Ramiz Mehdiyev və digər rəhbər şəxslər karantin qaydalarını belə POZDU — FOTOLAR
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Akademiyanın vitse-prezidenti, akademik İradə Hüseynovanı anadan olmasının 55 illiyi münasibətilə təbrik edib.
KONKRET.az AMEA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ramiz Mehdiyev tanınmış alimin Azərbaycanda molekulyar biologiya və botanika elminin inkişafındakı xidmətlərindən danışıb. Bildirib ki, akademik İradə Hüseynova Bilologiya və Tibb Elmləri Bölməsinə, o cümlədən Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutuna rəhbərlik etdiyi müddətdə bölməyə daxil olan elmi-tədqiqat institutlarının fəaliyyətinin genişləndirilməsi və beynəlxalq aləmə inteqrasiyası istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Ramiz Mehdiyev həmçinin akademik İ.Hüseynovanın rəhbərlik etdiyi bölmənin və onun tabeliyində olan institutların kollektivlərinin koronavirus pandemiyası dövründəki fəaliyyətini yüksək qiymətləndirib. Daha sonra AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev çıxış ediblər. Tədbirdə çıxış edən AMEA Rəyasət Heyətinin digər üzvləri – AMEA-nın vitse-prezidentləri, akademiklər Rasim Əliquliyev, Tofiq Nağıyev, Dilqəm Tağıyev, AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov akademik İradə Hüseynovanın elmi, pedaqoji və ictimai fəaliyyəti, eləcə də onun Azərbaycan elminin inkişafındakı xidmətləri barədə danışıblar. Sonda akademik İradə Hüseynovaya AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı təqdim olunub. P.S. Qeyd edək ki, ölkədə tətbiq olunan karantin qaydalarına görə insanlar arasında fiziki məsafə saxlanılmalı və tibbi maskalardan istifadə olunmalıdır. Lakin fotolardan da göründüyü kimi, AMEA rəhbərliyi bu qaydalardan heç birini nəzərə almayıb.