HƏSƏNOV-SƏFƏRLİ CÜTLÜYÜ HƏR TƏDBİRDƏN NƏ QƏDƏR QAZANIB?

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilir.

Qeyd edək ki, Vüqar Səfərli ilə birlikdə Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyev də hakim önünə çıxarılır.

Təqsirləndirilən şəxslərdən yalnız Nadir Məmmədov və Vüqar Səfərli barəsində həbs qətimkan tədbiri seçilib. Musavat.com Vüqar Səfərliyə qarşı irəli sürülmüş ittihamlar üzrə yeni təfərrüatları əldə edib.

İstintaq orqanı araşdırıb ki, Fond tərəfindən keçirilən tədbirlər üçün zəruri ləvazimatların alınması üçün “M-Finance” MMC ilə müqavilə bağlanıb.

2017-ci ilin 19 oktyabrında bu MMC ilə bağlanan müqaviləyə əsasən 50 min 560 manat pul ödənilib.

Həmin pulla dəri çanta, bloknot, kitab təqvimi, asma təqvim, stolüstü təqvim, qələm, çanta və cib təqvimi alınb.

2018-ci ildə isə bu ləvazimatların “Star Logistic” MMC-dən alındığı və 51 min 360 manat vəsait ayrıldığı göstərilir.

Ancaq həmin müqavilələrin saxta olduğu müəyyən edilib. Bu iki saxta müqavilə üzrə 101 min 920 manat mənimsənilib.

 

 

Bundan əlavə  “Kriminalqafqaz”ın istintaq materiallarından əldə etdiyi məlumata görə, Vüqar Səfərli qulluq mövqeyindən istifadə edərək baş mühasib Təhminə Yaqubova ilə birlikdə Fondun hesabına keçirilən tədbirlərdə böyük məbləğdə mənimsəmələr edib.

Sabiq direktor Yeni il, Novruz Bayramı və Milli Mətbuat Günü ərəfəsində jurnalist yazı müsabiqələrinin mükafatlandırma mərasimləri ilə bağlı təşkil olunan ziyafətlər üçün ayrılan vəsaitlərin bir hissəsini restoranlardan geri alıb.

O, “Altun” restoranının inzibatçısı Şahin İbrahimov, direktor müavini Təmkin Xəlilov, “Xəmsə” restoranının icarədarları Valeh Orucov və Bəxtiyar Fətullayevlə əvvəlcədən anlaşaraq, tədbirlərdə iştirakçıların sayını 350-400 nəfər kimi göstərib. Lakin faktiki olaraq, qonaqların sayı 250-ni keçməyib. İştirakçıların sayı ilə yanaşı, yemək norması da şişirdilmiş formada göstərilib.

Tədbirlər üçün Fondun büdcəsindən ayrılan pullar sözügedən restoranların bank hesablarına köçürülüb. Daha sonra isə restoran rəhbərliyi həmin pulu nəğdləşdirərək, əvvəlcədən danışılmış hissəni Vüqar Səfərliyə geri qaytarıblar.

Vüqar Səfərli faktla bağlı istintaqa ifadəsində bildirib ki, tədbirlər üçün ayrılan vəsaitlər tam olaraq obyekt sahiblərinə ödənilib. O, ziyafətlərdə iştirak edən qonaqların sayının az olmasını isə çağırılan şəxslərin hamısının tədbirə gəlməməsi ilə əlaqələndirib.

Şahin İbrahimov istintaqa ifadəsində bildirib ki, ziyafətlərdə bir nəfər üçün 55-60 manat pul alınırdı. Restoran yalnız yeməklə təmin olunmanı təşkil etsə də, V.Səfərli protokolda dəvətnamə hazırlanması, video çəkiliş, musiqiçilərin dəvət olunması, banerlərin yerləşdirilməsi, tədbir zamanı keçirilən oyunlarda qaliblərə hədiyyələr təqdim olunması və s. kimi əlavə xərcləri də restoranın adına yazdırıb. Sabiq direktor hər tədbir üçün KİVDF-dən restoranın hesabına köçürülən 50 min manatın 25 minini geri alıb.

Bu yolla Vüqar Səfərli ümumilikdə 9 tədbir üzrə KİVDF-ə məxsus 104 444 manat məbləğdə vəsaiti mənimsəyib.

Qeyd edək ki, dəymiş ziyanla bağlı Şahin İbrahimov və Təmkin Xəlilov Baş Prokurorluğun depozitinə 50 min manat ödəyiblər.

Qeyd edək ki, Vüqar Səfərli iş məhkəməyə göndərilənə qədər dəymiş zərərin cəmi 200 min manatını ödəyib.

Digər təqsirləndirilən şəxslər də dəymiş zərərin müəyyən hissəsini ödəyiblər. Dəymiş zərərdən ən çox məbləğ ödəyən isə Ədalət Vəliyevdir. O, 1 milyon manat ödəyib.

"AzPolitika.info"nun əldə etdiyi məlumata görə, Ə. Vəliyev Prezidentin keçmiş köməkçisi Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın qohumudur. O, binaları tikən “Portos” MMC-nin direktoru vəzifəsini tutub.

Xatırladaq ki, bu iş üzrə V.Səfərlinin bir çox əmlaklarına həbs qoyulub. Vüqar Səfərlinin “Rabitəbank” ASC-də olan 300 min manat, eyni bankda oğluna məxsus 550 min manat əmanətin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub.

Bundan başqa, Vüqar Səfərlinin ümumi dəyəri 637 min manat olan aşağıdakı əmlaklarının da üzərinə həbs qoyulub.

- Xətai rayonu, Nobel prospektində yerləşən mağaza;

- Əhmədli qəsəbəsində yerləşən torpaq sahəsi;

-Xətai rayonu Lütfü Zadə küçəsində yerləşən mənzil;

- İsmayıllı rayonu, Ticran kəndində yerləşən torpaq sahəsi və ev;

- “Mercedens Benz ML 350”, “Wolksvagen Tuareg” və “Toyota land Gruser” markalı avtomobillər.

Bunlardan başqa, Vüqar Səfərlinin yoldaşının adına Binəqədidə olan torpaq sahəsi, oğlunun adına Novxanı kəndində olan torpaq sahəsi və yenə də oğlunun adına Xətai rayonunda olan obyektin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub.

Mətbuatda yayılan məlumatlara görə, istintaqa ifadə verən KİVFD əməkdaşları, o cümlədən təqsirləndirilən şəxslər KİVDF-nin bütün maliyyə, təşkilati işlərinə bilavasitə Əli Həsənovun rəhbərlik etdiyini, bütün qanunsuzluqların onun göstərişi ilə həyata keçirldiyini bildiriblər.

2014-2020-ci illərdə Fondun aparıcı məsləhətçisi vəzifəsində işləmiş Samir Mustafayev prokurorluqda dindirilərkən bildirib ki, bütün maliyyə işləri Vüqar Səfərli və Təhminə Yaqubova arasında aparılırdı, buna nəzarəti isə Əli Həsənov həyata keçirirdi. 

O, restoranlarda ziyafətlərin keçirilməsi barədə dəətraflı ifadə verib. S. Mustafayev bildirib ki, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu ənənəvi olaraq hər il üç dəfə – Novruz bayramı, Milli Mətbuat Günü və Yeni il münasibətilə restoranlarda ziyafət təşkil edir, orada mükafatlandırma mərasimləri olurdu.

Onun sözlərinə görə, bu ziyafətlərdə qonaqların sayı heç vaxt 250-ni keçməsə də, hər dəfə 400-450 nəfərlik vəsait ayrılırdı: “Son iki ildə sənədlərdə tədbirlər üçün hər il 800 ləvazimat çantası alındığı rəsmiləşdirilmişdi. Lakin həmin ləvazimatlar faktikialınmamışdı”.

Xatırladaq ki, prosesdə vəkillərdən biri məhkəmədə şahid qismində dindirilməsi üçün Əli Həsənovun, onun oğlu Şamxal Həsənlinin və baldızı Gülər Vəliyevanın işə cəlb olunması ilə bağlı vəsatət verib. Hakim vəsatətə növbəti prosesdə baxılacağını bildirib.  /“AzPolitika.info”

 

 






Fikirlər