"Rabitəçi mafiyası" çökdürülür: sensasion həbslərin təfərrüatı

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) həbslərin yeni dalğası başlayıb. "Aztelekom" MMC-nin baş mühasibi Oqtay Rüstəmovdan sonra müəssisənin direktoru Məmməd Məmmədov barəsində həbs-qəti imkan tədbiri seçilib. M.Məmmədov noyabrın 16-da axşam Səbail Rayon Məhkəməsinə gətirilib və burada onun barəsində 3 ay müddətinə həbs-qəti imkan tədbiri seçilib.

 "AzerTaym.az" musavat.com-a istinadən bildirir ki, M.Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Bundan başqa, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin Nizami ATS-in rəisi Fətullah Seyidov və ATS-in mühasibi də həbs olunublar. 

 

Fətulla Seyidov BTRİB-in sabiq rəisi, hazırda həbsdə olan Beytulla Hüseynovla kirvədir. F.Seyidov eyni zamanda BTRİB-in həbs edilən baş mühasibi Anar Mustafayevin də yaxın qohumudur. 

"Aztelekom" özəlləşmə əvəzinə, "özününküləşdirilib"

Məhəmməd Məmmədovun ünvanına korrupsiya ittihamları barədə zaman-zaman mediada araşdırmalar dərc edilib. "Aztelekom" beynəlxalq və şəhərlərarası telefon rabitəsi (sifarişlə beynəlxalq və şəhərlərarası telefon rabitəsi, videokonfrans rabitə, TACkart universal danışıq sistemi), Bakı şəhəri və Naxçıvan MR istisna olmaqla, bütün ölkə ərazisində lokal telefon rabitəsi (57 yerli telekommunikasiya müəssisəsinin 89 məntəqəsində 108 mərkəzi və 1129 kənd (qəsəbə) ATS, 23 ATS (38 baza stansiyası) üzərindən 44 bölgə üzrə respublikanın əhali məskunlaşmış ərazisinin 80%-də CDMA standartlı simsiz telefon rabitəsi, İP telefoniya və İP-TV xidmətləri) internet xidmətləri (genişzolaqlı və ayrılmış xətlə internet, internetə parolsuz qoşulma imkanı) xidməti göstərir. "Aztelekom"un əsas istifadəçiləri sənaye, ticarət və digər sahələrdə fəaliyyət göstərən onlarla müəssisə və təşkilatdır.

"Aztelekom" İstehsalat Birliyi bu ilin iyun ayında Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) çevrilib. 

"Aztelekom" İB-in MMC-yə çevrilməsi bu telekommunikasiya nəhəngini özəlləşdirilməyəcəyi demək idi. "Aztelekom"un MMC-yə çevrilməsində M.Məmmədovun xüsusi xidməti və marağı olduğu da gələn xəbərlər sırasındadır. Belə ki, hakimiyyətdəki ciddi dayaqlarının sayəsində o, 2001-ci ildən özəlləşdirməsi planlaşdırılan müəssisəni faktiki MMC-yə çevirərək "özününküləşdirib". Bu işdə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun da maraqlı olduğu üzə çıxıb. Hüquq-mühafizə orqanlarına yaxın mənbəmiz deyib ki, "Aztelekom"un MMC-yə çevrilməsi prosesi şəffaf aparılmayıb, nizamnamə kapitalı ilə bağlı məlumat açıqlanmayıb.

M. Məmmədov 1957-ci ildə may ayının 9-da Naxçıvan Muxtar Respublikasının Bulqan kəndində anadan olub. 1979-cu ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun elektrotexnika fakültəsini bitirib. Həmin ildən rabitə sahəsində çalışan M.Ə. Məmmədov elektrik mexaniki vəzifəsindən başlayaraq mühəndis, böyük mühəndis, stansiya xidmətinin rəisi, telefon qovşağının baş mühəndisi, layihə-axtarış kontorunun rəisi, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş mühəndisi və rəisi vəzifələrində işləyib.

2004-cü ildən "Aztelekom" İB-in baş direktoru təyin edilib. O, 11 il ərzində dövlətdən milyonlarla manat mənimsəyib. "Aztelekom"un sabiq direktoru rəhbərlik etdiyi quruma daha çox özünün şəxsi obyekti kimi baxıb, hətta investisiya məqsədi ilə ayrılmış pulları mənimsəyib. Xəbərlərə görə, hər il "Aztelekom"a 25-30 milyon manat investisiya yatırılsa da, görülən və görüləcək işlərin smetası hazırlanan zaman rəqəmlər bir neçə dəfə şişirdilib.

Antikvar və xaricdə daşınmaz əmlak

M.Məmmədov bahalı antikvar əşyalar həvəskarı kimi də tanınıb. Həmin əşyaların alınması üçün külli miqdarda vəsait xərcləyib. "Aztelekom" rəhbəri bunun üçün xüsusi mütəxəssislər ayırıbmış ki, həmin adamları ona dünyanın bir çox ölkələrindən, əsasən isə Təbriz və İstanbuldan həvəskarı olduğu antik əşya və xalçalar daşımaqla məşğul olublar. 

Məlumata görə, tez-tez Türkiyəyə gedən M.Məmmədov qardaş ölkədə özünə daşınmaz əmlaklar və ticarət obyektləri alıb. M. Məmmədovun Qubada restoranı və moteli də var.

 

RYTN-in birbaşa telefon və internet əlaqəsinə cavabdeh olan yüksək rütbəli əməkdaşlarının kütləvi həbsi ötən həftə işdən azad edilən Əli Abbasovun azadlığını təhdid edən faktora çevrilməkdədir. Məlumdur ki, hələ nazir olduğu vaxt Ə. Abbasov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqləri tərəfindən bir neçə dəfə dindirilib. Baş Prokurorluq, MTN və Vergilər Nazirliyinin əməkdaşlarından ibarət xüsusi istintaq qrupu bir müddətdir ki, RYTN-də ciddi yoxlamalara başlayıb.

Rabitə sektorundakı ən yaxın adamlarının qandallanması yaxın günlərdə Ə.Abbasova da eyni maddələrlə - vəzifə saxtakarlığı, külli miqdarda dövlət əmlakını mənimsəmə, külli miqdarda rüşvət alma ittihamlarının veriləcəyini göstərir. Ekspertlərə görə, Əli Abbasovun taleyi onun istintaqla nə dərəcədə səmimi əməkdaşlıq edib-etməyəcəyindən də asılı olacaq. 

"Bakutel-2015"in əksər təşkilatçıları həbs edilib, sərgini kim keçirəcək?

Rabitə sektorunda sensasion həbslər və nazirin işdən çıxarılması RYTN dəstəyi və təşkilatçılığı ilə 2-5 dekabr tarixlərində baş tutacaq "Bakutel-2015" 21-ci beynəlxalq sərgi-konfransına hazırlıq ərəfəsi baş verir. "Bakutel-2015" sərgi-konfransının təşkilatçılığını edəcək böyük bir heyət - nazirliyin aparat rəhbəri Vidadi Zeynalov, "AzİnTelekom" MMC-nin baş direktoru Cəlil Cəfərov, "Azərpoçt" MMC-nin baş direktoru Qəmbər Bəybalayev, "Optik Rabitə, Tikinti və Quraşdırma" MMC-nin direktoru Namazalı Məmmədov həbsdədir, nazir isə hələ təyin edilməyib. Bakı Ekspo Mərkəzində keçiriləcək sərgiyə həmişə maraq böyük olub və çoxsaylı qonaqları ilə yadda qalıb. Tədbirin baş tutacağı, yoxsa ertələnəcəyi hələ bilinmir.

Hər halda, gələn qonaqları Bakı İstintaq Təcridxanasına aparmazlar...






Fikirlər