Ərdoğan, Fidan və Kalın bu ölkəyə təhlükə yaradır? - AĞLASIĞMAZ İDDİA
Məlum olduğu kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın keçən həftə yeni kabineti elan etməsindən sonra “Türkiyə Əsri” rəsmən başlayıb. Yeni kabinetdə ən maraq doğuran adlardan biri Milli Kəşfiyyat Təşkilatının (MİT) keçmiş rəhbəri və yeni xarici işlər naziri Hakan Fidandır. Musavat.com Türkiyənin "Sabah" qəzetinə istinadən xəbər verir ki, yunan mediası son vaxtlar diqqəti Hakan Fidan və onun yunan həmkarı Vassilis Kaskarelisin telefon danışığına yönəldib. Telefon danışığının əsas mövzusunun immiqrasiya və immiqrantlar olduğu qeyd edilib. Yunanıstan tərəfinin immiqrasiya problemi ilə bağlı Türkiyədən kömək istəməsi də məlumdur. “Ta Nea” nəşrinə danışan diplomat Fidanın Yunanıstanın kömək istəyini geri çevirmədiyini bildirib və ikitərəfli əlaqələrin ilk mərhələsinin yaxşı getdiyini vurğulayıb. Yunan mətbuatı yeni xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının yeni rəhbəri İbrahim Kalın və yeni Milli Müdafiə naziri Yaşar Güləri çox yaxından araşdırır. Yunan qəzetlərindən birində dərc olunan xəbərdə isə “Ərdoğan, Fidan və Kalın Yunanıstan üçün təhlükədirmi?” sualı qoyulub. Xəbərdə qalmaqallı fikirlər yer alıb və “Yunan xalqı Türkiyənin sülhsevər siyasət yürütdüyünə dair açıqlamalarına aldanmamalıdır” ifadəsi işlədilib. Qeyd edilib ki, yeni administrasiyanın Egeydəki niyyətləri Yunanıstan üçün təhlükə yaradır və Yunanıstanla Türkiyə arasında normallaşma dövrü sona çatıb.