“Sevgilisi ilə meyiti bir neçə “sumka”da daşıyıb” - Ərini öldürən qadının qonşuları

 

““Sevgilisi ilə meyiti bir neçə “sumka”da daşıyıb” - Ərini öldürən qadının qonşuları

 

Bakıda bir neçə gün öncə arvadı və onun sevgilisi tərəfindən güllələnib sonra doğranan Kamran Mahmudovla bağlı mediada müxtəlif versiyada məlumatlar yazılır.

“Qafqazinfo” olaraq bu gün hadisənin baş verdiyi yerə baş çəkdik. İzmir küçəsində yaşayan Kamran və Lalənin qaldığı mənzil 27-ci Polis Bölməsinin 50-60 metrliyində yerləşir.

Cinayətin üstü açılandan sonra Kamranın öldürüldüyü və sahibi olduğu 55-ci mənzilin qapısı bağlı saxlanılır. Qonşularla söhbətimizdə bəlli oldu ki, təxminən 15 il öncə evlənən cütlük 8 ildir ki, bu mənzildə yaşayır. 
Kamranın qonşusu deyir ki, hadisənin üstü yaxınlıqdakı binanın təhlükəsizlik kamerasına baxışdan sonra açılıb: “Kamrangilin binasının qarşısında təzə 16 mərtəbəli “novostroyka” var. Həmin binanın kamerasında hər şey düşüb. Polis də ordan baxıb tapıb. Lalə ilə gəzdiyi oğlan rəhmətlik Kamranı bir neçə “sumka”da daşıyıblar. Oğlanın maşınını blokun qabağında saxlayıb onun meyitini balaca çantalara yığıb gətirib maşına qoyublar”.

Kamran Mahmudov uzun müddət Bakıda gül ticarəti ilə məşğul olub. Hadisədən əvvəl işi ilə əlaqədar Türkiyədə olub. Türkiyədən yeni qayıdan Kamran onu nəyin gözlədiyindən xəbərsiz olub.

Lalənin sevgilisi olmasını qonşular da əvvəldən bilib: “Laləni bütün “posyolka” tanıyırdı. Əvvəldən bu işlə məşğul idi. Kamran amma mərd oğlan idi, başıaşağı öz işi ilə məşğul idi. Kamran bu yaxınlarda Laləyə təzə “Hyundai” almışdı. O da indi bölmənin həyətindədir.

Lalə neçə gün idi bizə deyirdi ki, Kamran çıxıb gedib. Amma elə o vaxtdan Kamranın maşını binanın həyətində idi. O harasa getsə idi, maşını ilə gedərdi də”.

Lalə ilə Kamranın 15 illik evliliklərindən iki oğlanları olub. Böyük oğlan 13-14, balaca 8 yaşında olub: “Kiçiyinin qan xəstəliyi var idi. Yazıq Kamran bütün günü onun üstündə əsirdi, müalicəsinə nə qədər pul xərcləmişdi”.

Kamranın qohumlarının “Qafqazinfo” verdiyi məlumata görə, hazırda uşaqlar müvəqqəti olaraq Lalənin qardaşıgildə qalır: “Hələlik ordadılar, ara sakitləşsin gedib gətirəcəyik”.

Kamran Mahmudovun dünən Əhmədli qəsəbəsində yas mərasimi keçirilib.

Bakı şəhər Baş Polis İdarəsinin yaydığı məlumata görə, Yasamal rayon sakini, 1976-cı il təvəllüdlü Kamran Mahmudovun 26 sentyabr 2015-ci il tarixdən itkin düşməsi barədə hüquq mühafizə orqanlarına daxil olmuş məlumat əsasında həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, həmin tarixdə saat 03 radələrində Bakı şəhər sakini Sədi Məmmədov tanışı Lalə Mahmudova ilə qabaqcadan əlbir olub əri K.Mahmudovu öldürmək məqsədi ilə sonuncuların yaşadığı mənzilə gəlib. S.Məmmədov K.Mahmudovun yatmış vəziyyətdə olmasından istifadə edərək özü ilə gətirdiyi odlu silahdan onun bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə atəş açaraq qəsdən öldürüb və meyiti L.Mahmudova ilə birlikdə bıçaqla hissələrə bölərək özünə məxsus “BMW” markalı avtomobillə İsmayıllı rayonunda qardaşı Əli Məmmədova məxsus bağ evinin həyətində basdırıblar.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. K.Mahmudovun meyiti qeyd olunan ərazidə aşkar edilərək çıxarılmış, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş, cinayətin aləti olan odlu silah və 12 ədəd güllə maddi sübut kimi götürülüb.

Cinayətin S.Məmmədov və L.Mahmudova tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından onlar tutularaq istintaqa cəlb olunublar.






Fikirlər