“KADIROVÇULAR VAQNERÇİLƏRƏ QARŞI...” - “Üçüncü Çeçenistan müharibəsi heç də uzaqda deyil”
Bir çox şərhçilər Ukrayna-Rusiya müharibəsində böyük nüfuz, geniş təsir imkanları, ictimai rəğbət və ən əsası isə birinci şəxsin etibarını qazanmaq uğrunda Çeçenistan rəhbəri Ramzan Kadırov və “Vaqner” özəl hərbi birləşməsinin qurucusu Yevgeni Priqojin arasında amansız mübarizə getdiyini bildirirlər. Marjinal qüvvələrin müharibəni öz istəklərini həyata keçirmək naminə xüsusi bir fürsət kimi dəyərləndirməsi heç də yeni fakt deyil. Müharibənin tezliklə bitəcəyini düşünən Çeçenistan lideri və onun silahli gücləri real döyüşlərdən yayınıb, videoçarxlar vasitəsilə əzələ nümayiş etdirməklə özləri barədə qəhrəman obrazı yaratmaq fikrindəydilər. Amma müharibə uzandıqca reallıqlar üzə çıxdı və Kadırov Priqojinin kölgəsində qaldı. Artıq o, bu reallığı həzm edə bilmir. Bir il əvvəl Priqojin və Kadırov Müdafiə naziri Şoyquya qarşı eyni mövqedən çıxış edir və bir-birilərinə xoş münasibət bəsləyirdilər. Görünür, Vladimir Putinin intriqaları işə yarayıb. Belə ki, bu yaxınlarda Kadırovun adamlarından biri, Çeçenistanın Rusiya Dövlət Dumasındakı deputatı Adam Delimxanov yayımladığı videomüraciətdə Priqojinin ünvanına təhqiramiz ifadələr işlədib. Bu, hadisələrin rus-çeçen qarşıdurması müstəvisinə keçəcəyi ehtimalından xəbər verir. “AzPolitika.info” xəbər verir ki, Ukraynanın “Unian” internet portalı ”Kadırovçular vaqnerçilərə qarşı: üçüncü Çeçenistan müharibəsi heç də uzaqda deyil” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur. Həmin məqaləni təqdim edirik: ”Mövcud vəziyyətin yaratdığı şərtlərə görə, vaxtilə müttəfiq olmuş “kadırovçular” və “vaqnerçilər” arasındakı münaqişə bu günlərdə açıq müstəviyə keçib və böyük ictimai maraq doğurub. Məsələ ondadır ki, bu yaxınlarda “Vaqner” hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyinin “Vaqner”i kifayət qədər silahla təchiz etmədiyi təqdirdə Baxmutdan çıxacağı ilə bağlı bəyanat vermişdi. Məhz bundan sonra Çeçenistan başçısı Ramzan Kadırov demişdi ki, o, dərhal Baxmuta girəcək və hər şeyi həll edəcək. Həm də Kadırov Priqojini “böyük qardaş” adlandırmışdı. Amma görünür, bu “qardaşlıq” ierarxiyasına heç kim artıq riayət etmir. Bir il öncə Kadırovu və Priqojini Şoyqu və Gerasimova qarşı mübarizə birləşdirirdi və onlar irəlidə də Rusiya daxili “şirkət mübarizəsində” əməkdaşlıq etməyə hazır idilər, çünki hər ikisinin müvafiq resursları və ambisiyaları vardı. Rusiya Federasiyasının hərbi isteblişmentinə qarşı yaranan müxalifət kifayət qədər müxtəlif çalarlı olsa da, hər halda bu qüvvələr birlik nümayiş etdirirdi. Rusiya hərbi bloqeri Qirkin və həmçinin də Kadırov və ya Priqojin öz nöqteyi-nəzərlərinə uyğun şəkildə Şoyqu klanını vahid bir səslə nüfuzdan salırdılar. Lakin indi Rusiyada daxili böhran dərinləşməyə başlayıb, ona görə də hətta zorən müttəfiq olanlar arasında ziddiyyətlər və müəyyən münaqişə baş qaldırmağa başlayıb. Aydındır ki, söhbət Putindən sonrakı Rusiyadan gedir. Yeri gəlmişkən, onu da deyək ki, ”Putindən sonrakı Rusiya” elə Putinin Kremldə əyləşdiyi bir vaxtda da baş verə bilər. Ona görə də meydana gələn yeni reallığın cizgiləri daha aydın təzahür edir. Rusiya Federasiyasında putinpərəst çoxluğun formalaşdırılması bu və ya digər şəkildə ictimai konsesusun fundamenti əsasında baş verib. Əvvəlcə bu, çeçen konsensusu oldu, Putin çeçen ali hakimiyyətinin bir hissəsini öz tərəfinə çəkə bildi və cəmiyyətdə kövrək sülh bərqərar edildi. Sonrdan Krım konsensusu meydana çıxdı, lakin çeçenləırlə ruslar arasında illər boyu susqun qalmış bütün problemlər Ukraynadakı döyüş arenasında kəskinləşməyə başladı. Rusların çeçenlərə, “kadırovçulara” qarşı çoxsaylı iradları və hesabaşmaları meydana çıxdı. Məlumdur ki, çeçenlərə jandarm rolu ayrıldı, ancaq real döyüşlərdə iştirak etmək, səngərdə oturmaq və hücuma keçmək “vaqnerçilər”in öhdəsinə buraxıldı. Bu, ədalətlidirmi? Qeyd etmək lazımdır ki, bu münaqişənin formalaşması prosesi nəinki ictimai, həm də artıq ideoloji müstəvidə də baş verir. KİV-lərdə şox az görünən Rusiya xüsusi təyinatlılarının ehtiyatdakı podpolkovniki və “Vaqner”in ilk komandirlərindən olan Dmitri Utkinin (ləqəbi “vaqner”dir) fiqurası buna bariz sübutdur. O, indi “kadırovçular”a özünün Çeçenistan müharibəsindəki təcrübəsini xatırladaraq, sərt bəyanatla çıxış edib. Priqojindən fərqli olaraq, Dmitri Utkin dayanıqlı və müəyyən ideologiyası olan adamdır. Bu, Rusiya Federasiyasının ictimai məkanında Priqojinin mövqeyinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. “Vaqner”in rəhbəri Yevgeni Priqojin indiyədək Rusiya cəmiyyətində döyüşməyi bacaran və real işlər görən insan kimi tanınıb. Yəni, onun siyasət və ideologiya ilə bağlılığı olmayıb. Amma siyasi fiqur kimi formalaşmaq üçün təkcə yaxşı döyüşçü olmaq kifayət etmir. İndi Kadırov və onun tərəfdarları ilə yaşanan münaqişə Rusiya siyasətində xüsusi bir hadisədir və bu, Priqojini ideoloji mövqe nümayiş etdirməyə doğru itələyir. Priqojinin“Rusiya ruslar üçün” kimi etnik rus millətçiliyi siyasi müstəvisinə keçməsi və orada özünə tərəfdarlar tapması tamamilə məntiqli olar. Bu müstəvi hazırda Rusiya Federasiyasında kifayət qədər tələb olunan yerdir. Axı, Krımın ilhaqından sonra imperiya özünəməxsusluğu üstünlük qazandığı üçün etnik rus millətçiliyi marqinallaşmışdı. İndi millətçilik Rusiyadakı ideoloji qarşıdurmada dirçəliş və istinad nöqtəsi ola bilər. Rusiya Federasiyasında güc strukturlarının və ordunun çeçenlərə qarşı nifrət duyması faktı çoxdan bəllidir. Öncəki dönəmlərdə hər şey Putinin legitimlik resursuna uyğun ölçülürdü. Putin Şoyqu ilə ova gedir, Kadırovu öz iqamətgahında qəbul edirdi. Bu legitimlik Putinə tərəflər arasında balans yaratmaq imkanı verirdi. Artıq hamıya aydındır ki, Putin uduzub. Ona görə də Putinin yeganə bir seçimi var ki, bu da hamının onun özünə qarşı birləşməsini əngəlləmək üçün mövcud ziddiyyətlərdən istifadə etməsidir. Belə ki, Kreml “Vaqner” ilə Kadırov arasındakı münaqişəni durdurmağa qətiyyən çalışamaycaq. Putin baş verənləri diqqətlə izləyəcək və əlverişli məqamda münaqişə alovuna hələ odun da daşıyacaq. Putinə lazımdır ki, aqressiv təbəqələr bir-birini didsinlər, əks halda onlar birləşib mərkəzi hakimiyyətin üstünə cumacaqlar”.