“TƏRTƏR İŞİ”ndə yeni detallar: “Bu işlərin başında Nəcməddin Sadıkov durub, Zakir Qaralov isə...”
“Bizdə belə bir ifadə var ki, gedənin dalınca danışmazlar. Amma bizdə gedənin daha çox tumarlanması prosesi baş verir”. Bu sözləri Milli Məclisin dekabrın 23-də keçirilən iclasında parlamentin üzvü Fazil Mustafa deyib. Deputat bildirib ki, hüquq-mühafizə orqanları açıq-aşkar Müdafiə Nazirliyinin Baş Qərargahının keçmiş rəisi Nəcməddin Sadıkovu mühakimə etməlidirlər: “Biz nahaqdan günahsız ölən zabit və əsgərlərimizin haqqını geri qaytaraq. O baxımdan da bu proseslərə daha məsuliyyətli yanaşmalıyıq. Ordumuzun təmizlənməsi istiqamətində işlərə baxmalıyıq”. Bu açıqlamadan bir neçə gün əvvəl isə Milli Məclisin plenar iclasında parlamentin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc “Tərtər işi” kimi tanınan cinayət işi üzrə danışarkən sabiq baş prokuror Zakir Qaralovla hazırda vəzifədə olan hərbi prokuror Xanlar Vəliyevi ittiham edib: “Keçmiş baş prokuror Zakir Qaralov və hərbi prokuror Xanlar Vəliyev Ali Baş Komandandan, xalqdan, ordumuzdan və işgəncə qurbanlarından üzr istəməlidir”. O, işgəncə qurbanlarının yaxınlarının çoxsaylı aksiyalarına işarə edərək deyib ki, hərbi prokuror 5 il idi ki, işgəncə qurbanlarının üsyanını “nağıl” adlandırırdı: “Lakin sonda bəlli oldu ki, dövlətə və xalqa yalanı kim danışır. Keçmiş baş prokuror Zakir Qaralov bir dəfə də olsun o analarla görüşmədi və saxta ittihamnamələri araşdırmadı. İndi hər ikisi Ali Baş Komandandan, xalqdan, ordumuzdan və qurbanlardan üzr istəməlidir”. 2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə və Daxili İşlər nazirlikləri birgə bəyanat yayaraq Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxsin həbs edildiyini bildirib. Birgə açıqlamada qeyd edilirdi ki, Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb. 2017-ci ildə Azərbaycanın cəbhə bölgələrindən olan 1000-dən çox hərbçi və mülki şəxs casusluqda və dövlət xəyanətində şübhəli bilinərək saxlanılıb. Onların barəsində 200-dən çox cinayət işi başlanıb, onların çoxu işgəncələrə və qeyri-insani rəftara məruz qalıb. 2017-ci il mayın 1-dən 17-dək işgəncələr nəticəsində 11 nəfər ölüb. 25 nəfər işgəncə altında dindirmə zamanı əldə edilmiş məlumatlar əsasında dövlətə xəyanətə görə mühakimə olunub və 7 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. İşgəncə altında qətlə yetirilmiş 11 nəfərdən 5-i ölümündən sonra bəraət alıb. Bu günə qədər işgəncələrə və qeyri-insani rəftara məruz qalmış 135 nəfərdən yalnız 102 nəfəri zərərçəkmiş kimi tanınıb. Nəhayət, 2021-ci il noyabrın 1-də hərbi prokuroru Xanlar Vəliyev bildirib ki, “Tərtər işi”ndə təkcə işgəncə işi üzrə 100-dən çox şəxsə müxtəlif formada fiziki zorakılıq həyata keçirilib. Baş Prokurorluq 16 dekabr 2021-ci ildə “Tərtər işi” üzrə istintaqın yenilənməsi barədə qərar qəbul edib. Bundan sonra aparılmış istintaqla həbsdə olan 19 nəfər azadlığa buraxılıb, onlardan 10 nəfərinə bəraət verilib, 405 nəfər zərərçəkən kimi tanınıb. Hazırda qanunsuz olaraq mühakimə edilənlərə bəraət verilməsi prosesi davam edir. Bununla yanaşı, son aylarda işgəncələrdə və qanunsuz istintaqda iştirakı olan Müdafiə Nazirliyinin bir sıra zabitləri həbs edilib.
Zahid Oruc Zahid Oruc bildirib ki, Hərbi Prokurorluğun “kölə müstəntiqləri və andsız hərbi hakimlər 5 il dövlət əleyhinə təbliğata bais olduqlarına görə məsuliyyət daşıyırlar. Bu casusluq işində imtiyaz və rütbə qazananlar da kənarda qalmamalıdır.” “O müstəntiqlərin son 5 ildəki digər işlərdə ədalətli olduğuna kim inanar? Onlar xalqın etibarını itiriblər. Ona görə də Hərbi Prokurorluğu ləğv edib Tərtər işini ədalətlə sona çatdıran müstəntiqləri ora cəlb etmək lazımdır. Zərərçəkənlərə təzminatı dövlət deyil, saxta işi tərtib edən şəbəkə üzvləri ödəməlidir. Daha 12 nəfərlə bağlı da obyektiv qərar çıxarılacağına inanırıq. Nə qədər ki, cinayətkarlar azadlıqdadır, onların növbəti saxta casusluq və xəyanət ssenarisi ilə orduya və dövlətə qarşı qəsdlər davam edəcək,” - komitə sədri qeyd edib. Keçmiş boş prokuror Zahid Qaralov və hərbi prokuror Xanlar Vəliyevdən onlara qarşı ölkənin ən ali kürsüsündən səsələnən tənqidi çıxışa münasibət öyrənmək mümkün olmayıb.
Telman Əbilov Hərbi ekspert Telman Əbilov “Yeni Müsavat”a deyib ki, Azərbaycanda hərbi sahədə cinayətklarlığın statistikasının artmasının əsas səbəbi məhz Hərbi Prokurorluqdur: “Bu gün Azərbaycanda Hərbi Prokurorluğun olması özü bir təhlükədir. Azərbaycan Hərbi Prokurorluğunda ştatların sayı son həddə qədər artırılıb. Təsəvvür edin ki, hərbidə olmayanlar belə bu qurumda işə götürülür və onlara cəbhə bölgəsində xidmət aparan, canı-qanı hesabına Azərbaycana xidmət edən hərbçilərimizdən 3-5 dəfə artıq əmək haqqı verilir. 5-6 min manat, hətta əlavələrlə 10 min manat əmək haqqı alanlar var. Bu adamlar dövlətdən aldıqları pullara haqq qazandırmaq üçün hərbçilərin ən xırda səhvlərini belə cinayət əməli kimi qiymətləndirməyə cəhd edirlər. Əvvəllər ölkə üzrə 2-3 rayonda Hərbi Prokurorluq vardı, hər prokurorluqda da maksimum 1-2 nəfər çalışırdı. Sonradan isə işçilərin sayını 15 nəfərə qədər qaldırdılar. Hər bir müstəntiq də ay ərzində 10-15 iş təhvil verməlidir. Plan qoyublar. Ona görə də hər bir müstəntiq orduda süni cinayətlər yaratmağa başladılar. Müharibəyə qədər vəziyyət o həddə çatmışdı ki, bir əsgər səhvən o biri əsgərin botinkasını geyinirdisə, buna görə də cinayət işi başlanırdı. Belə qələmə verirdilər ki, guya əsgər o biri əsgərin botinkasını oğurlamaq istəyib. Bu cür gedişatın Tərtərdə baş verən cinayətlə sonunlanacağı da gözlənilən idi. Hərbi Prokurorluq öz mövcudluğunu saxlamaq üçün ildən-ilə işlərin sayını artırırdı və əlbəttə ki, bundan böyük pullar qazanırdılar. Bu gün Gürcüstanda və Ermənistanda Hərbi Prokurorluq yoxdur. Sadəcə Baş Prokurorluğun tərkibində hərbi cinayətləri araşdıran bir bölmə var. Azərbaycanda da Hərbi Prokurorluq ləğv olunmalıdır". Ekspertin sözlərinə görə, Tərtərdə Azərbaycan ordusuna qarşı planlı şəkildə cinayət həyata keçirilən günlərdə Baş Prokurorluq Hərbi Prokurorluq qarşısında məsələ qaldıraraq hər gün 10-15 hərbiçinin həbsini tələb edib: “Bu işlərin başında Nəcməddin Sadıkov dayanıb, Zakir Qaralov isə ona cinayəti gerçəkləşdirmək üçün hər cür dəstək verib. Marağı nə olub sualına istintaq cavab verməlidir. Belə məlumatlar var ki, Zakir Qaralov şəxsən Hərbi Prokurorluğa təzyiqlər göstərib, ”hər gün 10-15 nəfər tutun" şəkilində qanunsuz göstəriş verib. Sanki Azərbaycan Ordusu tarla, Hərbi Prokurorluq tarladan pambıq yığan olub ki, onlara belə göstəriş verilib ki, gündə 10-15 ton pambıq yığın.
Bildiyim qədər baş prokuror Zakir Qaralovun qanunsuz göstərişinə Xanlar Vəliyevin müavinlərindən etiraz edənlər olub. Həmin müavin də həbslə hədələnib. Bundan sonra günahsız hərbçilərin həbsi bir-birini əvəzləyib. Hərbi Prokurorluq Tərtər cinayətini icra etməkdə Nəcməddin Sadıkovun maşasına çevrilib. Nəcməddin Sadıkov da, Zakir Qaralov da, Xanlar Vəliyev də “Tərtər işi” çərçivəsində istintaqa cəlb olunmalı, dindirilməlidirlər. Azərbaycan Ordusuna qarşı baş vermiş qanlı və planlı şəkildə törədilən cinayət cavabsız qalmamalıdır. Əlbəttə ki, icraçılar həbs olunmalıdırlar. Cinayətin təşkilatçısı Nəcməddin Sadıkov, vasitəçilik və rəhbərlik edən Zakir Qaralov, icraçıların başında dayanan Xanlar Vəliyev də kənarda qalmamalıdırlar". Hərbi ekspert deyib ki, Azərbaycan ordusunun 2016-cı ilin aprelində baş tutan hücumundan 1 il sonra ordumuza qarşı planlı şəkildə cinayət törədilib: “2016-c ı ilin aprel döyüşləri Azərbaycan ordusunun döyüş qabiliyyətinin səviyyəsini ortaya qoydu. Bu Rusiya üçün çox gözlənilməz nəticə idi. Aprel döyüşləri daha 10 gün davam etsəydi, Azərbaycan Ordusunun xüsusi təyinatlıları Xankəndini, Ağdamı azad edəcəkdilər. O zaman Füzulinin, Cəbrayılın rayon mərkəzləri çox qısa müddəti düşməndən təmizlənmişdi. Ermənilərin öyündükləri ordu qorxusundan postları qoyub qaçmışdı. Nəcməddin Sadıkov rus-erməni kəşfiyyatı ilə birgə bunu görəndən sonra böyük bir təxribata yol verdi. Həmin günlərdə xüsusi təyinatlılarımıza dəstək verilmədi, əvəzində geri qayıtmaq barədə əmr verildi. Geri qayıdarkən isə xüsusi təyinatlılarımızı top atəşinə tutdular. Erməniyə qan udduran, Azərbaycan ordusunun elit dəstələri xainlik nəticəsində aradan götürüldü. Sağ qalanları isə xainlərin özləri Nəcməddin Sadıkov başda olmaqla ”Tərtər işi"ni uydurdular və vətənə xəyanətdə ittiham edib həbsə aldılar, öldürdülər. “Tərtər işi”nə aidiyyəti olan hər bir vəzifəli şəxs istintaqa cəlb olunmalı və hər bir addımı araşdırılmaqla hüquqi qiymət verilməlidir. Adlarını çəkdiyim hər 3 şəxsi istintaqa cəlb etmədən Tərtərdə Azərbaycan oğullarına qarşı baş verən cinayətləri obyektiv araşdırmaq mümkün olmayacaq". Hərbi ekspert: “Bu gün Azərbaycanda Hərbi Prokurorluğun olmasının özü bir təhlükədir”