İki deputat və sabiq millət vəkilinin partiyaları bağlana bilər

Azərbaycanda siyasi partiyaların fəaliyyətini dayandırması prosesi davam edəcək. 
Bu günə qədər 19 partiya fəaliyyətini dayandırıb. Lakin proses bununla yekunlaşmayacaq. 
Əldə etdiyimiz məlumata görə, yaxın vaxtlarda daha bir neçə partiya fəaliyyətini dayandırdığını elan edəcək. Bu sırada əsasən Vəhdət Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) və Böyük Quruluş Partiyasının (BQP) adı çəkilir. 
Vəhdət Partiyasının sədri deputat Tahir Kərimlidir. Partiya 1994-cü ildə təsis edilib. 2002-ci ildə partiya parçalanıb və Yunus Oğuzun rəhbərliyi ilə Milli Vəhdət Partiyası təsis edilib. Milli Vəhdət Partiyası artıq fəaliyyətini dayandırıb. 
Vəhdət Partiyası bir zamanların güclü siyasi təşkilatı hesab edilsə də, parçalanandan sonra xeyli dərəcədə zəifləyib. Tahir Kərimlinin müxalif düşərgədən qopması isə partiyanın daha da zəifləməsinə səbəb olub. 
Bir müddət əvvəl Vəhdət Partiyasının Vətəndaş Həmrəyliyi Partiyasına (VHP) birləşəcəyi barədə məlumat yayılmışdı. Lakin sonradan məlum oldu VHP birləşmə təkliflərindən imtina edib. 
Siyasi partiyalar haqqında yeni qanuna görə partiyaların qeydiyyatı üçün təşkilatın minimum 5000 üzvü olmalıdır. 
Əksər partiyalar kimi Vəhdət Partiyası da bu tələbə cavab vermir. Partiyalara yeni qanuna uyğunlaşmaq üçün verilən vaxtın birməsinə isə bir aydan artıq vaxt qalıb. Məlumat üçün deyək ki, partiyalara iyul ayına qədər vaxt verilib. 
KXCP Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) parçalanması nəticəsində yaranıb. KXCP-nin sədri Mirmahmud Mirəliloğludur.  
Mirmahmud Mirəliloğlu partiyanın fəaliyyətini dayandırmaq niyyətində olmasa da, 5000 üzv məsələsi təşkilatın qeydiyyatı üçün problem yarada bilər. Bu baxımdan, partiyanın fəaliyyətini dayandıracağı real görünür. 
Böyük Quruluş Partiyası (BQP) isə 2003-cü ildə təsis edilib. Sədri deputat Fazil Mustafadır. BQP-nin də üzv problemi olduğu iddialar var. Bildirilir ki, bu partiyanın da fəaliyyətini dayandıracağı realdır. 
Qeyd edək ki, 1990-cı ildə 116 saylı Corat seçki dairəsindən ilk dəfə millət vəkili seçilmiş Mirmahmud Mirəlioğlu 1995-ci ildə ikinci dəfə təkrarən deputat seçilib. Üçüncü dəfə 2000-ci ildə Şirvan (həmin vaxt Əli Bayramlı) seçki dairəsindən deputat seçilsə də, mandatdan imtina edib.
Qaynarinfo.






Fikirlər