“UKRAYNA MÜHARİBƏSİ ÜMİDSİZ VƏZİYYƏTDƏDİR” – İlon Mask Ukraynanı güzəştə məcbur etməyə çağırır

“Çin və Rusiya ilə sərt qarşıdurma ABŞ üçün fəlakətli ola bilər”

Məşhur milyarder İlon Mask hesab edir ki, hazırda Ukraynada və Yaxın Şərqdə davam edən münaqişələr 3-cü dünya müharibəsinə gətirib çıxara bilər.

“AzPolitika.info” xəbər verir ki, "The Wall Street Journal" İ.Maskın “X”(keçmiş Tvitter) platformasında baş tutan müzakirələrdəki çıxışına istinadla belə bir məlumat yayıb. Mask deyib ki, ABŞ-nin Ukraynanı atəşkəsə yönləndirməsi və Rusiya ilə münasibətləri normallaşdırması daha düzgün addım olardı: “Bizə Ukraynada sülhü tapmaq və düşünürəm ki, Rusiya ilə normal münasibətləri bərpa etmək lazımdır. ABŞ-nin siyasəti Rusiyanı Çin və İranla ittifaqa girməyə vadar edir. Rusiya, Çin və İran alyansı isə Qərblə qlobal münaqişədə qalib gələ bilər”.

Mask bildirib ki, Rusiya və Çinlə sərt qarşıdurma ABŞ üçün fəlakətli nəticələr doğura bilər və “Rusiya öz zəngin xammal resursları və Çin öz fenomenal sənaye potensialı ilə çox zəhmli kombinasiyadır”.

Milyarder hesab edir ki, bu gedişlə ümumilikdə insan sivilizasiyası təhlükə altına düşə bilər, ona görə də “ABŞ-nin siyasəti 3-cü dünya müharibəsinə və regional münaqişələrin tezliklə qlobal münaqşəyə çevrilməsinə yol verməməyə xidmət etməlidir”.

Mask “Ukraynadakı müharibə ümidsiz vəziyyətdədir”, - deyə bildirib və problemin həlli üçün Ukraynanın öz ərazilərinin işğalı ilə barışmalı olduğuna eyham vurub. Bunun üçün milyarder ABŞ-ni Ukraynada “sülhün yolunu tapmağa” çağırıb. Mask Ukraynanın işğalla barışmasını əsaslandırmaq üçün qeyd edib ki, Rusiyanın nəzarətindəki ərazilərdə yerli əhalinin anti-Rusiya üsyan hərəkatı nəzərə çarpmır. Ona görə də hazırkı təmas xətti atəş xəttinə, hətta dövlətlər arasında sərhədə çevrilə bilər.

 

 

ABŞ-dəki daha bir “Rusiya aşiqi”, özünü Respublikaçılar partiyasından prezidentliyə namizəd kimi görmək istəyən Hindistan əsilli Vivek Ramasvami də müzakirələrə qoşularaq, Maskın fikirlərini dəstəkləyib. O, hətta iddia edib ki, 3-cü dünya müharibəsi olacağı halda, ABŞ öz mövcudluğunu itirəcək.

Onu da xatırladaq ki, həmin bu Ramasvami verilişlərin birindəki ermənipərəsət çıxışında Gəncənin və Bərdənin dinc əhalisinin erməni ordusu tərəfindən bombalanması kadrlarını Azərbaycanın Qarabağdakı ermənilərə qarşı hücumu kadrları kimi təqdim etmişdi.






Fikirlər