Azərbaycan polisi gəldi, separatçılar... - 12 gündə Xankəndidə nələr baş verib?
Antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunun erməni əhalisinin yaşadığı ərazilərində tarixi hadisələr yaşanır. Separatçıların təslim olmasından indiyə qədər (20 sentyabr - 2 oktyabr) cəmi 12 gün keçməsinə baxmayaraq, artıq bölgənin təmizlənməsi və mərkəzi hakimiyyətin bərpası istiqamətində ciddi işlər görülüb. Onların bir neçəsini təqdim edirik: 1. Ermənistan ordusunun ərazimizdə qalan birləşmələrinin tərki-silah edilərək, bölgədən çıxarılması, eləcə də qanunsuz silahlı dəstələrin təslim edilməsi prosesi davam edir; 2. Separatçı rejim rəsmi olaraq özünü buraxıb; 3. Xankəndidə separatçıların əski parçası yığışdırılıb; 4. Azərbaycan polisi şəhərdə fəaliyyətə başlayıb: qeyri-rəsmi məlumatlara görə, polisimiz keçmiş separatçı rejimin qondarma "daxili işlər nazirliyinin” binasında işləyir; 5. Şəhərdə poliklinika qurulub, təcili tibbi xidmətin işi təşkil edilib; 6. Xankəndinin elektrik enerjisi Azərbaycanın elektrik enerjisinə qoşulub: mobil operatorlar fəaliyyətə başlayıb, TV və radio yayımının təşkili planlaşdırılır; 7. Dövlət Miqrasiya Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları şəhərdə erməni sakinlərin qeydiyyatını yerində aparır; 8. Erməni terrorçuların həbs edilməsi və qanun qarşısına çıxarılması prosesi davam edir: Ruben Vardanyan, David Babayan, Lyova Mnatsakanyan, Davit Manukyan artıq barmaqlıqlar arasındadır; 9. Və ən əsası artıq Xocalı, Xocavənd, keçmiş Ağdərə rayonu və Xankəndidə Azərbaycanın suverenliyi bərpa edildi: hazırda mərkəzi hakimiyyətin bərpası prosesi istiqamətində intensiv işlər həyata keçirilir; Asif Nərimanlı