Antalyada G20 sammiti öz işinə başlayır

 


 

Türkiyənin Antalya şəhərində ilin əsas iqtisadi hadisəsi hesab edilən G20 (“böyük iyirmilik”) ölkələrinin liderlərinin iki gün (15-16 noyabr) davam edəcək sammiti öz işinə başlayır.

 Azərtaym.az APA-ya istinadən xəbər verir ki, bu il G20-yə sədrlik edən Türkiyənin təşəbbüsü ilə sammitin gündəliyinə qlobal iqtisadiyyat məsələlərindən başqa, terrorla mübarizə, qaçqınlara yardım və miqrasiya problemləri kimi aktual məsələlərin müzakirəsi daxil edilib. 

Sammitin yekun kommünikesi daxilində terrorla mübarizə məsələsinə dair xüsusi bəyanatın qəbul ediləcəyi, həmçinin qaçqınlara yardım və miqrasiya problemi ilə bağlı müəyyən qərarların razılaşdırılması gözlənilir. 
Qeyd edək ki, Türkiyə hakimiyyəti Antalya bölgəsində sammit ərəfəsində misilsiz təhlükəsizlik tədbirləri həyata keçirib. 
Belə ki, sammitin keçiriləcəyi Antalyanın Belek rayonunun böyük hissəsində turistlər, həmçinin özəl və bələdiyyə nəqliyyat vasitələri ərazidən tamamilə uzaqlaşdırılıb, şəhərə bütün giriş-çıxışlar ciddi nəzarətə alınıb. Sammitin işinə qırmızı, yaşıl və bənövşəyi zonalarda yerləşən 41 otel cəlb olunub. Otellərin bir hissəsinin isə fəaliyyəti müvəqqəti olaraq tamamilə dayandırılıb.
Sammitin keçiriləcəyi dövrdə təhlükəsizliyin təmin olunmasına 1,4 min yol polisi və 12 min polis əməkdaşı cəlb olunub. Belek ətrafında su məkanı sahil mühafizə xidmətinin əməkdaşları tərəfindən diqqətlə yoxlanılaraq, su attraksionları və paraşütlə tullanma kimi əyləncələr üçün tamamilə bağlanıb, çimərlik zonaları isə hasarlanıb. 
Bölgə administrasiyası tərəfindən noyabrın 9-dan 18-dək hər-hansı mitinq, nümayiş, yürüş, tətil, ictimai və ya etiraz aksiyalarının keçirilməsinə qadağa qoyulub. 
Yerli mətbuatın məlumatına görə, sammitə hazırlıq işlərinə 100 mln dollardan çox vəsait sərf edilib. 
Qeyd edək ki G20-də daimi üzv statusuna 19 dövlət və Aİ malikdirlər – Argentina, Avstraliya, Braziliya, Böyük Britaniya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə, Fransa, CAR, Cənubi Koreya və Yaponiya.
Azərbaycan və Sinqapur G20-yə sədrik edən Türkiyə tərəfindən sammitə fəxri qonaq qismində dəvət olunublar. 
Qeyd edək ki, Parisdə noyabrın 13-də törədilmiş qanlı terror aktları səbəbindən Fransa prezidenti Fransua Olland sammitdə iştirak etməkdən imtina edib. 
Parisdəki faciə ilə əlaqədar sammitin proqramında iştirakçılar üçün nəzərdə tutulmuş konsert və əyləncəli tədbirlər ləğv edilib.






Fikirlər