Əfsanəvi partizanın oğlu Fransaya ETİRAZ ETDİ: “Bu nankorluqdur!”
İkinci Dünya Müharibəsinin azərbaycanlı qəhrəmanı, əfsanəvi partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri Əhmədiyyə Cəbrayılovun ailəsi Fransaya etiraz edib. Bu barədə Modern.az-a Ə.Cəbrayılovun oğlu Cavanşir Cəbrayılov məlumat verib. O qeyd edib ki, etirazın səbəbi Fransa dövlətinin Azərbaycanın ərazi bütövlüyünə qarşı atdığı addımlar, tutduğu mövqedir: “Mən özüm şəxsən Fransa səfirliyinə etiraz məktubu ünvanladım. Fransanın Qarabaöda gedən 44 günlük müharibənin başından bəri tutduğu mövqe bizi çox narahat edirdi. Fransa Senatının Azərbaycana qarşı qətnaməsi isə səbrimizi sınayan son addım oldu. Bu dövlətin bizim haqq mübarizəmizə qarşı münasibəti mənə həqiqətən çox təsir etdi. Axı mənim atam - Əhmədiyyə Cəbrayılov və onun kimi onlarla azərbaycanlı qəhrəmanımız Fransız xalqının azadlığı, təhlükəsizliyi uğrunda vuruşublar. Məktubda da bunu qeyd etdim. Bildirdim ki, “məhz fransız xalqına bir daha müraciət edirəm ki, sizin azadlığınız üçün atam kimi azərbaycanlılar alman faşizminə qarşı vuruşublar. Bütün bu fədakarlığı gözdən çıxarıb, mənfur erməniləri necə dəstəkləyə bilirsiniz? İkinci Dünya Müharibəsində azərbaycanlılar Fransa uğrunda vuruşmasaydılar, bu gün siz azad ölkədə yaşamazdınız. Bu gün sizin Azərbaycana qarşı hərəkətləriniz həmin azərbaycanlıların ruhunu incitməkdir”. C.Cəbrayılov qeyd edib ki, məktubuna Fransa səfirliyindən hələlik bir cavab verilməyib: “Onlar mənim atamın ruhunu incidiblər. Bu mənə çox pis təsir edib. Ona görə, biz varislərin təşəbbüsü nəzərə alınana qədər mən yazmağa davam edəcəyəm. Hara lazımdırsa, ora yazacağam. Qoy Fransa hökuməti olmasa belə, fransız xalqı gerçəkləri xatırlasın. Onlar üçün kimin döyüşdüyünü yadına salsın. Belə nankorluq olmamalıdır. Fransız xalqı üçün döyüşən biz, azərbaycanlılar, Fransanın müdafiə etdiyi isə ermənilər… Bu ədalətsizlikdir. Fransanın Azərbaycandakı səfrinin qəbuluna gedib, məsələni ona çatdırmaq fikrim də var. Buna imkanım olmasa belə, əlimə düşən hər bir fürsətdə Fransanın mövqeyi barədə etirazımızı onlara və dünyaya çatdırmağa hazıram. 1990-cı ildə atam Fransadan qayıdanda qardaşımın şəhid olduğunu öyrəndi. O, bu hadisəni çox ciddi araşdırmışdı və bildi ki, qardaşımı elə məhz fransadan gələn ermənilər öldürüblər. O zaman atama bu hadisə çox pis təsir etdi”. Qəhrəmanın varisi fikrini görkəmli siyasi xadim Heydər Əliyevin sözləri ilə tamamlayıb: “Ulu öndərimizin də dediyi kimi, mən fəıxr edirəm ki, azərbaycanlıyam. Biz həmişə Azərbaycanın azadlığı uğrunda döyüşmüşük. Mənim böyük və kiçik qardaşım Qarabağda döyüşüblər. Övladlarım Vətən keşiyində xidmətdədirlər. Özüm də həmişə Azərbaycanım üçün xidmətə hazıram. Bunu cəbhədə, qələmdə, mətbuatda – hər vasitə ilə göstərməyə hazıram”.