“Televiziyaya qayıtmağımla bağlı mənə təklif oldu. Amma istəmədim. Yerimi gənclərə verdim. Mənim yaşım artıq çatıb. Gənc universiteti bitirib gəlir, niyə yerimi ona verməyim ki?! Axı o da işləmək istəyir, maaşa ehtiyacı var, ailə saxlayır. Özümü könüllü şəkildə televiziyadan uzaqlaşdırdım. Nə səsim batmışdı, nə də ki, görünüşümdə bir başqa şey yaranmışdı. Televiziyanın nəzdində akademiya var, orada uşaqları hazırlayırlar. Aztv-nin sədri Rövşən Məmmədov məni ora da dəvət etdi ki, dərs deyim. Amma özümdə güc toplaya bilmədim, çünki artıq qocalıq öz sözünü deyir. Hətta oranın tələbələri ilk diplomlarını alanda biz də təbrik etmək üçün getmişdik. Hiss etdim ki, o uşaqlar mətbuatı sevən uşaqlardır, ayıq-sayıqdırlar, axtarırlar ki, kimlərdənsə yazsınlar, müsahibə alsınlar. Onlara da uğurlar arzulayıram. Gözüaçıq, qulaqları iti olmaq lazımdır. Biz də elə olmuşuq”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, diktor Ofeliya Sənani deyib. O daha sonra öz dövrünün televiziya mühitindən danışıb.
“Yeni ili, Novruz bayramını işdə olurduq, sonradan ailəmizlə bayramları qeyd edirdik. Bir dəfə Nəsibə xanım verilişimizə gəlmişdi. Bizə dedi ki, “ay qız, siz səhərdən heç nə yeməmisiz? Ayaq üstəsiz mıx kimi dayanmısız. Adam da acqarına iş görər?”. Bizi pərdənin arxasına çağırdı, çantasından qızardılmış kotletləri çıxarıb çörəyin üstündə bizə yedirtdi. Allah ona rəhmət etsin. Gör necə aktrisalarımız, bizə ata qayğısı göstərən aktyorlarımız var idi. Mən də gənclərimizə arzu edirəm ki, efirdə qocalsınlar” deyə diktor bildirib.
Ofeliya Sənani həyat yoldaşı Valid Sənanini də xatırlayıb.
“Bizim evdə söhbət ancaq televiziyadan gedirdi. Valid qəribə insan idi. Hər an, hər saniyə onunla danışıram, söhbət edirəm. Yuxuda da onu görəndə mənə deyir ki, “Ofa, mən səni görürəm”. Bir ara evimi dəyişdim, yeni evə köçdüm. Yuxuda Validi gördüm. Dedi ki, “Ofa, səndən gözləməzdim. Sən niyə evi dəyişdin? Köç köhnə evə. Mən buranı tanımıram, ruhum köhnə evdədir, səni orada görürəm”. Yenidən köhnə evimə köçdüm ki, o darıxmasın. Onsuz çox darıxıram (ağlayır). Verilişləri birgə izləyirdik, müzakirə edirdik. Çox qayğıkeş insan idi. Yaşa dolduqca başa düşürəm ki, həyat yoldaşı insan bu yaşda lazımdır” deyə diktor bildirib.