Xanlar Vəliyev ilk dəfə "TƏRTƏR İŞİ"ndən DANIŞDI...
"Açılan cinayət işi üzrə istintaq aparıldı. Həmin şəxslərdən bəzilərinin vətənə xəyanət etdiyi müəyyən edildi. Onlar barəsində məhkəmə hökmü çıxarıldı. Təqsirləndirilən şəxslər həmin hökmdən apellyasiya və kassasiya şikayəti verdilər. Həmin hökmlərin qanuni olduğu müəyyən edildiyi üçün qüvvədə saxlanıldı". Musavat.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Tərtər hadisələri" barədə deyilənlərə münasibət bildirərkən hərbi prokuror Xanlar Vəliyev deyib. X.Vəliyev deyib ki, hərbi prokurorluq araşdırmaya başlayana qədər şübhəli şəxs qismində saxlanılanlardan bir neçəsinə ciddi şəkildə fiziki güc tətbiq edilib. Hərbi prokuror əlavə edib ki, həmin zaman bir nəfərin vəfat etdiyi də müəyyən olunub. "Bu hadisələrlə bağlı dərhal araşdırmalar başladı. Mənim tələbimlə Müdafiə Nazirliyininin tibb xidmətindən dərhal briqada gəldi, həmin şəxslər müayinələrdən keçirildi. Onların bəziləri qospitala köçürüldü, həyatları xilas edildi"- deyə X.Vəliyev vurğulayıb. X.Vəliyev deyib ki, saxlanılan şəxlsərə işgəncə verən 16 nəfər müxtəlif vəzifəli şəxslər məsuliyyətə cəlb edilib, onlar barəsində cinayət işi açılıb, barələrində məhkəmə hökmləri çıxarılıb, uzun müddət azadlıqdan məhrum ediliblər. X.Vəliyev bu gün başqa-başqa şəxslərin "Tərtər hadisələri" ilə bağlı səsləndirdiyi iddiaların əsassız olduğunu deyib. "Bu gün ermənipərəst bəzi şəxslər narazıdır. Təəssüf edirəm ki, bu cür insanlar bizim millətdəndir. Qurban Məmmədov və onun kimilər hələ də ermənilərin maşasıdır. Hər şey qanunla tənzimlənir. Bu cü hallar əvvəllər də olub. Əgər bu cür şəxslər ordudan təmizlənməsəydi Vətən Müharibəsində qələbə qazanmaq çətin olardı"- X.Vəliyev əlavə edib. Hərbi prokurorluğun bu işdə obyektiv olduğunu deyən X.Vəliyev əlavə edib ki, "Tərtər hadisələri"ndə ümumilikdə 102-103 nəfərə qarşı fiziki zorakılıq hallarına yol verilib.