TÜRKİYƏDƏ ŞİDDƏTLİ ZƏLZƏLƏ - Ölənlərin və yaralıların sayı artır + VİDEO (Yenilənir)

Türkiyənin şərqində baş vermiş zəlzələ nəticəsində azı 29 nəfər həlak olub, daha 1466 nəfər yaralanıb. “Report” xəbər verir ki, bu barədə TRT telekanalı Türkiyənin Fövqəladə Vəziyyətlər və Təbii Fəlakətlər üzrə İdarəsinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, xilasedicilər dağılmış evlərin uçqunları altından azı 43 nəfəri xilas ediblər.

Daha əvvəl təbii hadisə nəticəsində 22 nəfərin həlak olduğu, 1243 nəfərin xəsarət aldığı bildirilirdi. 

***

Türkiyədə baş verən zəlzələdə ölən və xəsarət alanların sayı artıb.

APA-nın yerli bürosunun xəbərinə görə, ölənlərin sayı 20-yə, xəsarət alanların sayı isə 1015 nəfərə çatıb. 

***

9.14

Türkiyənin Elazığ Sivircə bölgəsində dünən axşam saatlarında baş vermiş və gücü Rixter şkalası ilə 6.8 Bala çatan zəlzələ nəticəsində ölənlərin və yaralananların sayı artır. Fövqəladə hallar və təcili yardım üzrə dövlət idarəsi olan AFAD-ın bu gün yanvarın 25-də səhər saatlarında yaydığı açıqlamaya əsasən ölənlərin sayı 19-a çatıb. Yaralıların sayı isə 922-dir. Bildirilir ki, Elazığda 15, Malatyada 4 nəfər ölüb. Lakin ölənlərin sayının daha da artacağı gözlənilir. Çünki Elazığda bir çox binalar uçub və dağıntılar altında azı 38 nəfərin qaldığı bildirilir.

Xilasedicilər dağıntılar altından bir neçə nəfəri sağ çıxara biliblər.

Xilasetmə işləri davam edir və ölkənin hər yerindən xilasedicilər Elazığa göndərilib. Afteşoklar davam etdiyindən sakinlərə zədəli binalara daxil olmamaq çağırışı edilir. Dünəndən etibarən episentrdə 150-dən çox afterşoklar qeydə alınıb. Bu zaman təkanların gücü 4.5 bala çatıb.

Prezident Rəcəb Tayyib Ərdoğan özünün Twitter hesabından bəyan edib ki, zəlzələ ilə bağlı bütün lazım olan tədbirlər görülür və AFAD, Qızıl Ay , Silahlı Qüvvələr başda olmaqla bütün strukturları ilə dövlət millətin yanındadır.

 

 

***

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu deyib.

O, qeyd edib ki, təbii fəlakət nəticəsində 553 nəfər xəsarət alıb. Nazir bildirib ki, Elazığda 13 nəfər, Malatyada isə 5 nəfər dünyasını dəyişib.

Ərazidə yeddi günlük fasiləsiz axtarış-xilasetmə işləri elan olunub.

 

 

**01:32

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Malatyada 6, Elazığda isə 8 nəfər dünyasını dəyişib. 200 nəfərdən çox xəsarət alan var.

**01:08

Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb, 225 nəfər yaralanıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Malatyada üç, Elazığda isə üç nəfər dünyasını dəyişib.

Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

**23:35(24.01.2020)

Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda baş verən güclü zəlzələ nəticəsində 4 nəfər ölüb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib. O, qeyd edib ki, zəlzələ nəticəsində 4-5 binada dağıntı olub, Malatyada iki, Elazığda iki nəfər ölüb.

Onun sözlərinə görə, Elazığın Mədən rayonunda 5 mərtəbəli yaşayış binası çöküb və yəqin ki, xəsarət alanlar var: "Həmin binada yaşayış olub. Xilasedicilər hadisə yerinə cəlb edilib. Dağıntı altında qalan insanları çıxarmağa çalışırlar. Bir nəfər sağ olaraq dağıntılar altından çıxarılıb. Ümid edirəm ki, çox itkimiz olmaz".

***22:23

Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda Rixter cədvəli ilə 6,8 bal gücündə zəlzələ baş verib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Yeraltı təkan yerli vaxtla saat 20.55-də qeydə alınıb. Təkanların ocağı yerin 6.75 kilometr dərinliyindədir. Təkan ətraf bölgələrdə də hiss olunub.

Dağıntı və tələfat barədə məlumat hələlik yoxdur.






Fikirlər