Şoyqunun YALANLARI və ona şərik olanlar,KİMƏ XİDMƏT EDİRSİNİZ?? - İlham İsmayıl yazır...

Şoyqunun yalanları və ona şərik olanlar, kimə xidmət edirsiniz ...

Rusiya Federasiyası müdafiə naziri Sergey Şoyqunun Bakı səfəri başa çatdı. Üzdə danışılanlarıdan hamı xəbər tutdu, arxa planda hansı məsələlər müzakirə edildisə həmişəki kimi yalnız ehtimallar və çox vaxt yanlış olan nəticələr çıxarıldı. 
KİV-ə məlum olmayan söhbətlərdən “təbliğatçı media” özü üçün növbəti uğurdan, düşmənin “panikada” olduğundan yazır və yazacaq. Amma, nə qədər gizlinlər olsa da Şoyqunun bizi aldatdığı çox açıq göründü. RF MN nazirinin açıqlamasından məlum oldu ki, Rusiya Ermənistana Tovuz döyüşləri zamanı silah deyil, tikinti materialı və çağırışçıları daşıyıb.  
Ermənistanın aparıcı hərbi-texniki tərəfdaşının Rusiya olduğu, bəzi sahələrdə isə yeganə tərəfdaşı olduğu gizli məsələ deyil. Hər iki tərəf bunu fəxrlə deməkdən çəkinmir. Şoyqunun bu izahatı heç inandırıcı deyil. 102 – ci briqadanın yenidən qurulması məhz Tovuz döyüşləri günlərinə təsadüf etmişdi və belə çıxır ki, hərbi-yük təyyarələri taxta - şalban daşıyırmış, ya da sement-qum. Ikincisi, təyyarələr tikinti materialı daşıyırsa niyə Gürcüstanın üzərindən uçmağı Gürcüstan dövləti icazə verməyib. Axı, həmin vaxt məlumat yayıldı ki, məhz silah-sursat daşıdığına görə Gürcüstan hava məkanından istifadəyə  icazə verməmişdi. Və aldadıcı manevrlər edərək Qazaxıstan, Türkmənistan, İran üzərindən uçuşlar həyata keçirilib. Taxta-şalban daşımaq üçün bu qədərmi manevr edilir?  
 
Rusiya müdafiə naziri daha bir yalan danışdı. O dedi ki, bizim Ermənistana gətirdiyimiz silahlar Azərbaycana qarşı yönəlməyib. Sovet dövründə məlum idi ki, Ermənistana gətirilən silah Türkiyəyə, NATO-ya qarşı yönəlib. İndi başqa zamandır və Ermənistana verilən, hədiyyə olunan silahların Azərbaycana tuşlandığı, Azərbaycana qarşı istifadə edildiyi danılmaz faktdır. Elə “İsgəndər” raket-kompleksinin heç bir dövlətə yox, məhz Ermənistana verilməsi və mətbuat konfransında jurnalistlərin Serj Sarkisyandan  aprel döyüşlərində nədən həmin raketlərdən istifadə olunmadığını sual etməsi dediklərimizi sübut edir.
Məhz Tovuz döyüşlərində Rusiya hərbi-yük təyyarələrinin silah çatdırması həqiqət olduğuna görə Şoyqu xüsusi cəhdlə bunu inkar etməyə çalışdı, amma faktlar ayrı şeyi deyir. 
 
Xatırladaq ki, ötən il Ermənistan görünməmiş miqdarda Rusiyadan silah və döyüş sursatı əldə edib: çoxfunksiyalı Su-30SM qırıcıları, TOR-M2KM, Osa-AK zenit-raket sistemləri, digər silah və hərbi texnika. Məlumatlar Ermənistan hökumətinin 2019-cu il üçün proqramının gedişi və nəticələri barədə hesabatdan götürülüb. Rəsmi məlumata görə, Ermənistan Silahlı Qüvvələri Rusiyadan verilən artilleriya, zenit silahları, silah-sursat, yüzlərlə maşınlarla təchiz olunub. Son 5 ildə Ermənistan tərəfindən silah idxalı demək olar ki, hamısı Rusiyadan edilib. Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 9 mart 2020-ci il tarixli hesabatında bildirilib. Buna sözünüz  nədir, cənab Şoyqu?
İki gün əvvəl Ermənistan müdafiə naziri David Tonoyanla Sergey Şoyqunun görüşündə xüsusi vurğulandı ki, Ermənistanla Rusiyanın hərbi-texniki əməkdaşlığının səviyyəsi ikinci bir dövlətlə müqayisə oluna bilməz.
Baxın, Tonoyan həmin görüşdən sonra “Zvezda” hərbi telekanalına müsahibəsində nə deyir: 
Əvvəlki illərdən fərqli olaraq indi aramızda yaxşı dinamik münasibətlər var. Ermənistan Rusiya Federasiyasının silah bazasında olan ən müasir və modernləşmiş siahları alır. Biz çalışırıq geri qalmayaq. Ona görə ki, bizim demək olar ki, eyni rəqiblərimiz var”.  
Tonoyan düz deyir. Ermənistanın rəqibləri məlumdur - Azərbaycan, Türkiyə.  Tonoyanın məntiqi ilə bu iki dövlət həm də Rusiyanın rəqibləridir. 
Bu yenilik deyil, sadəcə başımızı qatmaqdır. 27 ildir ki, görünən dağlara  yalançı bələdçilik bizi torpaqlarımızı işğaldan azad edə bilməmək həddinə çatdırıb. Şoyquların yalanlarını toy-bayram edənlər bilsinlər ki, bu yalana şərik olmaqla işğalın ömrünü uzatmağa xidmət edirlər.
 
İlham İsmayıl.






Fikirlər