15 IYUL Türkiyənin yeni Zəfər tarixidir...
Dünya tarixində bəlkə də ilk dəfə bir xalq bütün dini, siyasi mənsubiyyətindən asılı olmayaraq çevrilişə cəhdi birlikdə dəf etdi 15 iyul 2016-cı ildə qardaş Türkiyədə FETO-çu terror təşkilatının dövlət çevrilişinə cəhdinin qarşısının alınması türk xalqının əsl fədakarlığı idi. Dünya tarixində bəlkə də ilk dəfə bir xalq bütün dini, və siyasi mənsubiyyətindən asılı olmayaraq çevrilişə cəhdi birlikdə dəf etdi. Dövlətin tankını, tüfəngini vətəndaşına tuşlayan, dövlətin döyüş təyyarələri ilə vətəndaşını bombalayan hərbi forma geyiminə bürünmüş xainlər qarşısında əsl fədakar vətəndaşları gördülər. 15 İyul gecəsi Türkiyə xalqı bir dastan yazdı. Xalq «Mənim Vətənimə, bayrağıma, səsimlə seçilən dövlət başçısına, Məclisimə və seçdiyim üzvlərinə, birlik və bütövlüyümə, dini inancıma, həyat tərzimə əl uzada bilməz!» dedi. Terrorçuların çevriliş cəhdinə dirəniş göstərən 208 Vətən övladı canından oldu. Qeyd edək ki, xəyanətkar qruplaşmanın iyulun 16-da erkən saatlarına planlaşdırdığı mənfur cəhdi deşifrə olunmuşdu. Bununla da onlar alçaq planlarını iyulun 15-i axşam saatlarında həyata keçirtməyə çalışdılar. Onların hərəkəti planlaşdırdıqları kimi baş tutsaydı Türkiyə xalqı böyük fəlakətə uğrayacaqdı. Xain plandan vaxtında xəbər tutan dövlət başçısı Rəcəb Tayyib Ərdoğan vətəndaşlara səsləndi. Onun çağrışı ilə xalq ölkənin dörd bir yanında küçələrə axın etdi və çevrilişə cəhdə imkan vermədi. Çevriliş cəhdi necə deşifrə oldu? Dövlət çevrilişinə cəhdlə bağlı ilk əlamətlər iyulun 15-də axşam saatlarında Ankarada yerləşən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında özünü göstərdi. Baş Qərargahda silah səsləri eşidildi və bir helikopterdən çöldə olanlara atəş açıldı. Ankara səmalarında qırıcı təyyarə, F16-lar saatlarla alçaqdan uçuş etdi. Qırıcılar və hərbi vertolyotlardan bir sıra dövlət binasına atəş açıldı, bəzi nöqtələr bombalandı, xalqın üzərinə tanklar sürüldü. Türkiyə Böyük Millət Məclisi, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı, Milli Kəşfiyyat İdarəsi, Ankara Təhlükəsizlik Müdirliyi və Polis Xüsusi Hərəkatı Mərkəzi saatlarla bombardmana məruz qaldı. Baş Qərargah rəisi, general Hulusi Akar çevrilişə cəhd edən bir qrup xəyanətkar tərəfindən girov götürüldü. Kağız üzərində «hərbi vəziyyət qərarı» mətnini imzalamağı rədd edən Hulisi Akarın boğazı kəmərlə sıxıldı. Bu zaman isə bildiriş mətni Türkiyə Silahlı Qüvvələrinin rəsmi internet saytında yerləşdirildi. Bildirişdə ordunun hakimiyyəti ələ keçirdiyinə dair məlumat yer alırdı. Eyni saatlarda İstanbulda Boğaziçi və Fateh Sultan Mehmet körpülərində hərəkət, Atatürk Hava limanına keçid bir qrup əsgər tərəfindən bağlanıldı. TRT kanalı bir qrup əsgər tərəfindən işğal edildi. Terrorçular silah gücünə TRT-yə daxil olaraq nöbədə olan əməkdaşları təhdid etdi. Qrup öncədən hazırlanan mətni silah gücü ilə canlı yayımda oxutdurdu. Lakin Türkiyədə yüz minlərlə vətəndaş əllərində dövlət bayrağı küçəyə çıxaraq hərbi çevrilişə cəhd edənlərə əks təsir göstərməyə başladı. Əsl komandirlər çevirilişə cəhd edən xəyanətkarlara «hərbi hissələrinizə dönün» çağırışını etdi. Xalqın da dəstəyi ilə TRT-dəki çevirilişə cəhd edənlər nəzarətə alındı, kimisi isə arxasına baxmadan qaçdı. Qısa müddət ərzində televiziyanın yayını bərpa olundu. Milli Kəşfiyyat İdarəsi bir müddətdən sonra bir qrupun hərbi çevrilişə cəhdinin qarşısının alındığını açıqladı. Səhərə kimi heç bir xəbər olmayan TSK Baş Qərargah rəisi, general Hulusi Akar xüsusi əməliyyat nəticəsində xilas edildi. Türkiyə Silahlı Qüvvələrində yer almağı bacaran terrorçu FETO üzvlərinin hərbi çevrilişə cəhdi xalqın da dəstəyi ilə təxminən 22 saat ərzində nəzarət altına alındı. Geridə qəti olaraq iki şey qaldı. Birincisi, xalqın iradəsinə qarşı gəlinməsinə əsla icazə verilməyəcəyi. İkincisi, vətəndaşını və onun Məclisini bombalayanların «Türk əsgəri» adını daşıya bilməyəcəyi! Türklər dövlətlərinə və dövlətçilik ənənələrinə sadiq qalan millətdir Bəli, məhz qardaş Türkiyədə FETO-çu terror təşkilatının dövlət çevrilişinə cəhdinin qarşısının alınması türk xalqının əsl fədakarlığı idi. Ümumiyyətlə, türklər həmişə dövlətlərinə və dövlətçilik ənənələrinə sadiq olublar. Ona görə də 15 iyulda qardaş ölkə daha bir tarixi sınaqdan üzüağ, alnıaçıq çıxdı. Düzdür, xainlər, vətən düşmənləri bu çevrilişə cəhddə yüzlərlə dinc sakinin, fədakar insanın ölümünə səbəb olsalar da, ancaq xain və rəzil niyyətlərinə çata bilmədilər. O günlərdə biz də Azərbaycan xalqı və dövləti olaraq qardaşlarımıza dəstək olduq, çevriliş cəhdini nəinki pislədik, hətta Türkiyə Cümhuriyyətinin müdafiəsi üçün səfərbər olduq. 15 iyul Türkiyə demokratiyası üçün böyük imtahan idi. Türk millətinin bu imtahandan üzüağ çıxdığı üçün qürur duyuruq. Türkiyədə partiya mənsubiyyətindən asılı olmayaraq hamı demokratiya naminə birləşdi. Türk xalqı həmin ağır günlərdə əsl qəhrəmanlıq dastanı yazdı. Məhz bu qəhrəmanlıqlar və fədakarlıqların nəticəsidir ki, hazırda inkişaf edən dünyanın 20 ən güclü ölkəsindən biri olan Türkiyə Cümhuriyyəti mövcuddur və onunla hesablaşırlar. Eyni zamanda, həmin qarışıq və ağır dönəmdə Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkiyə Cümhuriyyətinə mənəvi və siyasi dəstək verməklə qardaş ölkənin FETO-çu terrorçularla qətiyyətli mübarizəsi üçün köməyini əsirgəmədi. Bir sözlə, o ağır günlərdə iki ölkənin qardaşlığı yenidən ən çətin sınaqlardan mətinliklə çıxdı. Məhz belə ağır gündə ulu öndər Heydər Əliyevin müdrikliklə dediyi «Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir» sözü özünün həqiqi təsdiqini tapmış oldu. 15 iyul Zəfərini fədakarcasına qazanan şanlı Türkiyə Cümhuriyyətinə bundan sonra da zaval yoxdur 15 iyul gecəsi 2016-cı il qardaş Türkiyə Cümhuriyyəti üçün şərəfli bir tarixdir. Belə bir tarixi fədakarcasına yaradan böyük türk xalqına və Türkiyə Cümhuriyyətinə bundan sonra da zaval yoxdur. İyulun 15-də Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib. Məktubda deyilir: «Türkiyə dövlətinə qarşı yönəlmiş bu xəyanəti yalnız Sizin böyük fədakarlığınız və qardaş xalqınızın Sizin ətrafınızda sıx birləşməsi sayəsində önləmək mümkün olmuşdur. Milli birlik və həmrəyliyin, qətiyyətli liderliyin və güclü iradənin təntənəsi olan bu möhtəşəm qələbə Türkiyə xalqının yaddaşında əbədi olaraq qalacaqdır. Şübhəsiz, Türkiyə Respublikası bu çətin sınaqdan daha da güclənərək çıxmışdır. Son illər ərzində Sizin müdrik rəhbərliyiniz altında qardaş ölkənizin siyasi, iqtisadi, hərbi və digər sahələrdə əldə etdiyi nailiyyətlər Türkiyə dövlətçiliyi üçün “Demokratiya və Milli Birlik Günü”»nün əhəmiyyətini bir daha vurğulayır. Azərbaycan xalqı və dövləti bu xəyanətkar dövlət çevrilişi cəhdini ilk dəqiqələrdən ən qəti şəkildə pisləyərək birmənalı mövqeyini ortaya qoymuşdur. Türkiyə bütün məsələlərdə Azərbaycanı dəstəklədiyi kimi, Azərbaycan da hər zaman Türkiyənin yanındadır.» Qardaş Türkiyə dünyəvi dövlətdir. Lakin dini inanclara da bu ölkədə böyük ehtiram və sayğı vardır. Lakin din əsla siyasətə alət olmamalıdır. Türk milləti bu istiqamətdə çox müdrikcəsinə davrandı və dövlətçiliyini qorumaqla bütün dünyaya mesaj verdi ki, onlar üçün demokratik dəyərlər, ədalətli cəmiyyət hər şeydən öncə gəlir. Ona görə də türk xalqı seçdiyi hakimiyyəti qorumaqla demokratik inkişafa yeni töhfələr verdi. Elçin Zaman, «İki sahil»