Ramiz Mehdiyevlə Sinan Oğanı nə bağlayır? - Maraqlı MƏLUMATLAR...
Azərbaycan əsilli siyasətçi, “ATA” İttifaqının namizədi Sinan Oğanın mayın 14-də Türkiyədə keçirilən prezident seçkilərində seçiciləri 5 faizindən çoxunun səsini toplaması onun personasına olan marağı artırıb. Hazırda Sinan Oğan təkcə Türkiyə deyil, həm də xarici ölkə mətbuatında haqqında ən çox yazılan, fəaliyyəti təftiş edilən siyasətçilərdən biridir. Türkiyədə olduğu qədər Azərbaycanda da Sinan Oğanın şəxsiyyətinə böyük maraq var. Yerli KİV mütəmadi olaraq onunla bağlı yazılar dərc edir, keçmiş fəaliyyətinə işıq tutmağa çalışır. Sinan Oğanın publikanın maraq dairəsinə düşməsi onunla bağlı yeni faktların üzə çıxmasına səbəb olub. Qeyd edək ki, S.Oğanın həyatının ən məhsuldar illəri Azərbaycanla bağlı olub. O, 1992-2000-ci illərdə Azərbaycanda müxtəlif vəzifələrdə çalışıb. Oğanın Bakıya gəlişi mərhum eks prezident Əbülfəz Elçibəylə əlaqəli olub. Ə.Elçibəyin 1992-ci il iyun ayının 16-da müstəqil Azərbaycan respublikasının ikinci prezidenti seçilməsindən sonra Sinan Oğan Bakıya gəlib. Elçibəy 23 yaşlı Oğana etimad göstərərək, onu Prezident Adminstrasiyasında işlə təmin edib. Elçibəy hakimiyyəti qısa sürsə də, Sinan Oğanın Azərbaycandakı kariyerası uzun müddət davam edib. O, 1993-2000-ci illərdə TİKA-nın (Türk İşbirliği ve Koordinasyon Ajansı) Bakı təmsilçisi olub. Bununla paralel olaraq Azərbaycan Dövlət İqtisad Universitetində çalışıb, sözügedən təhsil ocağında dekan müavini vəzifəsini tutub. Sinan Oğan Azərbaycanın ictimai-siyasi mühitinə yaxından bələd olsa da, həmişə ehtiyatlı mövqeyi ilə seçilib. O, siyasi çevrələrlə, xüsusilə müxalifət cəbhəsi ilə daim məsafə saxlayıb. Azərbaycanlı dostlarının “Yeni Sabah”a bildirdiyinə görə, Oğan həmişə hakimiyyət nümayəndələri ilə dostluğa can atıb. Hətta siyasi çevrələrdə bir müddət “Ramiz Mehdiyevin adamı” kimi tanınıb. Onun Elçibəy hakimiyyətində təmsil olunmasına rəğmən uzun müddət Bakıda qalması, TİKA-nın Azərbaycan ofisinə rəhbərlik etməsi, bununla yanaşı, ölkənin ən nüfuzlu ali təhsil ocaqlarının birində dekan müavini vəzifəsində çalışması məhz R.Mehdiyevin dəstəyi sayəsində mümkün olub. Məlumatlara görə, Oğanın 7 il TİKA-nın Azərbaycan ofisinin başında dayanması rəsmi Bakının arzusu ilə gerçəkləşib. Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin bunun üçün dəfələrlə Ankaradakı rəsmi dairələrə ağız açdığı bildirilir. İddialara görə, S.Oğan Türkiyədə aktiv siyasətlə məşğul olandan və o vaxt Ərdoğan hakimiyyətinə qarşı radikal mövqeyilə seçilən MHP-də fəaliyyətə başlayandan sonra Bakı ilə münasibətlərində soyuqluq yaranıb. Azərbaycan və Türkiyə hakimiyyətləri arasında münasibətlər sürətlə yaxşılaşmağa doğru getdiyi üçün Bakı Oğanı görməməzliyə vurub. Buna rəğmən Sinan Oğanın Azərbaycan hakimiyyətində bəzi qüvvələrlə hələ də əlaqələrinin olduğu bildirilir. /Yenisabah.az