Arif Hacılı Milli Şuradan danışdı – “Üzr istəməsələr...”

Arif Hacılı Milli Şuradan danışdı – “Üzr istəməsələr...”

Müsavat Partiyası və Milli Şura arasında gərginlik yaranıb. Yenisabah.az xəbər verir ki, buna səbəb Milli Şuranın videokonfrans formatında keçirilən iclasında qurumun üzvü Gültəkin Hacıbəylinin Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədovun lağlağı obyektinə çevrildiyini, Müsavat Partiyasının da REAL-ın taleyini yaşayacağını bildirib. 

O, eyni zamanda deyib ki, Müsavat AXCP sədri Əli Kərimlini müdafiə etməkdən yayınaraq Milli Şuranın üzvü, müsavatçı Tofiq Yaqublunu müdafiə etməklə riyakarlığa yol verib. Gültəkin Hacıbəyli Müsavatı siyasi mühacir alverində də günahlandırıb.

Milli Şuranın sədri Cəmil Həsənli isə İlqar Məmmədovun həm siyasətçi, həm də REAL sədri olaraq bitdiyini, REAL-dan fərqli olaraq heç nə əldə etməmiş Müsavat Partiyasının isə rüsvayçı duruma düşdüyünü vurğulayaraq, partiyanı bədbəxt adlandırıb.

Müsavat başqanı Arif Hacılı Yenisabah.az-a açıqlamasında bildirib ki, partiya üzvləri həm Cəmil Həsənlidən, həm də Gültəkin Hacıbəylidən üzr istəməyi tələb edirlər. Bununla belə, Arif Hacılı qeyd edib ki, bütün hallarda Müsavat Partiyasının baş verənlərlə bağlı açıqlaması olacaq: “Müsavat Partiyasının üzvləri Cəmil Həsənlidən, Gültəkin Hacıbəylidən və Milli Şuradan üzr istəməsini tələb ediblər. Amma bütün hallarda partiyamızın açıqlaması olacaq. Sadəcə, üzr istəsələr, açıqlama başqa, üzr istəməsələr isə başqa şəkildə olacaq”.

Arif Hacılı əlavə edib ki, baş verənləri ümumilikdə “pis hadisə” kimi qiymətləndirib. “Biz hazırda baş verənləri araşdırırıq. Ümid edirəm ki, onlar özləri yaxın vaxtlarda bu məsələyə aydınlıq gətirəcəklər”, - deyə partiya sədri vurğulayıb.






Fikirlər