“General Volkov Qarabağda özünü xoşbəxt hiss edir... Ona görə də...”

“General Volkov Qarabağda özünü xoşbəxt hiss edir... Ona görə də...”

Düşünmürəm ki, “sülhməramlı”ların komandanının etirazçıların qarşısına çıxmaması Rusiya hakimiyyətinin Azərbaycan xalqına qarşı saymazyanalığına işarə edir...”
 
Ad - 00:20

 

Xəbər verdiyimiz kimi, Azərbaycanın ictimai fəal və QHT nümayəndələrinin  Şuşa-Xankəndi yolunda - Azərbaycan ərazilərində müvəqqəti(!) yerləşdirilmiş Rusiya "sülhməramlı"larının postu yaxınlığında  Qarabağ və Şərqi Zəngəzur iqtsadi rayonlarının bir hissəsindəki Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı azərbaycanlıların ekoloji monitorinq qrupunun əraziyə buraxılmamasına qarşı keçirdiyi etiraz aksiyası artıq 2-ci sutkadır ki, aramsız şəkildə davam edir.
 
Bəs görəsən, bu müddət ərzində “sülhməramlı”ların komandanı general A.Volkovun simasında Putin rejiminin Azərbaycanın yüzlərlə  ictimaiyyət nümayəndəsinin qarşısına çıxmaması nədən irəli gəlir: demək istəyirlər ki, sizi saya salmırıq, hər şeyi öz bildiyimiz kimi edəcəyik, yaxud sadəcə, Volkov Kremldən siyasi qərar gözləyir, yoxsa Kəlbəcər və Tərtər ərazisindəki mədənlərdə separatçıların Rusiya hərbçilərinin gözü qarşısında çıxardığı təxribat və oyunlardan sonra heç nəinki general Volkov, Rusiya hakimiyyəti özü də bizim qarşımızda deməyə söz tapmır?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bunları söyləyib:
 
“Hesab edirəm ki, Volkovun bir sutkadan çox bir müddətdə Şuşadakı etirazçıların qarşısına çıxmaması, əvvəla, Kreml hakimiyyətinin xüsusiyyətindən irəli gəlir. Orada düşünürlər ki, Azərbaycanda hansısa aksiyaya etirazlara görə dərhal təşkilati qərarları elan etmək doğru deyil. Yəni qorxurlar ki, sabah bu, bir ənənə şəklini alar; daxildə və ya xaricdə kiminsə nədənsə xoşu gəlməsə, kiçik bir aksiya ilə onun Moskva tərəfindən aradan qaldırılmasına nail oluna bilər. Düşünmürəm ki, Volkovun etirazçıların qarşısına çıxmaması Rusiya hakimiyyətinin Azərbaycan xalqına qarşı saymazyanalığına işarə edir. Bütün hallarda Azərbaycan ictimaiyyətinin haqlı olaraq məlum razılaşmaların icrası ilə bağlı bu cür etiraz aksiyalarını keçirməsi öz müsbət nəticələrini verir. Telefon zənglərinin ardıcıllığı onu göstərir ki, həm Azərbaycan, həm də Ermənistan tərəfindən Rusiya prezidentinə qarşılıqlı mövqe çatdırılıb. Və bu da təbii ki, öz nəticəsini verəcək”. 
 
Politoloq “sülhməramlı”ların komandanı general Volkovun Qarabağda separatçı liderlər, o cümlədən milyarder R.Vardanyanla birgə törətdiyi cinayətlərə görə də Azərbaycan xalqının nümayəndələri qarşısına çıxmaqda ehtiyat etməsini də diqqətə çatdırıb.
 
“Bilirsiz, o da var ki, Volkov və Qarabağda olan digər Rusiya zabit və əsgərləri burada özlərini xoşbəxt hiss edirlər. Ona görə ki, Ukraynadakı gündəlik qırğınların, od-alovun içində yox, belə qat-qat təhlükəsiz bir yerdədirlər. Və onlara proseslərin uzanması və Azərbaycanda daha çox qalmaları sərf edir. Digər tərəfdən, artıq son hadisələrdən sonra o da bəlli olur ki, cənab general Volkov Qarabağdakı separatçı liderlərlə birgə özünə yaxşı qazanc yeri də əldə edib. Amma indi bəlkə də gəlib Azərbaycan ictimaiyyət nümayəndələri qarşısında bütün bu oyunlarıyla bağlı bir açıqlama verə bilmir. Baxmayaraq ki, gəlib ərazisində olduğu xalqın nümayəndələrinin suallarına  cavab vermək onun borcudur. Ancaq artıq bir sutkadan çox vaxt ərzində Laçın yolunun bağlı olmasına rəğmən Volkovun gəlməməsi də işğalçı və separatçı erməni qruplarına qarşı bir növ Azərbaycan tərəfindən verilən mesajın daha təsirli olmasına şərait yaradır. Yəni onlara çatdırırıq ki, baxın, biz istədiyimiz vaxt sizin Azərbaycan dövlətçiliyinə, xalqına qarşı cinayətlərinizin qarşısını almaq üçün yolunuzu da kəsə bilərik, digər lazımi işlər də görə bilərik – heç öz arxanız hesab etdiyiniz Rusiya hərbçiləri də bunun qarşılığında bizə heç nə edə bilməz. Bunları bizim dövlətimiz dəvət edib. Sabah daha çox bizim istədiyimiz şəkildə fəaliyyət göstərməsələr, onlardan imtina da edə bilərik”- deyə sabiq baş diplomat vurğulayıb.
 
Sultan Laçın






Fikirlər