“Elə ağladım ki, Həsən Məmmədovun da gözləri doldu, deyirdi ki, dublyorum çəkilsin”-FOTOLAR

“Elə ağladım ki, Həsən Məmmədovun da gözləri doldu, deyirdi ki, dublyorum çəkilsin”-FOTOLAR

Bu gün böyük sənətkarımız, xalq artisti Həsən Məmmədovun anım günüdür.
 
Aktyor 2003-cü ilin 26 avqustunda dünyasını dəyişib. Həsən Məmmədovu xalq artisti, bir neçə filmdə tərəf müqabili olan Leyla Şıxlinskaya ilə birgə xatırlamışıq.
Moderator.az-a açıqlama verən aktrisa Həsən Məmmədovla birgə çəkildiyi “Gün keçdi” filminin kadrarxasını xatırlayıb.
 
“ “Gün keçdi” filmində bizim gözəl aktrisamız Şəfiqə Məmmədova çəkilməli idi. Filmdə belə bir səhnə var ki, 10-cu sinif şagirdi dikdabanda klas-klas oynayır. Şəfiqə xanım əlbəttə ki, çox gözə gəlimli, çəkici qadın idi. Amma 10-cu sinif şagirdi roluna uyğun gəlmirdi. Anar mənim bu filmə çəkilməyimi istəmirdi. Mən onu da başa düşürəm. Çünki bu filmə qədər mən yalnız “Arşın mal alan” da çəkilmişdim. O da sakit bir qız rolu idi. Film çəkilib qurtardı, Anar müəllim hətta üzr də istədi və dedi ki, bağışla Leyla! Yaşım az idi, ona görə bəlkə də təbii alındı. Çünki mən orada özümü oynayırdım. Filmdə ehtiraslı səhnələr də var idi. Həsən Məmmədov yaxınlaşıb mənim əllərimdən tutmalı idi. Bu səhnəni çəkmək üçün rejissor göstəriş verdi. Həsən əllərini çiynimə elə qoydu ki, elə bil heç qoymayıb. Dedim ki, Həsən əllərini qoydun ya yox? Dedi ki, hə də, Leyla xanım, qoymuşam. Dedi ki, mən bu rolda çəkilə bilmərəm, dublyor çəkilsin. İri planda da necə dublyor oynasın axı?! İki nəfərlik plandır. Sonra dedi ki, hamı povilyondan çıxsın. O hər kəsi pavilyondan qovdu. Yalnız rejissor Arif Babayev, bir də operator Rasim İsmayılov qaldı. Vəssalam. Pavilyonun qapılarını bağladılar. Yenə də həyəcanlandı. Getdi siqaret çəkib gəldi. Həsən bu qədər utancaq və çox qapalı bir insan idi. Onunla 3-4 filmdə çəkilmişik. O çox gözəl aktyor idi” deyə sənətkar bildirib.
Leyla Şıxlinskaya bir filmdə Həsən Məmmədovun gözündən gələn yaşlara şahid olduğunu bildirib.
“Onunla birgə səhnəmiz daha sonra “Şahid qız” filmində oldu. Mən o kadrda elə ağlayırdım ki. Mənə baxdı və Həsənin də gözləri doldu. Dedi ki, Leyla xanım, bəsdir də bizi ağlatdın. Hamıyla münasibəti çox gözəl idi. O heç kimə bənzəmirdi. Düşünürəm ki, Azərbaycan kinosuna Həsən Məmmədov adında və simasında bir daha aktyor gəlməyəcək” deyə Leyla Şıxlinskaya deyib.






Fikirlər