"Bax, onda "lazım" gələcək və Turan qurulacaq"

"Yumor hissi olmayan şəxs yalnız yumor hissindən məhrum deyil" deyirlər. Amma bu məsələ yumorun sərhədlərini çoxdan keçib. Müşahidələr göstərir ki, türklərin birliyi məsələsinə verilən yersiz və qeyri-adekvat reaksiyalar nəinki yumor, heç obyektiv təhlilə söykənən tənqid və bundan qaynaqlanan acı reallıq da deyil. Bunların bir qismi sadəcə məqsədli qaralama, Doğu Türküstandan Balkanlaradək böyük bir coğrafiyanın əsrlər boyu dominant gücü olan türklərin milli həmrəylik və vahid iqtisadi, siyasi, hərbi platformada birləşmə ideyasını gözdənsalma cəhdi göstərənlər, digərləri isə məsələyə kütlə psixologiyası ilə yanaşaraq klişeleri təkrarlayanlardır.
 

 

Bəli, bu həqiqətdir ki, Sovetlərin rəsmi leksiokunumuza və şüurlara Orta Asiya (Mərkəzi Asiya) termini ilə sırıdığı Türküstan coğrafiyasında imperiyanın assimilyasiya siyasəti Qafqazdakından daha "uğurlu" olub.  Ərazisinə görə ən böyük türk dövləti olan Qazağıstanın bir sıra şəhər və vilayətində olmuş şəxs kimi ölkə əhalisinin sosial, milli mənsubiyyət və ictimai şüur etibarı ilə rəngarəng palitraya sahib olduğunu yaxşı bilirəm. Təbii ki bunun özünəməxsus dərin səbəbləri var. Bu, hazırkı kontekst üçün ayrı mövzu olduğuna görə üzərində dayanmıram. 
 
Amma heç bir halda ahıskalılarla bağlı Fərqanə hadisəsinin ildönümü, Qırğızıstanın Özbəkistanla sərhəd mübahisəsi, Ermənistan-Azərbaycan münaqişəsi və Qazağıstandakı hazırkı kütləvi itaətsizlik aksiyaları kimi üzücü məsələlər müzakirə olunarkən dərhal "Turan nə oldu?" idbar sarkazmı ilə sual edənlərin əksəriyyətinin niyyət və düşüncələrinin sağlam əsasa söykəndiyini demək mümkün deyil. 
 
Vətən müharibəsində Azərbaycanın möhtəşəm tarixi qələbəsi həqiqətən də regionda yeni siyasi vəziyyət yaratdı. Bu  yeni reallıq, həmçinin, psixologiyamızda, təhtəlşüurumuzda da dərin izlər buraxdı. Xatırlayırsınızsa Vətən müharibəsi başlayana qədər belə bir klişe vardı: Lazım! Yeri gəldi-gəlmədi, çoxları sarkazmla bir-birinə sual ünvanlayırdı ki, bəs "lazım" nə vaxt gələcək, nə zaman Qarabağı düşmən işğalından azad edəcəyik?! Yəni ki, Qarabağın erməni işğalından azad edilməsinə boş yerə ümid bəsləməyin. Amma Azərbaycan dövlətinin əzm, səbir və strateji ağılla həyata keçirdiyi çoxşaxəli fəaliyyət müasir tariximizin şanlı Vətən müharibəsi səhifəsinin açılması, "qalib Ermənistan" mifinin darmadağın edilməsi, minlərlə düşmən hərbiçisinin məhv edilməsi, bir sözlə torpaqlarımızın işğaldan azad olunması ilə nəticələndi. Necə deyərlər "xəstə tələssə də, armud vaxtında yetişər". Hazırkı "Turan yaradılmadı?" rişxəndi də nədənsə mənə həmin "lazım" sindromunu xatırladır.
 
İki əsrə yaxın müddətdə ərazisindən cəmiyyətin bütün sahələrinədək Rusiyanın işğalında saxlanılan, hazırda da bunun ciddi təsirləri qalmaqda olan və müstəqilliyini yeni bərpa edən 5 türk dövlətinin bir-biri və Türkiyə ilə müxtəlif məsələlərlə bağlı həmrəyliyi etiraf edək ki, yüksək səviyyədə deyil. Ancaq hər il ötən dövrə nəzərən türk dövlətlərinin konsoldasiyasında proqress müşahidə olunmaqdadır. 
 
Mən qədim və zəngin türk svilizasiyasından - Turan ideologiyası haqqında danışarkən ilk növbədə İsmayıl bəy Qaspıralının məşhur “Dildə, fikirdə, işdə birlik” fikrini xatırlayıram. Bəli, türk millətinin uzaq hədəfi olan Turanın qurulmasından danışarkən dildə, fikirdə, düşüncədə və bunların nəticəsi olaraq da işdə, əməldə birləşməyi nəzərdə tuturuq. 2009-cu ildə Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın birgə yaratdığı Türk  Dövlətləri Təşkilatı (əski adı: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası - Türk Şurası) da bunu hədəfləyir. Heç bir intellektual türk millətçisi, soyuna, kökünə vurğun olan birisi sabah açılan kimi Turanın qurulacağı xəyalı ilə yaşamır. Amma nəinki türk dövlətlərinin ali rəhbərliyi, milli düşüncəli aydınlar, əksəriyyətimiz şüurumuzun alt qatında da olsa qəbul edirik ki, Avropa, Rusiya və Çin geosiyasi üçbucağının təsiri və çoxtərəfli ekspansiyasından xilas olub istehlakçıdan istehsalçı gücə çevrilmək üçün təbii sərvətlərimizi və digər potensialımızı birgə şəkildə realizə edərək yeni və böyük gücə çevrilməliyik. Bu inkarolunmaz zərurət Türk dövlətlərinin birliyi - Turanın qurulmasıdır!
 
Reallığa çevrilməsi üçün hazırda zamanla yarışdığımız nəhəng iqtisadi və siyasi layihənin -  Zəngəzur dəhlizinin açılması ilə 1.1 trilyon dollardan çox ümumi daxili məhsulu olan türk dövlətləri (Türkiyə 761.4 milyard dollar, Qazaxıstan 181.7 milyard dollar, Özbəkistan 57.9 miyard dollar, Azərbaycan 48 milyard dollar, Türkmənistan 48 milyard dollar və Qırğızıstan 8.5 milyard dollar ÜDM-ə malikdir) iqtisadi cəhətdən daha sıx şəkildə birləşmiş olacaq. Eyni zamanda türk dövlətlərinin geosiyasi cazibə mərkəzi kimi birgə starteji əhəmiyyəti daha da artacaq. 
 
Bu gün türk xalqlarının həmrəyliyi, türk dövlətlərinin birliyi ilə bağlı istəklərimiz reallıqla üst-üstə düşürmü? Təəssüflər olsun ki, xeyr! Amma bu bizə dayanmağa, milli maraqlarımızın təminatçısı olacaq böyük türk birliyinin yaradılması ilə bağlı israrımızdan geri çəkilməyə əsas vermir. Türk Dövlətləri Təşkilatının yaradılması  böyük siyasi prosesin tərkib hissəsidir. Türkiyə və Azərbaycanın hərbi, iqtisadi və siyasi əməkdaşlığının müttəfiqlik səviyyəsinə yüksəlməsi TDT çərçivəsində münasibətlərin daha da dərinləşməsi üçün örnək nümunə yaradıb. Əlbəttə ki, bütün böyük işlər səbirlə və mərhələ-mərhələ həyata keçirilir. Turanın inşası da arzuolunan səviyyədə olmasa da hazırkı dövr indiyədək keçilən mərhələlərin içərisində daha sistemlisidir. Bu cəhətdən görülmüş işləri xəfifə almadan və qarşıda dayanan nəhəng vəzifələri unutmadan Prezident İlham Əliyevin 2013-cü ildə Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında dediyi "XXI əsr türk dünyasının əsri olmalıdır" fikrinin gerçəkləşməsinə çalışmalıyıq. Özü də bunu yalnız dövlət səviyyəsində deyil, vətəndaş cəmiyyətinin yumşaq güc potensialından mədəni-kultraloji sferayadək bütün imkanlarımızla etməliyik. Bax, onda "lazım" gələcək və Turan qurulacaq.
 
Mahmud Qaşğarlının təbirincə desək:
 
Bütün həqiqətlər xəyaldan doğur,
Bütün xəyalların həqiqəti var.
Nə yaxşı səs gəzir dünya üzündən,
Türkün Turan adlı bir sərvəti var.        
"Məfkurə ideal gələcəyin yaradıcısıdır. Kim bilir? Bəlkə gələcəkdə Turan məfkurəsinin də gerçəkləşməsi mümkün olacaqdır".
Ziya Gökalp
 
Elməddin Behbud, Jurnalist, "Demokratik Azərbaycan Naminə" gənclərin İctimai Birliyinin sədri






Fikirlər