“Elmar Vəliyev heç özünü tanımır...” - Gəncənin keçmiş icra başçısı Türkiyəyə aparılıb

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev ona qarşı sui-qəsdlə bağlı cinayət işində zərərçəkmiş qismində tanınsa da, nə istintaqda ifadə verib, nə də məhkəməyə gəlir.

Bu olaya görə həbs olunan Yunis Səfərov və digər təqsirləndirilən şəxslər, onların vəkilləri isə E.Vəliyev də daxil, bütün zərərçəkmişlərin məhkəmədə iştirakını tələb edirlər.

"Dindirmələrə zərərçəkmişlərdən başlansın. Zərərçəkmiş qismində tanınan şəxslərin hamısı, o cümlədən Elmar Vəliyevin də məhkəmədə iştirakı təmin olunsun. Elmar Vəliyev hadisənin iştirakçısıdır, cinayət işi onun üzərində qurulub. Onun dindirilməsi vacibdir. Vəsatətimiz də budur ki, Elmar Vəliyev bura gəlib ifadə versin. Məhkəmənin göstərişinə əməl etmək hər kəsin borcudur", – vəkillər oktyabrın 20-də məhkəmədə bu vəsatəti qaldırıblar.

E.Vəliyevin nümayəndəsi Fəxrəddin Səfərov isə sabiq icra başçısının səhhətində ciddi problemlər olduğunu, bu haqda istintaqda da arayış təqdim etdiyini deyib. Onun sözlərinə görə, E.Vəliyev baş verənləri dərk etmək iqtidarında deyil: "Elmar müəllim nəyin nə olduğunu bilmir. O, heç özünü tanımır".

Vəkil əlavə edib ki, E.Vəliyev hazırda Türkiyədə müalicədədir.

"AzPolitika.info"

 






Fikirlər