“PARLAMENT İDARƏÇİLİYİNƏ KEÇMƏLİYİK” – “İroniya edənlər özlərini buraxmış adamlardır”

Qüdrət Həsənquliyev: “Dünyada parlament idarəçiliyinə məxsus ölkələrdə bir partiyanın 50 il hakimiyyətdə qaldığı nümunələr var

“AzPolitika.info” Bütöz Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, 36 saylı Xətai dördüncü Seçki Dairəsindən deputatlığa namizəd Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsini təqdim edir:

- Qüdrət bəy, bəzi şəxslər belə bir iddia ilə çıxış edirlər ki, parlament özünü buraxdığından həmin qərara səs verən deputatların təkrar namizədliyini irəli sürməsi siyasi və mənəvi baxımdan düzgün deyil. Onlar nə dərəcədə haqlıdırlar?

- Parlamentin özünü buraxmasına ironiya edənlər özlərini buraxmış adamlardır. Məsələn, bu yaxınlarda Böyük Britaniyada növbədənkənar seçkilər təşəbbüsü ilə çıxış etmiş Mühafizəkarlar Partiyası seçkilərdə növbədənkənar seçkilər barədə qərar qəbul etmiş deputatlarla möhtəşəm qələbə çaldı.

Biz isə parlamentdə müxalifətin mövqelərinin gücləndirilməsi üçün növbədənkənar seçkiləri dəstəkləmişik və həmin vaxt bu barədə bəyanatla çıxış etmişik. İqtidar bəyan etməsə də, onu növbədənkənar seçkilərə stimullaşdıran əsas faktorlardan biri 19 oktyabrda özünü buraxmışların sifarişlə icazəsiz aksiya keçirməyə cəhd etməsi və bunun təkcə onların yox, həm də bütövlükdə müxalifətin nüfuzuna ciddi zərər vurması olubsa, ikinci səbəb onların xarici dairələrlə işbirliyinin təsirini azaltmaq üçün gözlənilməzlik faktorundan istifadə etmək olmuşdur. Ona görə də, əgər növbədənkənar seçkilərin keçirilməsində qəbahət varsa, onun əsas siyasi və mənəvi məsuliyyətini həmin adamlar daşıyırlar.

- Seçkilərdə bu qədər çox namizədin olmasını nə ilə izah edərdiniz?

- Əsas səbəb güclü çoxpartiyalı sistemin olmamasıdır. Proporsional seçki sisteminin olmaması insanları siyasi partiyalara qoşulmağa həvəsləndirmir. Ona görə də, çoxlu sayda siyasətdən uzaq, hətta qonşularının belə tanımadığı insanlar seçki marafonuna qatılıblar. Məsələn, bir həkim başa düşür ki, onun peşəkar həkim olması üçün 15 il vaxt lazımdır, amma düşünür ki, siyasətlə peşəkar səviyyədə məşğul olmadan da parlamentar olmaq olar. Parlamentdə həyatımızın müxtəlif sahələrində ictimai münasibətləri tənzimləyən minlərlə qanun qəbul olunur, yaxud onlara dəyişiklik edilir. Hansısa sahə üzrə yaxşı mütəxəssis olmaq hələ o sahə üzrə dövlət siyasətindən baş çıxarmaq və ya onu müəyyənləşdirmək bacarığının olması demək deyil. Amma tutaq ki, elədir, bəs digər sahələr üzrə qanunlar, yaxud dövlət əhəmiyyətli qərarlar qəbul ediləndə həmin şəxs nə edəcək?

Siyasətlə məşğul olmaq istəyən şəxs əvvəlcə ölkənin ictimai-siyasi həyatında aktiv iştirak etməli, siyasi təcrübə toplamalıdır. Bizdə xalqımızın siyasi inkişaf səviyyəsi onun sosial inkişaf indeksinə uyğun olduğundan Qərb standartlarına cavab vermir. Amma buna görə ruhdan düşmək lazım deyil, cəmiyyət və ona uyğun olaraq da demokratiya inkişaf etdikcə vəziyyət dəyişəcək. Biz tələsmədən və yorulmadan işləməliyik.

- Hər dəfə Milli Məclisə seçkilərdən öncə kimlərin seçiləcəyinə dair siyahılar açıqlanır və o, təqribən 99 % doğru çıxır. Bu barədə nə deyə bilərsiniz?

- Bu bütün dünyada mojaritar seçki sistemləri üçün xarakterik cəhətdir. Seçkilər günündən öncə kimin hansı dairədə favorit olduğu bəlli olur və təsadüfi hallarda istisnalar baş verir.

- Bəzi namizədlərin seçki debatlarından imtina etməsini necə qiymətləndirirsiniz?

- Bu əsasən iki səbəbdən baş verir. Birincisi, namizədin özünə güvənməməsindən, ikinci isə siyasətdən uzaq zəif rəqiblərlə debata çıxıb özünü pis vəziyyətdə qoymaq istəməməsindən. Əgər bir peşəkar boksçu təzə başlayan həvəskar bir boksçu ilə döyüşə çıxarsa, bu ona hörmət gətirməz və tamaşaçılar nəinki onun qələbəsini alqışlamaz, əksinə onu fitə basarlar. Debatı kimin təşkil etməsi və tamaşaçıların sayı da rol oynaya bilər.

Ümumən TV-lərdə seçki debatlarının keçirilməməsi seçkilərin üzərinə kölgə salmaqla ölkənin imicinə də ziyan vurur. Mövcud vəziyyət iqtidarı narahat etməli və seçki islahatlarına sövq etməlidir. Bu islahatların nəticəsi kimi proporsional seçki sistemi bərpa olunmalı, seçkilərdə bitərəflərin müstəqil iştirakı qadağan edilməli, hər hansı bir partiyanın parlamentdə yerlərin üçdə ikisindən çoxuna sahib olması yasaqlanmalıdır.

- Seçkidə Sizin üçün əsas mövzu nədir?

- Qarabağın işğaldan azad olunması, dövlət quruculuğu və ölkəmizin sosial-iqtisadi inkişafı. Qarabağı azad etmək üçün güclü peşəkar ordumuz, çevik və cəsarətli xarici siyasətimiz olmalıdır. Sosial-iqtisadi inkişaf üçün isə əlverişli investisiya mühiti yaradılmalı, məhkəmələrin tam müstəqilliyinə nail olmaqla, qanunun aliliyi təmin edilməlidir. Bunlara nail olmaq üçün isə yeni konstitusiya qəbul edib, parlament idarəçiliyinə keçməliyik.

Proporsional seçki sisteminə və parlament idarəçiliyinə keçid imkan verəcək ki, bir partiya uzun müddət hakimiyyətdə qala bilsin və bu beynəlxalq qıcıq doğurmasın. Dünyada parlament idarəçiliyinə məxsus ölkələrdə bir partiyanın 50 il hakimiyyətdə qaldığı nümunələr var. Yaponiya kimi. Parlament idarəçiliyi çoxpartiyalı sistemin inkişafına yol açacaq. O zaman hökumət parlamentin ciddi nəzarəti altında olacaq, korrupsiyaya qarşı daha effekli mübarizə aparmaq imkanları yaranacaqdır. Bu yolla biz çox da böyük olmayan zaman kəsiyində bu gün həlli mümkünsüz görünən ciddi problemlərimizi çözə və Qərbin inkişaf etmiş ölkələri sırasına qatıla, insanlarımızın firəvan həyatını təmin edə bilərik.

- Qüdrət bəy, sabiq müstəntiq və bir hüquqşünas siyasətçi kimi Nərminin böyük ictimai rezonans doğurmuş ölüm işinin istintaqı barədə nə deyə bilərsiniz?

- Azyaşlı uşağın öldürülməsi böyük faciədir və ona ictimai reaksiya da elə belə olmalıdır. Cinayətin üstünün gec açılmasına görə hüquq-mühafizə orqanlarının tənqid olunması da çox ədalətlidir. Əsl cinayətkarın tutulub-tutulmaması və istintaqın obyektiv aparılması məsələsinə gəldikdə isə, cinayət işinin istintaqını prokurorluq aparır. Bundan sonra məhkəmə istintaqı olacaq. Mən özüm də çalışacam ki, imkan olsa mütləq məhkəmədə iştirak edim. Hazırda bir çox hakim ədalətli və müstəqil qərarlar qəbul edir. Tam əminəm ki, Prezidentin də nəzarətində olan bu iş üzrə heç kim saxtakarlıq edib o körpə uşağın qanını batıra bilməz.

Amma çox təəssüf ki, bəziləri bu hadisədən istifadə edib başqa məqsədlər naminə polisin gözdən salınması istiqamətində total bir kampaniya aparır. Problemlərə baxmayaraq, biz kriminogen durumun sabitliyinə, ictimai asayişin və təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasına görə polisə minnətdar olmalıyıq. Əgər ölkədə sabitlik olmasa, nə inkişafdan, nə islahatlardan, nə də insan hüquqlarından söhbət belə gedə bilməz. İki gün öncə efirdən yersiz gülüşləri ilə diqqət çəkən birisi öz “YouTube” kanalında Nərminin ölümündən danışır və ABŞ-ı misal çəkirdi ki, bu ölkədə oxşar vəziyyətlərdə polis nə edir, cinayətkarlığa qarşı mübarizə belə təşkil olunub və s.

Amma gözəl bir deyim var: Hər şey müqayisədə daha aydın görünür. Məsələn, ABŞ-da orta hesabla hər il 113 min 108 adama odlu silahdan atəş açılır və onun 36 min 383 nəfəri ölür. Bunun 1488-i uşaq və yeniyetmədir.

Kimsə deyə bilər ki, ABŞ-ın əhalisi çoxdur. Onda gəlin əhalisinin sayı təqribən Baki əhalisi (2,7 milyon) qədər olan Çikaqo şəhərinə diqqət yetirək. 2019-cu ildə bu şəhərdə 492 nəfər odlu silahla qətlə yetirilib. Məhz ABŞ-da mövcud olan siyasi korrupsiya, yəni ABŞ Milli Silah Assosiasiyasının konqresmenlərin seçki hesabına ödədiyi pullar, silahlara nəzarət haqqında effektli qanunun qəbuluna imkan vermir.

Bakıya gəldikdə isə, bu barədə ictimaiyyətə dəqiq statistik məlumat verilməsə də, DİN-in internet səhifəsində Azərbaycan üzrə 2019-cu ilin birinci yarısının statistik məlumatları yerləşdirilib və qeyd olunur ki, həmin dövrdə 131 qəsdən adam öldürmə və ona cəhd qeydə alınıb. Onun da 46-sı ailə-məişət zəminində baş verib.

Düşünürəm ki, bu müqayisəyə diqqət yetirəndən sonra bizə yalnız öz polisimizə təşəkkür etmək qalır.






Fikirlər