“Kişini qadının “dır-dırı“ öldürmür, araq öldürür“ - Rəşid Mahmudova cavab

“Kişini qadının “dır-dırı“ öldürmür, araq öldürür“ - Rəşid Mahmudova cavab

Ötən il Azərbaycanda 75 647 nəfər dünyasını dəyişib. Rəsmi statistikaya görə, ölkə əhalisinin hər 100 000 nəfər hesabı ilə kişilər arasında ölənlərin sayı qadınlardan xeyli yüksəkdir. Belə ki, 2020-ci ildə ölənlərdən 33.567 nəfəri qadın, 42.081 isə kişilər təşkil edir.

Diqqətçəkən başqa bir məqam isə odur ki, ölüm səviyyəsi göstəricisi ümumillikdə və bütün yaş qruplarında nisbətən kişilər üstünlük təşkil edir. 25 yaşdan başlayaraq bu fərq daha da artır.

Statistikadan aydın olur ki, kişilər qadınlardan daha tez ölürlər. Hətta bəzi mütəxəssislər kişilərin tez ölməyinə səbəbinin qadınlar olduğunu deyirlər. Onların qənaətinə görə, qadınlar məişət qayğıları ilə, ələlxüsus da çox danışmaqla kişilərin ömrünü "yeyirlər". Azərbaycan Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşid Mahmudovun da analoji mövqedən çıxış etməsi müzakirələri daha da qızışdırıb.

Maraqlıdır, kişiləri həqiqətən qadınların “dır-dırı” öldürür? Elədirsə, bəs qadınları kim öldürür?

Xalq artisti Naibə Allahverdiyeva Yenisabah.az-a açıqlamasında deyib ki, əksinə, kişilər qadınların ölümünə səbəb olur:

“Əgər qadınlar danışıb kişiləri öldürürsə, bəs qadınları kim öldürür? Son vaxtlar görürük ki, kişilər qadınların ölümünə səbəb olurlar. Qadınlara zorakıllıq göstərərək qətlə yetirirlər. Kişi durduq yerdə infarkt olub, ölürsə inanmıram ki, onun səbəbi qadınlar olsun. Elə şey ola bilməz”.

Aktrisanın sözlərinə görə, bunu deyənlər öz eyiblərini ört-basdır edirlər:

“Qadın durduğu yerdə deyinməz. Yəqin ki, bunu deyən kişi həkimləridir. Onlar sadəcə olaraq özlərini müdafiə edirlər. Bəzi kişilərin törətdiyi qadın qətlləri, zorakıllıqlar var. Son zamanlar daha çox olur. Bu sözlərlə eyiblərinin üstünü örtməyə çalışırlar ki, kişilər də ölüb. Amma nəzər yetirsək, görərik ki, bu günə qədər nə qədər qadın qətlləri olub. Statistikadan bunu aydın şəkildə görə bilərik. Bu düzgün deyil. Dır-dırla kiş heç vaxt ölməz, yalan söhbətdir. Bu fikirin tam əleyhinəyəm. Heç vaxt da razılaşmaram. Kişini pis vərdişlər, qeyri-sağlam həyat tərzi, siqaret, araq öldürür. Kişilər qadınları ortaya qoyub, başına dolansınlar. Bizim qadınlarımız çox yaxşıdırlar”.

N.Allahverdiyeva cəmiyyətin mağara psixologiyası ilə yaşadığını qeyd edib:

“Baxmayaraq ki, inkişaf etmiş bir ölkədə yaşayırıq, dünyaya bərabər qanunlarımız var. Buna baxmayaraq, cəmiyyətdə mağara psixologiyası ilə yaşayan adamlar da az deyil. Bu yalan söhbətlərdir. Qadın heç vaxt boş-boş deyinməz. Yəqin kişi özünü normal aparmır, işləmir, ailəsinə baxmır ki, qadın da deyinir.

Bizim qadınlarımız çox zəhmətkeşdirlər. Azərbaycan qadını həm işləyir, həm uşağına baxır, həm də onun tərbiyəsi ilə məşğul olur. Azərbaycan qadını çox böyük yük daşıyır. Başqa millətlərə baxanda tamam başqa cürdür. Bizim qadınlarımız həm kişi, həm də qadındır. Kişi ailəsinə baxsa, qadına normal münasibət bəsləsə, qadın heç vaxt deyinməz. Mən özümdən götürürəm”.






Fikirlər