ŞƏHİD Xanımı: “Kiminsə payından kəsərək şəhid ailəsinə vermək ...” ...
"Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, şəhid polkovnik Raquf Orucovun xanımı Sevinc Orucova Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün inşa olunan üçüncü binadakı mənzillərin şəhid ailələrinə, qazilərə verilməsi təklifinə və bu haqda sosial şəbəkələrdə gedən müzakirələrə münasibət bildirib. Modern.az-a açıqlama verən Sevinc Orucova deyib ki, şəhid mövzusu həssas olduğundan bu barədə təklif irəli sürərkən, fikir bildirərkən diqqətli olmaq, dərin düşünmək lazımdır: “Şəhid adına təklif edəndə, şəhid ailəsi üçün nə isə etmək istəyəndə dərin düşünməlidirlər ki, kimdən nəyi alıb, kimə bəxş edirik. Müzakirə başlayan ilk gündən bildirdim ki, şəhid ailələrinə, qazilərə belə yanaşmayın. Bu nə bizim, nə də sizin haqqınızdır. Həssas təbəqəyə aid olan ailələrə xüsusi diqqət olmalıdır, sözsüz. Amma kiminsə payından kəsərək, şəhid ailəsinə vermək, məncə, düzgün deyil. Hələ dekabr ayının əvvəlində Prezidentin tapşırığı ilə məcburi köçkünlər üçün nəzərdə tutulan mənzillər şəhid ailələrinə ayrıldı. Bakıda belə evlər kifayət qədərdir. Bakıda ayrılan evlər yalnız paytaxt qeydiyyatında yaşayan şəxslər üçün nəzərdə tutula bilər”. Sevinc Orucova şəhid ailələrinin bir binada məskunlaşması fikri ilə razılaşmadığını vurğulayıb: “Körpə və ya xəstələrin, davamlı müalicə alan uşaqların olduğu şəhid ailələri də var. Şəhid xanımları təkbaşına uzaq bir yerdən uşağını müalicəyə aparıb, gətirə bilməyəcək. Metrolara yaxın, şəhərə yaxın yerlərdə onlara mənzil ayrılsa, daha rahat olardı. Xüsusilə, hamını bir yerə yığmaqla deyil, adi, sıravi qonşuların əhatəsində yerləşdirmək daha düzgündür. Bakıda böyük maqnatların şəhərin mərkəzi hissələrinə yaxın yerlərində kifayət qədər boş mənzilləri var. Onlardan ayrıla bilər”. Qeyd edək ki, ötən gün bir qrup media və QHT nümayəndəsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. Ölkə başçısına müraciət edən şəxslər jurnalistlər üçün inşa olunan üçüncü binadakı mənzillərin torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin ailələrinə və qazilərə verilməsini xahiş ediblər.