirçəliş haqda vədləri özünü doğrultmadı. Nəhayət, Ermənistan baş nazirinin komandasında parçalanma prosesi başlayıb. Belə bir xarici və daxili siyasi fiasco vəziyyətində N.Paşinyanın yeganə siyasi kapitalı Prezident İlham Əliyevlə danışmaq, Ermənistan cəmiyyətində danışıqlara ümid aşılamaq ola bilər. Odur ki, indiki mərhələdə N.Paşinyan İlham Əliyevin ona olan münasibətindən asılı vəziyyətdədir. İlham Əliyev Paşinyanla danışırsa, Paşinyan baş nazir kimi var, danışmazsa, yoxdur! Nida işarəsi. Başqa sözlə, Azərbaycan Prezidenti Paşinyanla danışarsa, o, Ermənistanın baş naziri kimi özünə ehtiyac formalaşdıra bilər. Danışmazsa, Ermənistanda ona baş nazir kimi ehtiyac qalmaz. İndi N.Paşinyan Azərbaycan Prezidentinin ona münasibətindən asılı vəziyyətdədir. Odur ki, bundan sonra N.Paşinyan hər imkanda danışıqlar üçün müraciət edərsə, təəccüblənməmək lazımdır. İbrahim Məmmədov,
Əməkdar jurnalist