NEFT FONDU DOLLARA VƏ QIZILA KEÇİR - Fondun aktivləri ucuzlaşır, xərcləri artır, gəlirləri azalır...
Ticarət müharibələri, ABŞ-ın təzyiqi və nəhayət, yeni koronavirus dünya neft bazarını məhv etməklə təhdid edir. Hətta təsəvvür etmək çətindir, dünyadakı neftin demək olar ki, üçdə birinə tələbat yoxdur-onu alan tapılmır. Hər zaman neftin qiymətini aşağı salmağa səsləyən ABŞ rəhbərliyi bu gün təlaş içərisindədir - WTI Amerika neftinin çökməsi daha həssasdır. Bütün bunlar Azərbaycanda da öz əksini tapdı, Dövlət Neft Fondunun son hesabatından ( bu barədə dünən ətraflı məlumat vermişdik-red.) aydın görünür ki, burada qlobal neft bazarındakı dəyişikliklərin bütün nəticələri öz əksini güzgüdəki kimi tapır. Və biz bu barədə məlumat veririk ki, oxucular Fondun hansı şəraitdə təkcə büdcə sabitliyini təmin etdiyini yox, eyni zamanda xərclərini minimuma endirməyə çalışdığını aydın təsəvvür edə bilsinlər.
Tankerlər ağzınacan doludur, tələbat yoxdur Hesabat, açıq deyək, məyusedicidir. Bu ilin birinci rübünün sonunda Dövlət Neft Fondunun aktivləri 41 milyard 349,5 milyon dollar təşkil edib. Halbuki ötən ilin sonunda onlar 43 milyard 323.3 milyon dollar təşkil etmişdi. Beləliklə, Fondun aktivləri 2020-ci ilin ilk üç ayında 4,6% və ya demək olar ki, 2 milyard dollar azalıb. Fondun özündə belə azalma bir qədər, necə deyərlər, qurutəhər - "dövlət büdcəsinə transfertlərin daha yüksək həcmi və ARDNF-in investisiya dəyərində qısamüddətli dəyişikliklərin qeydə alınması" ilə izah olunur. Ancaq bu quru məlumatları rəqəmlərin və faktların dilinə çevirsək belə bir mənzərə alınır. Bu il müşahidə etdiyimiz neft qiymətlərinin kəskin enməsi Neft Fondunun vəziyyətinə təsir etməyə bilməzdi. Paralel olaraq, ölkənin valyuta bazarındakı vəziyyət pisləşd-dollara və digər xarici valyutaya tələb yenidən artmağa başladı. Və yalnız Dövlət Neft Fondu və Mərkəzi Bankın şəxsində hökumətin vaxtında müdaxiləsi, 5 il əvvəl olduğu kimi, valyuta bazarındakı ajiotajı səngitdi və panikanın genişlənməsinə imkan vermədi. Fond makroiqtisadi və maliyyə balansının qorunması üzrə icmal və dövlət büdcəsi qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsi funksiysını təmin etdi. Beləliklə, ARDNF valyuta bazarında artan tələbin təmin edilməsi üçün 2020-ci ilin yanvar-mart aylarında Mərkəzi Bankın valyuta hərracında 2 milyard 771,8 milyon dollar satdı. Bunun Fond üçün nə demək olduğunu anlamaq üçün yalnız bir şeyi qeyd edirik - bu əməliyyatlardan 4 milyard 712.1 milyon manat mənfəət əldə edildi. Xarici valyutanın satılması nəticəsində Dövlət Neft Fondunun birinci rübdə dövlət büdcəsinə köçürmələri 4 milyard 613 milyon manat təşkil edib. Yəni köçürmələrin həcmi təsdiq edilmiş plandan 1 milyard 793,5 milyon manat çox olub. Ola bilsin ki, hər qəpiyi hesablamağa öyrəşmiş hər hansı mühasib təxminən iki milyardlıq fərqdən dəhşətə gələrdi, ancaq valyuta bazarındakı vəziyyəti tarazlaşdırmağa məhz o kömək etdi, hansı ki, əks halda sadəcə partlaya bilərdi. Halbuki Neft Fondunun xərclərinin təkcə büdcəyə transfertlərlə əlaqəli olmadığını bilirik. Ümumilikdə Fondun rüblük xərcləri 4 milyard 697,8 milyon manat təşkil edib. Fondun xərcləri strukturunda qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılması üçün vəsait 60,9 milyon manat, Fondun idarə edilməsi üçün inzibati xərclər 5.9 milyon manat təşkil edib. Düzdür, bu xərclər əvvəlcədən nəzərdə tutulmuş səviyyədə qalıb, lakin artıq xərclər 1,8 milyard manata yaxınlaşmaqda davam edir.
Ancaq Fondun məzənnə fərqlərindən yaranan büdcədənkənar xərcləri də var. Aparıcı güclərin başlatdığı valyuta müharibələri fonunda əsas valyutaların dəyişkənliyinin nəticələri barədə isə dəfələrlə danışmışıq. Buna görə də kurs fərqindən xərclərin bir rüb ərzində 281,1 milyon manat təşkil etməsi təəccüblü deyil. Aktivlərə, əsasən Neft Fondunun sərmayə qoyduğu fond və daşınmaz əmlak bazarlarında çökməyə səbəb olan qlobal iqtisadi böhran da təsir edə bilmədi. Neft bazarındakı qısamüddətli dəyişikliklərlə əlaqədar ARDNF aktivlərinin yenidən qiymətləndirilməsindən əldə olunan mənfi fərqin 2 milyard 148,6 milyon manat olması da təsadüfi deyil. Fondun gəlirləri ilə bağlı vəziyyət daha pisdir. Rüb üçün xalis neftin bir barelinin qiymətinin ortalama 59 dollar olduğunu və büdcədəki dəyər səviyyəsindən çox fərqlənmədiyini qeyd etmək kifayətdir. Neft hasilatının həcmi də OPEC + ilə razılaşma çərçivəsində qəbul edilənlərə uyğun olaraq azalır. Buna görə mənfəətli neft və qaz satışından əldə olunan gəlirlər 2 milyard 997.9 milyon manat təşkil edib. Kiçik məbləğlər də daxil olub - tranzitdən 4.9 milyon manat, bonus ödənişlərindən - 767.8 milyon manat, gündəlik ödənişlərdən -1.5 milyon manat. Ancaq hətta gəlirin bütün həcmi (3.722.1 milyard manat) Fondun ümumi xərclərindən demək olar ki, bir milyard manat azdır. Bəli, Fond hər cəhətdən itirir - aktivlər ucuzlaşır, xərclər artır, gəlirlər azalır. Xarici bazardakı vəziyyət nəticəsində də itirir. Və bu itkilər yaxın gələcəkdə daha da artacaq - Neft Fondu və bütövlükdə hökumət qlobal bazardakı dəyişikliklərin heç bir hesablamasına cavab verməyən mürəkkəb geosiyasi tendensiyalarına ciddi təsir göstərmək gücündə deyil. Burada Fondun əməyini qiymətləndirməliyik – o, hətta bu cür mürəkkəb bir fonda belə qaçılmaz itkilərin qarşısını almaq üçün çox şeylər edir. Məsələn, investisiya portfelinin dəyəri demək olar ki, 2 milyard dollar azalıb. Baxmayaraq ki, aktivlərin böyük hissəsini (66%) daha az sabit digər valyutalar hesabına ABŞ dolları ilə yerləşdirmək lazım gəldi. İstiqrazların və pul bazarı alətlərinin payı (68,7%) dəyişməz olaraq qaldı, lakin səhmlərin payı 1,7% azalıb. Bundan əlavə, aşağı reytinqli alətlərin payının azalması səbəbindən AAA reytinq alətlərinin payı 58% (artım 15,2%) olub. Lakin daşınmaz əmlakın payı 5.8% -dən 6.1% -ə qədər, qızıl isə 11.4% -dən 12.8% -ə qədər artıb-məhz bu alətlər ənənəvi olaraq daha sabit hesab olunur. Bax, Dövlət Neft Fondunun böhranı azaltmaq üçün həyata keçirdiyi əsas tədbirlər bunlardır. (virtualaz.org)