“Vardanyanla Volkovun Qarabağda ortaq biznesi var” - ŞOK iddia

“Vardanyanla Volkovun Qarabağda ortaq biznesi var”- Şok iddia

“Xankəndiyə təcili yardım maşınları, ərzaq və s. buraxılır və onların qarşısını heç kəs kəsməyib. Sadəcə olaraq, yol azərbaycanlı etirazçıların hiddətinə görə bloklanıb. Çünki onlar öz ərazimizdə gedən barbarlığın qarşısını almaq istəyirlər”.

 

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Tofiq Abbasov deyib.

O, Rusiya sülhməramlılarının Laçın-Şuşa-Xankəndi yolunu bağlamasının nəticələrini şərh edib:

“Ermənilərin Azərbaycan torpaqlarında hansı vəhşilikləri və cinayətləri törətdiyini bilirik. Yəni 10 min km2-dən artıq ərazilərimiz hansı gündə bizə gəlib çatıb. Xarabazarlıq, bir dənə də olsun infrastruktur vahidi qalmadan külə çevrilmiş ərazi.

Ruben Vardanyan və ətrafı indi deyir ki, guya məktəbləri bağlamaq məcburiyyətində qalıblar və 30 min uşağın taleyi təhlükə altındadır və s. Halbuki bölgədə heç 20-25 min əhali yoxdur. Onları da silah gücünə bölgədə saxlayırlar ki, qaçmasınlar. Çünki qaçanlar çoxdan qaçıb, qalanlar isə zəlil olmuşlar və bu cinayətkar dəstələrin girovunda qalanlardır. Ruben Vardanyan isə Qarabağa aidiyyəti olmayan bir adam kimi yalandan göz yaşı tökür, deyir ki, guya məktəblər bağlanıb, işıq yoxdur, qazı kəsiblər və s. və i.a.

Bu, demaqogiya və saxtakar bir yanaşmadır. Çünki orada həm qida, həm dərmanlar, həm silah belə var. Biz dəqiq bilirik ki, orada nə var, nə yox. Azərbaycanın müvafiq orqanları monitorinq edir və bilir ki, oraya hansı silahlar gətirilir. İstisna etmirəm ki, separatçılar həmin qızıl və mis-molibden yataqlarında həm silah-sursat hazırlayır, həm də gizlədirlər”.

T. Abbasovun sözlərinə görə, qayə Azərbaycana qarşı yeni hərbi təxribatı həyata keçirməkdir:

“Ona görə də bu prosesdə məsələni kəskin şəkildə ortaya qoyulub: ekoloqlarımız o yerləri gözləriylə görməlidirlər. Nəyə görə onları əraziyə buraxmırlar? Çünki bilirlər ki, buraxsalar, yeni cinayətlərinin üstü açılacaq.

Vardanyana gəldikdə isə o, sürüşkən bir ünsürdür, saxtakarlıqla kapital toplamış bir adamdır və Rusiyanın siyasi avantürasına qapılıb. Sülhməramlı adı ilə bölgədə olan Rusiya hərbi kontingenti Vardanyanla sövdələşib. Onların hətta ortaq biznesi var. Filizi çıxarırlar, amma əvəzinə oraya gətirdikləri sadəcə hərbi sursatdır. Ona görə də cavab verməyə nə heyləri, nə də deməyə sözləri var. Qorxu içində qalıblar.

Heç bir tərəf Azərbaycana təzyiq göstərə bilməz. Tələbimiz haqlıdır, vətəndaş cəmiyyətinin fəallarıdır, ekoloqlardır, ictimai birlik nümayəndələridir, qoyun, getsinlər, gözləriylə görsünlər hər şeyi. Ermənilərin vay-şüvəninə uymaq lazım deyil  ki, onlar neçə gün tab gətirə bilərlər. Nə qədər lazımdırsa, o qədər də qalacaqlar”.






Fikirlər