PREZİDENT İlham Əliyev Ermənistana iki seçim təklif etdi: Ya yekun SÜLH sazişi, Ya da SAVAŞ…

Azərbaycan Prezidentinin “Bizi qəzəbləndirməsinlər” xəbərdarlığı rəsmi Bakının səbrinin tükəndiyini göstərir; Bu baxımdan, Paşinyan hakimiyyətinə verilən vaxtın bitmək üzrə olduğu qətiyyən şübhə doğurmur…

Cənubi Qafqazda yaranmış yeni situasiya dəyişməz olaraq, qalır. Müşahidələr göstərir ki, bu situasiyanı dəyişməsinə səbəb ola biləcək elə bir ciddi faktor mövcud deyil. Və yəqin ki, bundan sonra da olmayacaq.

Düzdür, regional situasiyanın yenidən 44 günlük savaşa qədər olan məzmun və keyfiyyətə qaytarılması istiqamətində müəyyən cəhdlər də var. Rəsmi İrəvan uzun müddətdir ki, buna can atır. ATƏT-in Minsk Qrupunun üç həmsədrindən ikisi – ABŞ və Fransa da bu məsələdə Ermənistana intensiv şəkildə dəstək verir.

Ancaq görünən odur ki, ABŞ-Fransa-Ermənistan üçlüyünün geopolitik avantüraları umid bəslənən nəticələrdən çox uzaqdır. Ermənistan yeni geopolitik şərtlərə uymaq məcburiyyətrində qalıb. ABŞ və Fransa dəyişdirilməsinə cəhd göstərilən həmin geopolitik reallıqlar səbəbindən Cənubi Qafqaza “regionun divarları”nın arxasından boylanır.

1528745391_4e61f958d4a76fb410b67ebb35ebd14c.jpg (420 KB)

Məsələ ondadır ki, yeni geopolitik şərtlər Azərbaycana Cənubi Qafqazın şəriksiz lider dövləti statusunu qazandırıb. Hazırda bu regionda əsas hərbi-siyasi iradə sahibi olan rəsmi Bakı isə Azərbaycanın lider dövlət statusu ilə ziddiyyət təşkil edə biləcək istənilən addımı dərhal bloklamaq imkanındadır. Və bu reallıq həm ABŞ-ı, həm də Fransanı Cənubi Qafqazın geopolitik məkanında oyundankənar vəziyyətə salıb.

İndi bu geopolitik məkanın əsas oyunçuları rolunda Azərbaycan, Türkiyə və Rusiya çıxış edir. Üstəlik, bu üç dövlət regiona hər hansı kənar ölkənin daxil olmasında qətiyyən maraqlı deyillər. Cənubi Qafqaza bu region ilə heç bir əlaqəsi olmayan kənar dövlətlərin, o cümlədən də, ABŞ və Fransanın nüfuz etməsinə də ortaq mövqe sayəsində müqavimət göstərə bilirlər.

ABŞ-Fransa-Ermənistan üçlüyü vəziyyəti öz xeyrinə dəyişmək üçün Rusiya və Azərbaycan-Türkiyə ittifaqı arasında ziddiyyətlər yaratmağa çalışsa da, hələlik bu, baş tutmur. Çünki Azərbaycan, Türkiyə və Rusiyanı ortaq mövqeyə stimullaşdıran maraqlar, onlar arasında ziddiyyətlər yarada biləcək faktorlardan daha güclü və qalıcıdır. Və bu önəmli məqam ABŞ-Fransa-Ermənistan üçlüyünün pozuculuq fəaliyyətini iflasa uğradır.

1403574.jpg (29 KB)

Azərbaycanın Rusiya ilə münasibətlərində müəyyən narazılıqlar sezilsə də, elə bir ciddi problemin olmadığı da inkaredilməz reallıqdır. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyada nəşr olunan “Natsionalnaya oborona” (“Milli müdafiə”) jurnalına verdiyi müsahibədə də bu, açıq-aydın müşahidə edilir. Azərbaycan və Rusiya prezidentləri arasında olduqca səmimi, işgüzar münasibətlərin mövcudluğu nəzərə çarpır: "...Biz Şuşa şəhərini azad edəndən sonra Vladimir Vladimiroviç mənə zəng vurdu və dedi ki, “Erməni tərəfi yerinə yetirməli olduğunu icra etməyə hazırdır. Siz öz mövqeyinizin üzərində dayanırsınızmı?” Mən də dedim ki, “Bəli, mən öz mövqeyimi dəyişmirəm. Əgər, onlar işğal altında qalan ərazilərdən öz qoşunlarını çıxaracaqları tarixləri bizə desələr, biz dayanırıq”. Bu, noyabrın 8-də axşam olmuşdu. Noyabrın 9-da isə biz bir daha zəngləşmək barədə razılığa gəldik. Çünki Vladimir Vladimiroviç çox fəal rol oynayırdı, o, bir növ mənim ismarışlarımı Paşinyana, onun ismarışlarını mənə çatdırırdı...”

 

Bu açıqlamadan da anlaşılır ki, Azərbaycan və Rusiya prezidentləri arasında şəxsi münasibətlər yüksək səviyyədədir, həm də qarşılıqlı etimad üzərində qurulub. Ona görə də, Azərbaycan-Rusiya münasibətlərində ciddi problemlərin yarana biləcəyini düşünmək tamamilə yersizdir. Və bu məsələdə kənar təsir faktoru demək olar ki, elə bir ciddi əhəmiyyət daşımır.

Ancaq eyni fikirləri Minsk Qrupunun digər iki həmsədri – ABŞ və Fransa haqqında təkrarlamaq isə qətiyyən mümkün deyil. Çünki bu iki dövlətin rəsmi dairələri Cənubi Qafqaz regionunda mövcud olan yeni geopolitik reallıqlarla hesablaşmaq istəmirlər. Azərbaycanın milli maraqlarına problem yarada biləcək mövqedən çıxış edirlər.  

fee5eec0-d8b3-4374-90a2-a2bf83004fc9.jpg (183 KB)

Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyev həmin ölkələrin rəsmi dairələrinə elə Ermənistran üzərindən xəbərdarlıq etməyi vacib sayıb. Azərbaycan Prezidenti “status” mövzusunun hələ də gündəmdə saxlanmasına göstərilən cəhdlərə sərt reaksiya verib. Dövlət başçısının “Dağlıq Qarabağ yoxdur” deməsi “status” mövzusu ilə regionda gərginlik yaratmaq istəyənlərə birbaşa mesajdır.

Prezident İ.Əliyev “status” məsələsinə bundan sonra heç bir halda, qayıdılmayacağını olduqca diplomatik dillə izah edib: "Dağlıq Qarabağ yoxdur. Qarabağ iqtisadi rayonu var, Şərqi Zəngəzur iqtisadi rayonu var. Bunlar bizim ərazimizdir və bizdə hansı inzibati vahidlərin ola biləcəyini də yalnız biz müəyyən etməliyik. Bizdən başqa heç kim, heç bir ölkə, xüsusən də Ermənistan bunu edə bilməz".

Təbii ki, bu mesajın Ermənistanla yanaşı, hansı dövlətlərin siyasi dairələrinə ünvanladığını anlamaq o qədər də çətin deyil. Prezidentin açıqlamasından həm də belə anlamaq olar ki, rəsmi Bakının səbri artıq tükənmək üzrədir. Və rəsmi İrəvanı “status” mövzusu ətrafında manipulyasiya etməyə həvəsləndirənlər, əslində, Ermənistanı yeni təhlükəyə doğru sürükləyirlər.

hedefff.jpg (990 KB)

Bu baxımdan, Paşinyan hakimiyyəti əgər, Ermənistanın təhlükəsizliyini təmin etmək istəyirsə, onda Azərbaycan Prezidentinin xəbərdarlığından vaxtında lazımi nəticə çıxartmalıdır: "Buna görə düşünürəm ki, status barədə və Dağlıq Qarabağ barədə bu çeynənilmiş sözlər Ermənistan üçün böyük təhlükə mənbəyidir və yaxşı olar ki, bizi qəzəbləndirməsinlər, qıcıqlandırmasınlar. Nə qədər ki, bizim təklifimiz masa üzərindədir, onunla razılaşsınlar. Əks halda, müharibə dövründə olanlar təkrarlana bilər".

Göründüyü kimi, Azərbaycan Prezidenti Ermənistana çıxış yolunu da işarə edir. Rəsmi Bakının yekun sülh sazişi ilə bağlı təklifini müzakirə etməyi məsləhət görür. Əks halda, baş verə biləcək hadisələri də qətiyyən gizlətmir. Və üstüörtülü şəkildə rəsmi Bakının istənilən halda, bütün hədəflərinə çatacağını vurğulayır.

Belə düşünmək olar ki, Azərbaycan Prezidenti İlham Əliev Ermənistana artıq son xəbərdarlığını etmiş oldu. İndi Paşinyan hakimiyyəti konkret və prinsipial seçim etmək məcburiyyətindədir. Yəni, rəsmi İrəvanın qarşısında hazırda iki önəmli seçim variantı var. Bundan sonra Ermənistan hər hansı kənar himayədar dövlətə ümid bəsləmədən, ya yekun sülh sazişini imzalamalıdır, ya da onu bu addımı atmağa məcbur edəcək yeni savaşa hazır olmalıdır. /“Yeni Müsavat”  

 
 






Fikirlər