NAZARBAYEVİN TALEYİ İLƏ BAĞLI YENİ İDDİALAR... - "O, müqavimət göstərir və..."
Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev ölkədə kütləvi etirazlar başlayandan sonra ictimaiyyət qarşısına çıxmayıb. Bu, onun harada olması ilə bağlı çoxlu şayiələrin yayılmasına səbəb oldu. Onun Çində olması, Qırğızıstana və ya Birləşmiş Ərəb Əmirliklərinə qaçması, oğurlanması və ya koronavirusa yoluxması ilə bağlı versiyalar var idi. İndi yeni bir nəzəriyyə ortaya çıxıb:Elbası respublika ərazisində ev dustaqlığında saxlanılır və o, son hadisələrdən dəhşətli dərəcədə qəzəblidir. Rusiyalı sosioloq İqor Eydman öz Facebook səhifəsində Nursultan Nazarbayevin harada olması barədə məlumat verib. Onun sözlərinə görə, Nazarbayev Qazaxıstan ərazisindədir, sağdır və ağlı başındadır, lakin qeyri-rəsmi ev dustaqlığında saxlanılır. Sosioloq Nazarbayevi kimin ev dustaqlığında saxladığını dəqiqləşdirməsə də, ölkədə baş verən son hadisələri Elbasının xəyanət kimi qəbul etdiyini qeyd edib. Bildirilir ki, Qazaxıstanın keçmiş liderinin hakimiyyətdən açıq şəkildə imtina etməsi tələb olunur, lakin o, müqavimət göstərir və prezident Tokayevi dəstəklədiyini bəyan etmək niyyətində deyil. Qazaxıstanın özündə Nazarbayevin harada olması barədə çoxlu fərziyyələr var. “Bizim bu məsələ ilə bağlı praktiki olaraq heç bir məlumatımız yoxdur, baxmayaraq ki, hakimiyyət nümayəndələri, deputatlar və sadəcə əhali bu məsələ ilə maraqlanır. Son rəsmi məlumat onun paytaxtda olması və dövlət başçıları ilə danışıqlar aparması olub. Onun İsveçrədə və ya Çində və ya süni nəfəs aparatının altında komada olması barədə şayiələr var. Burada heç bir etibarlı məlumat yoxdur”, - jurnalist Askar Kubayjanov Rusiyanın “Moskovskiy Komsolets” qəzetinə belə bildirib. O vurğulayıb ki, bu cür spekulyasiyalar ölkədə vəziyyətin sabitləşməsinə kömək etmir və yalnız intriqaları artırır. Kubayjanov deyir ki, Dariqa Nazarbayeva Qazaxıstandadır, lakin parlamentin iclasında iştirak etməyib və bunu xəstə olması ilə izah edib: “Nursultan Nazarbayev ağıllı siyasətçidir və keçmişdə bəzən elə olurdu ki, fasilə götürürdü, bundan sonra qəfil at belində görünürdü. Bəlkə də indi vəziyyət belədir. O, emosiyalar sönənə qədər gözləyəcək. Amma əhalinin onu necə qəbul edəcəyini deyə bilmərəm”.