Komandolarımız Xankəndinə bu qədər vaxta girəcək! - Bakının “B planı”

İrəvana sülh sazişi zorla imzalatdırılacaq; Paşinyan sələflərinin siyasətinə qayıdıb - təhlükə; politoloq: “Azərbaycandan başqa heç kim münaqişənin bitməsində maraqlı deyil...”

Başa çatan 59-cu Münhen Təhlükəsizlik Konfransının yekunu, heç şübhəsiz, Azərbaycanın siyasi-diplomatik aktivinə yazılacaq. Ölkəmiz Prezident İlham Əliyevin timsalında ağıllı və çevik gedişlərlə bu mühüm beynəlxalq tədbirdən də güclü mövqe ilə çıxa bildi. Erməni tərəfinin “atəş nöqtələri” susduruldu. Ermənistanın deyil, məhz Azərbaycanın haqlı mövqedə olduğu, müharibəyə deyil, ədalətli sülhə can atdığı növbəti dəfə və qabarıq şəkildə dünyaya nümayiş etdirildi.

Söhbət özəlliklə ABŞ dövlət katibi E.Blinkenin vasitəçiliyi ilə gerçəkləşən Əliyev-Paşinyan görüşündən və İlham Əliyevin İrəvanla sərhəddə nəzarət-buraxılış postlarının qurulması barədə verdiyi təklifdən gedir.

Xatırladaq ki, Prezident sülh sazişi ilə bağlı Ermənistanın mövqeyində irəliləyiş olduğunu, lakin bunun yetərli olmadığını bildirib. Ölkə rəhbəri habelə həm Zəngəzur dəhlizinin, həm də Laçın yolunun giriş-çıxışında nəzarət-buraxılış postlarının qoyulmasını təklif edib və İrəvandan cavab gözlədiyini söyləyib.

Sitat: “Yaxşı olardı ki, Azərbaycan və Ermənistan öz keçid məntəqələrini yaratsınlar. Ermənistanla sərhəddə Laçında və Zəngəzur dəhlizinin hər iki tərəfində nəzarət-buraxılış postları olmalıdır. Bunun zərurətindən əvvəl də danışmışdıq, lakin mən Blinkenin iştirakı ilə keçirilən görüşdə bunu rəsmən bəyan etmişəm və biz Ermənistan tərəfdən rəsmi cavab gözləyəcəyik. Bizim bu mövqeyimiz həm Avropada, həm də Amerikada məntiqli kimi qəbul edilir”.

Blinken bu gün Əliyev və Paşinyanla görüşəcək - Press Klub

Təhlilçilər bu təklifi yetərincə konstruktiv, eyni zamanda maraqlı və hətta sensasion sayırlar. 

“Bu, Ermənistan tərəfini narahat vəziyyətə salan və Azərbaycanın təşəbbüskar siyasətini səciyyələndirən çox maraqlı elementdir. 3 ilə yaxındır Bakı təşəbbüslərlə çıxış edir. Ermənistan isə bu təşəbbüslərə reaksiya verən rolundadır. İlham Əliyev bu dəfə birgə keçid məntəqələri ilə bağlı konstruktiv təkliflə çıxış edib. Əslində bu, həm də ölkələrin suverenliyi prinsipi ilə bağlıdır”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu politoloq Fərhad Mehdiyev Caliber.az-a aşıqlamasında söyləyib.

Sülh müqaviləsinin perspektivinə gəlincə, F.Məmmədov o qənaətdədir ki, Bakı zorla da olsa, öz variantının imzalanmasına nail olacaq. “İlham Əliyev bunu Ruben Vardanyanın hərəkət marşrutu timsalında aydın şəkildə göstərdi. Bu, Ermənistanın hələ də qeyri-konstruktiv mövqe tutduğu və danışıqlar prosesinə zərər vurduğunu nümayiş etdirmək üçün çox vacib bir element idi. "Qırmızı xətt" kimi vurğulandı ki, Azərbaycan planlaşdırdığı hər şeyi həyata keçirir, uzun illər işğaldan sonra ərazilərini bərpa edir, ən əsası isə Ermənistanla beynəlxalq hüquq prinsipləri əsasında sülhə hazırdır. Başlıcası odur ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi olsun. Qarabağ ermənilərinə gəlincə, Azərbaycan ən yüksək səviyyədə göstərdi ki, vətəndaşlığımızı qəbul edərlərsə, onların hüquqlarını və təhlükəsizliyini təmin etməyə hazırdır", - deyə politoloq qeyd edib.

Öz növbəsində sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov hesab edir ki, hazırda tərəflər arasında “poçt diplomatiyası” aparılır: “Bu, Azərbaycanın vaxtilə irəli sürdüyü 5 prinsipə əsaslanır. Lakin Ermənistan tərəfi onlara öz düzəlişlərini edib. Sonra proses dayanıb. İndi Azərbaycan tərəfi müqavilənin yenilənmiş variantını Ermənistana verib, ermənilər öz düzəlişləri ilə onu bizə qaytarıblar. Amma İrəvan mütəmadi olaraq informasiya sızdırır. Məsələ burasındadır ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir, ya da Qarabağsız tanımaq istəyir. Bunu da aparıb status məsələsinə bağlamağa çalışırlar”.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov

Politoloqa görə, bu elə 30 ildir Ermənistandan eşitdiyimiz mövqedir, ancaq bir az fərqli formada: “İrəvanın Azərbaycan ərazisini ilhaq etmək cəhdləri beləcə, davam edir. Başqa bir şey gözləməyə dəymir, çünki 2020-ci ildən sonra Paşinyan yenidən seçkilərdə qalib gəlib və onun hökumətinin proqramında yazılıb ki, Qarabağı Azərbaycandan qoparmaq cəhdlərindən əl çəkməyəcəklər. Yəni ermənilər hələ də tutduqları mövqeyi təkrarlayırlarsa, o zaman danışıqlardan yaxşı nəsə gözləməyin mənası yoxdur. Görünür, Ermənistana onun bu siyasətinin müharibəyə apardığını anlatmaq üçün Azərbaycanın və beynəlxalq birliyin təzyiqləri kifayət deyil. Ancaq unutmasınlar ki, Hadrutda yerləşən Azərbaycan komando qüvvələrinə Xankəndinin mərkəzinə çatmaq üçün bir saat, Ağdamda yerləşən briqadaya isə 45 dəqiqə lazımdır”.

Eks-diplomatın fikrincə, artıq vəziyyət dəyişib və Azərbaycan ərazisinin ilhaq siyasəti üçün İrəvanın potensialının qalmadığını Ermənistanın görməməsi, sadəcə, təəccüb doğurur: “Di gəl ki, Nikol Paşinyan öz hakimiyyətini davam etdirmək naminə sələflərinin siyasətdən istifadə edir və populizmlə məşğul olur. Amma nəticə əldə etməyəcək. Açığını deyim ki, Azərbaycandan başqa heç kim bu münaqişənin bitməsində maraqlı deyil. Azərbaycan öz ərazisində vasitəçilərin, sülhməramlıların və digərlərinin olmasını istəmir. Ona görə də Bakı Qərb vasitəçilərini bura buraxmamaq, ruslara isə "sağ ol, əlvida!" deyəcək zamanı gözləmək niyyətindədir. Ona görə də düşünürəm ki, məsələ bağlanacaq. Ermənistanla Azərbaycan arasında sərhəddə qanunvericiliyimizə uyğun surətdə nəzarətin yaradılması Ermənistanın işğalçılıq siyasətindəki fəallığı, eləcə də onun real imkanlarını xeyli azaldacaq".

Bununla separatçılar üçün sonuncu “nəfəslik” də bağlanmış olacaq. Özü də həmişəlik. Odur ki, seçim ermənilərindir: ya Azərbaycanın 5 prinsipi əsasında sülh müqaviləsi, ya da Bakının “B planı”...

 






Fikirlər