Azərbaycanda da matəm elan olunacaq? - AÇIQLAMA

Azərbaycanda da matəm elan olunacaq? - AÇIQLAMA

Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Azərbaycanda da matəm elan olunması gündəmə gətirilib. Sosial şəbəkələrdə gedən müzakirələrdə qardaş ölkəyə dəstək məqsədilə matəm elan edilməsi barədə təkliflər irəli sürülüb. 

 

Bəs, ölkəmiz bu addımı atacaqmı? 

 

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aqil Məmmədov bildirib ki, qardaş ölkədəki hadisəyə ilk reaksiya verən dövlət başçısı məhz İlham Əliyev olub:

 

"Zəlzələdən sonra Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək başsağlığı verdi. Ardınca Türkiyəyə yardım qruplarının göndərilməsini tapşırdı. 4-5 yardım təyyarəsi göndərildi.Təyyarələrdən biri ilə FHN-in tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı yola salındı. Eyni zamanda Azərbaycan Ordusunun hərbi tibb personalı Türkiyəyə ezam olundu. Digər tərəfdən  Türkiyəyə dəstək məqsədilə yardım kompaniyasına başlanıldı. İnsanlarımız müəyyən geyim əşyalarını Türkiyəyə göndərirlər. Ümumilikdə, Azərbaycan həm xalq olaraq, həm də dövlət olaraq qardaş Türkiyəyə  öz köməkliyini göstərir".

 

 

Deputatın sözlərinə görə, xaricdə yaşayan azərbaycanlılar da öz yardımlarını əsirgəmirlər:

 

"Xaricdə yaşayan azərbaycanlılar Türkiyədəki hadisəyə ciddi reaksiya verirlər. Türkiyənin səfirliyi və konsulluğu olan şəhərlərə gedib, öz yardımlarını çatdırırlar. Türkiyədə yaradılan bank hesablarına ianələr edirlər. Bu hadisə bütün azərbaycanlılar üçün kədərlidir, hamımız qəlbən qardaş xalqın yanındayıq. Onların faciəsini bölüşürük",

 

Matəm elan olunması məsələsinə gəlincə, parlamentari vurğulayıb: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 7 günlük matəm elan edib. Azərbaycanda da belə addım olsa, müsbət qarşılayarıq. Ancaq bu barədə dövlət qərar verməlidir. Onsuz da biz Türk xalqının kədərini bölüşür, yasını paylaşırıq. Uşaqların, xəstə insanların dağıntı altında qalması, ölümlər bizi kədərləndirir. Türk xalqının acısını öz kədərimiz kimi yaşayırıq. Zəlzələ zamanı həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik".

 

 

İşçi qrupunun digər üzvü Ceyhun Məmmədov isə vurğulayıb ki, Azərbaycanın Türkiyəyə etdiyi yardımlar yüksək səviyyədədir:

 

"Azərbaycan Türkiyəyə kifayət qədər dəstəyini göstərib. Cənab Prezidentin göstərişi ilə Azərbaycan Türkiyədəki xilasetmə işlərinə öz töhfəsini verir. Fövqəladə Hallar Nazirliyi və digər dövlət qurumları fəal iş aparırlar. Mən deyə bilərəm ki, dövlətin bu istiqamətda atdığı addımlar olduqca yüksəkdir.

 

Matəm elan edilməsi məsələsinə gəldikdə, bu, dövlətin səlahiyyətindədir. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan bu gün Türkiyənin yanındadır. Dövlət qurumları Türkiyədə zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində əllərindən gələni edirlər. Ancaq dövlət tərəfindən matəm elan edilsə, əlbəttə, mənfi qarşılanmaz".

 

Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 7 108 nəfər ölüb, 40 910 nəfər yaralanıb. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

 

Kosovo və Şimali Kiprdə də Türkiyədəki zəlzələ ilə bağlı matəm elan edilməsinə qərar verilib.






Fikirlər