Kapitulyasiyadan özünüifşaya - Bakı İrəvanı həm ordusuz, həm də arqumentsiz qoyub!
“Suda boğulan saman çöpündən yapışar”. Kapitulyant Ermənistan da imza atdığı 10 noyabr üçtərəfli sazişi 9 aydır təftiş eləməyə, orada özünə sərfəli cümlələr tapmağa çalışır. Belə ki, məğlub ölkənin aylardır başsız qalan XİN-inin yaydığı sonuncu bəyanatda iddia olunur ki, guya sənəddə erməni silahlı qüvvələrinin yalnız “Dağlıq Qarabağa bitişik ərazilərdən çıxması” öhdəliyi əks olunub. Bunu da Ermənistan XİN-i ilk bənddəki “tərəflər tutduqları mövqelərdə dayanır” fikri ilə əsaslandırmağa səy edib. Guya Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində qalan ərazilərimizdə “artsax özünümüdafiə ordusu”nun tərk-silah olunmasından söhbət gedə bilməz. Azərbaycan XİN-in Mətbuat xidmətinin cavab bəyanatı bu “arqumentləri” darmadağın edir. Sitat: “Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, üçtərəfli bəyanatın 1-ci maddəsində ”tam atəşkəsin və münaqişə zonasında bütün hərbi əməliyyatların 10 noyabr 2020-ci il Moskva vaxtı ilə 00:00-dan etibarən dayandırılması" elan edilir, o cümlədən Azərbaycan Respublikası ilə Ermənistan Respublikası “tutduqları mövqelərində dayanırlar” qeyd olunur. “Dayanmaq” sözü bu və ya digər kontekstdə “qalmaq” mənasını vermir. Bu həm müqavilənin tərtib olunduğu rus dilinə, həm də digər dillərə aiddir. Bundan əlavə, üçtərəfli bəyanatın 3-cü bəndində Rusiya sülhməramlı qüvvələrinin yerləşmə ərazisi “Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyu” olaraq müəyyən edilib. Bəyanatın 4-cü bəndində isə xüsusilə qeyd edilir ki, “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq yerləşdirilir”. *****
Bəllidir ki, Rusiya sülhməramlı kontingenti çoxdan Qarabağda yerləşib. Bəs buna paralel erməni silahlı qüvvələri oradan çıxarılıbmı? Təəssüf ki, yox. Demək, 4-cü bənd icra olunmamış qalır. Demək ki, “Dəmir yumruğa” yenə ehtiyac yarana bilər, əgər Rusiya quldurların varlığına göz yummağa davam edərsə. “Beləliklə, 3 tərəfin imzaladığı 10 noyabr bəyanatının razılaşdırılmış ifadələri, açıq şəkildə erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını qeyd edir və heç bir şəkildə hərbi qulluqçuların yerdəyişməsi və yerləşdirilməsini nəzərdə tutmur. Üçtərəfli bəyanatın əsas müddəalarını cəfəng şəkildə şərh etmək cəhdləri, erməni tərəfinin bu ölkə tərəfindən 10 noyabr 2020-ci ildə imzalanan sənədin mahiyyətini tam dərk etmədiyi və ya əvvəldən onun tələblərinə tam riayət etmək niyyətində olmadığını göstərir. Belə bir davranış bu ölkənin destruktiv mövqeyinin növbəti bariz nümunəsidir. Beynəlxalq ictimaiyyət erməni tərəfinin beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, beynəlxalq təşkilatların qərarlarına və üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi təcrübəsinə yaxşı bələddir. Bu baxımdan Ermənistanın BMT TŞ-nin 1993-cü il tarixli dörd qətnaməsinin tələblərini yerinə yetirməkdən imtina etməsini xatırlatmaq kifayətdir. Bu destruktiv yanaşma regionda uzun müddətdir gözlənilən sülh və təhlükəsizliyin təmin edilməsi kontekstində hər hansı bir perspektivdən məhrumdur”.
Son sitat da Azərbaycan XİN-in bəyanatındandır. Rəsmi Bakı bununla həmçinin dünya birliyini xəbərdar edir ki, Ermənistan yenə odla oynayır və ona qarşı növbəti sülhə məcburetmə əməliyyatı keçirilə bilər. ***** Ermənistanın sülhə meyilli olmadığını isə onun ac-yalavac xalqı haqda düşünmək əvəzinə özünə yeni ordu qurmaq planları da təsdiqləyir. Eməni müdafiə nazirinin Moskvaya intensivləşən səfərlərindən bunu aydın görmək mümkündür. Axırıncı Moskva səfəri zamanı isə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ermənistan müdafiə naziri Arşak Karapetyana Rusiyanın erməni ordusunun təzədən qurulmasına kömək edəcəyini söylədi. Amma nəylə, necə, hansı vəsait hesabına? Rusiyalı hərbi ekspert Aleksey Xlopotiv yeni erməni ordusunun tezliklə qurulmasını utopiya hesab edir. “Yeni Müsavat”ın məlumatına görə, Minval.az-a açıqlamasında ekspert deyib: “Hər kəsə aydındır ki, Qarabağdakı 44 günlük müharibədə erməni ordusu tamamilə darmadağın edilib. Həmin orduda hansı islahat və modernləşmədən danışmaq olar? Yalnız bərpa işinə qlobal yardımdan və ya hətta deyərdim, Ermənistanın dövlət olaraq xilasından danışmaq olar”.
Aleksey Xlopotiv Onun sözlərinə görə, hazırda Rusiya üçün həqiqətən çox çətindir. “Moskva indi Qərb ölkələrinin güclü təzyiqi altındadır. Daxildə iqtisadiyyatdakı böhranlı vəziyyətinin dərinləşməsi ilə əlaqədar gərginlik təzədən sürətlə artır. Odur ki, Kremlə heç bir münaqişə gərək deyil. Üstəlik, onsuz da əlavə maliyyə mənbələri yoxdur. Bəli, Ermənistan hansısa köməyə, dəstəyə arxalana bilər, amma bu məsələdə Rusiyadan çox şey də gözləmək olmaz. Ermənistan ordusunun yenidən qurulması prosesi son dərəcə ləng gedəcək və bütünlüklə onun iqtisadiyyatının vəziyyətindən asılı olacaq. Bu sahədə isə mən perspektiv gözləmirəm. Bu mənada Ermənistanın öz hərbi potensialının sürətlə bərpasından yana Bakının ehtiyatlanmasına lüzum yoxdur”. ***** “Azərbaycan Rusiya və İranla bağlı son iki rəsmi bəyanatı ilə öz suveren ərazisi üzərində beynəlxalq səviyyədə tanınmış hüquqlarından sərbəst şəkildə necə istifadə etdiyini göstərdi”. Bunu isə amerikalı siyasi ekspert Endryu Koribko söyləyib (Axar.az). “Birinci bəyanatla əlaqədar İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı və səfir vasitəsilə İrana nota göndərildi. Səfir də öz növbəsində görüş zamanı bu hadisələrin qarşısını almaq üçün praktiki addımların atılacağını vəd edib. İkincisinə gəldikdə isə bu bəyanatla bağlı hələ heç bir irəliləyişə nail olunmayıb, halbuki Rusiya sülhməramlılarının öz nəzarətlərində olan ərazidəki erməni qüvvələrinin Moskvanın vasitəçiliyi ilə noyabr ayında imzalanan bəyanata əməl etmələrini təmin etmək kimi bir öhdəliyi var”, - təhlilçi xatırladıb. Bununla belə, onun qənaətincə, Rusiya Azərbaycanla münasibətləri pisləşdirməmək və digər tərəfdaşları tərəfindən etimadsızlığa uğramamaq üçün sülhməramlı olaraq neytral nüfuzunu qorumalı olduğunu başa düşdüyündən bu tələyə düşməyəcək. “İrəvanın KTMT-də Rusiyanın rəsmi müttəfiqi statusunda qalması Rusiyanı çətin vəziyyətə salır. Ümid edirik ki, Kreml onların gizli məqsədlərini nəzərə alacaq və regional sülhün qorunması naminə Ermənistanla bağlı siyasətini yenidən qiymətləndirəcək”, - deyə o əlavə edib. Rusiyanın öz siyasətini “yenidən qiymətləndirmə”si isə İrəvan rəsmilərini ağla gətirməkdən, onlara götürdükləri yazılı öhdəliklərə əməl edib beynəlxalq hüquqa sayğılı olmağı öyrətməkdən, əks halda, simvolik dövlətçiliklərini də həmişəlik itirə biləcəklərini “başa salmaqdan” keçir.... /“Yeni Müsavat” Rusiya Qarabağda yeni müharibə istəmirsə, ərazimizdə bircə erməni qulduru da qalmamalıdır; “Hazırda Ermənistanın ordusunun yox, özünün dövlət kimi xilası gündəmdədir...”