Karantin bitəndən sonra ilk işiniz nə olacaq? - ““Urraa!” deyib, qışqırmaq olacaq” - Fərqli CAVABLAR

Karantin müddəti ilə əlaqədar günümüzün əksər hissəsini evdə keçiririk. Məhdudiyyətlərə görə işlərimizdən, digər məşğuliyyətlərdən geri qalmışıq. Yəqin ki, karantin bitdikdən sonra hamımız ilk olaraq nə edəcəyimizi düşünmüşük.

Maraqlıdır, bəs tanınmış şəxslər karantin sonrası birinci hansı işi həyata keçirəcək?

Modern.az bu sualla müxtəlif sahələrdə tanınan şəxslərə müraciət edib:

 Dünya çempionu Eduard Məmmədov karantin bitən kimi bütün gününü idman zalında keçirəcək:

“Düzdür, hazırda ev şəraitində də məşq edirəm, amma karantin bitən kimi zalda məşq etmək istəyirəm, o mühit üçün çox darıxmışam. Bəlkə də karantin sonrası ilk gün zaldan çıxmayacam. Bilirəm ki, tələbələrim də mənim üçün, məşqlər üçün çox darıxır. Onlar arasında dünya və Avropa çempionları da var ki, mənimlə məşq etmək istəyirlər. Bundan başqa, karantin bitən kimi istəyirdim yarış keçirilsin, həm mən, həm də tələbələrim böyük uğur qazanaq. Amma indi karantindəyik, hamımız çalışırıq ki, evdən bayıra çıxmayaq. Çalışıram ki, həm valideynlərimə, həm tələbələrimə izah edim ki, indiki şəraitdə mütləq evdə qalmalıdırlar”.

Aktrisa və rəqqasə Oksana Rəsulova məhdudiyyətlər aradan qalxdıqdan sonra yaradıcılıq işləri ilə məşğul olmağı planlaşdırır:

“Yarımçıq qalan işlərim var ki, karantin bitəndən sonra onları tamamlamaq istəyirəm. Yaradıcılıq işləri ilə bağlı planlarım var ki, onları da məhdudiyyət aradan qaldırılsa, həyata keçirəcəm”.

 Jurnalist İradə İsak karantin sonrası ilk iş kimi valideynləri ilə görüşüb, Jurnalistika məktəbi ilə bağlı işlər görəcək:

“Yəqin ki, karantin bitən kimi anamgili görməyə gedəcəm. Onlar üçün çox darıxmışam, 1 aydır ki, görə bilmirəm. Videozənglə görüntülü danışıram, amma bu canlı olan görüşləri, istiliyi əvəz etmir. Bundan başqa, karantin sonrası Jurnalistika məktəbimlə məşğul olacam. Amma onu da deyim ki, evdə qalmaq da çox işimə yaradı. Görə bilmədiyim nə qədər iş var idi, hamısını gördüm”.

Deputat Məlahət İbrahimqızı seçiciləri ilə görüşməyi planlaşdırır:

“Karantin müddətində evdə qalmağa çalışırıq. Bu məhdudiyyətlər bitəndən sonra seçicilərimlə görüşmək arzusundayam. Bundan başqa, işimlə bağlı bəzi layihələrim də var ki, onları reallaşdıracam”.

Təhsil eksperti Kamran Əsədov deyir ki, karantin bitən kimi ilk işi şagird və tələbələri ilə oyun oynamaq olacaq:

“Mən 3 martdan demək olar ki, karantin rejimindəyəm. Baş verən hadisələr təkcə iş prosesimə yox, bütün həyat tərzimə təsirini göstərib. Hazırda şagird və tələbələrim üçün çox darıxmışam. Baxmayaraq ki, onlayn dərslər keçirik, hər gün ünsiyyət qururuq, amma virtual yox, real ünsiyyət istəyirəm. Şagirdlərim və tələbələrim məndən dəfələrlə mafiya oyunu oynamağı istəmişdilər. Söz verirəm ki, dərslər açılan kimi ilk işim onlarla bunu etmək olacaq. İlk dərs  gününü dərsə yox, söhbət, stress atmağa yönəldəcəm. Bir də oğlan şagird və tələbələrimi karantindən sonra futbol oynamağa aparacam”.

Musavat.com saytının baş redaktoru Xalid Kazımlının da karantin sonrası planları çoxdur:

“Bu karantin müddəti salamatlıqla bitsin, yoluxucu xəstəlik tamam çəkilsin, görüləcək işlər çoxdur. Bura qohum-əqrəbaya baş çəkmək, dəniz kənarında gəzmək, dostlarla yüngülvari ziyafət təşkil etmək, imkan olan yerdə bir neçə günlüyə ölkədən çıxmaq kimi işlər daxildir. Necə deyərlər, adi, asudə həyata qayıtmaq istərdik. Amma mən prinsipcə, hələ 3-4 ay da bu rejimdə yaşaya bilərəm. Təki salamatlıq olsun”

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca deyir ki, karantin müddəti bitəndən sonra da həyatında elə bir dəyişiklik olmayacaq:

“Karantin bitəndən sonra məndə elə bir dəyişiklik olmayacaq. Çünki adətən evdən işləyirəm. İndi də vaxtım  var ki, yazılarıma göz gəzdirim. Karantin müddətinin bitməsini daha çox gənclər gözləyir, səbirsizlənir. Onlara demək istəyirəm ki, bu da keçəcək, bitəcək, əsas odur ki, qaydalara əməl etsinlər. Ən azından evdən çıxmamaqla vicdan əzabı çəkməyəcəksən ki, kimisə xəstəliyə yoluxdurmadım, insanlıq göstərdim”.

İqtisadçı-ekpert Natiq Cəfərli karantin bitən kimi valideynlərinə sarılmaq istəyir:

“Karantindən sonra görmək istədiyim dostlar, yaxınlar var. Düzdür, indi internet çağıdır, videozənglər vasitəsilə danışırıq. Amma bu zənglər canlı görüşün yerini vermir. Valideynlərim yaşlı olduğu üçün arada-sırada gedib onlara bazarlıq edirəm. Amma təəssüf ki, bazarlığı da elə qapıdan verib qayıdıram. Qorxuram ki, yanlarına getsəm, evlərində olsam, onlar üçün təhlükə yaranar. Buna görə də hazırda ən böyük arzum valideynlərimə sarılmaq, doyunca söhbət etməkdir”.
Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza deyir ki, kabus bitən kimi bəlkə də ilk işi "urraa!" deyib qışqırmaq olacaq:

“İnsanlarımızı evə yığmaq üçün xeyli əziyyət çəkirlər. Güdəlik "çörəkpulu" düşünənləri anlamaq çətin deyil, dərd odur ki, dövlətin məvacib verib, "evdə qal" dediyi insanlar da ipə-sapa yatmır. Əksəriyyəti o insanlardır ki, dünyanın düz vaxtında işə getməkdən, dincələ bilməmək, evdə qalmamaq problemindən dad edirdilər. Hərdən düşünürəm ki, evə zor gücünə yığılanıarı, sonra çölə çıxarmaq da bu qədər çətin olsa, vay bizim halımıza. Kabus bitən kimi bəlkə də ilk işimiz "uraaa!" deyib, bağırmaq olacaq. Ya da çoxdandır həsrətində olduğumuz dostlarla bir araya gəlmək, qonaqlıq düzənləmək, sevdiyimiz insanlara bərk-bərk sarılmaq… İndidən demək çətindir. Təki tezliklə xalqımız bu bəladan qurtula. İndi dua etməkdən və səbirli olmaqdan başqa çarəmiz yoxdur. Ümid edirəm ki, bu çətin günlərdə ağıllı davranıb, canını qoruyanlarımızın sayı çox olacaq”.






Fikirlər