“Naqif Həmzəyev həşəratdır” – Sabiq təhsil naziri

 

16271“Kimsə öz ailəsinə sahib çıxa bilmirsə, bunu Rəsulzadənin üzərinə yıxmasın”

“O millət vəkili deyil, həşəratdır. Belə insanların Milli Məclisdə təmsil olunması doğru deyil”.Bu barədə aim.az-a sabiq təhsil naziri Firudin Cəlilov Gəncədən yenicə deputat seçilən 32 yaşlı Naqif Həmzəyevin Azərbaycan Cumhuriyyətinin banisi, milli istiqlal hərəkatının lideri Məhəmməd Əmin Rəsulzadəni vətən xaini adlandırmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, indiki Azərbaycan Respublikası və eyni zamanda Milli Məclis M.Ə.Rəsulzadənin qurduğu Azərbaycanın və parlamentin davamıdır: “Rəsulzadənin qurduğu ölkədə və ya parlamentdə oturub onu təhqir etmək yaramazlıq və mədəniyyətsizlikdir. Bu gün M.Ə.Rəsulzadəni təhqir edən sabah dövlətini, xalqını və vətənini təhqir edib, alçaldar. Belələri vətənlərini satanlardır. Necə olur ki, bu cür qabiliyyəsiz, öz ölkəsinin tarixini bilməyən insanlar parlamentə düşür. Belə insanlara qapı açıb onları irəli çəkmək olmaz. İndi deputatdır. Sabah da qərar verib, onu daha yüksək vəzifəyə çəkəcəklər ki, o da ölkəni içdən parçalamağa cəhd edəcək. Necə ki, hazırda bu hala şahidlik edirik. Prezidentin inanıb etibar etdiyi şəxslər ona xəyanət edir. Həmin xəyanətkardan biri də bu olacaq”.

trend_fazil_mustafa_albom_4Millət vəkili Fazil Mustafa isə qeyd edib ki, Rəsulzadə haqqında bu cür danışmaq ən azı tərbiəyədən kənar bir işdir: “Bu vaxtilə Heydər Əliyevin və sonradan cənab prezident İlham Əliyevin Rəsulzadəyə verdiyi qiymətə qarşı çıxmaqdır. Heç bir halda yolverilməzdir. Bunu kimin deməyindən asılı olmayaraq, mətbuatda və ictimaiyyədə qınağa çevirmək lazımdır. Bu dövlətin qurucusuna belə hörmətsiz davranmaq olmaz. Əgər kimsə öz ailəsinə sahib çıxa bilmirsə, bunu Rəsulzadənin üzərinə yıxmasın. Rəsulzadə öz ailəsinə də, Azərbaycana da sahib çıxıb. Onun öz ailəsi güllələnibdir. Görəsən Rəsulzadənin başına gətirilən müsibətlər bunu deyən insanın başına gətirilsəydi, dözə bilərdi? 17 yaşlı oğlunu güllələyiblər. Qızını, həyat yoldaşını bütün ailəsini sürgün ediblər. Rəsulzadə imperiyanın əlindən ailəsini alıb apar bilərdi? Bunu kəskin qınayıram. Kimin deməsindən asılı olmayaraq mən öz sözümü deyəcəyəm. Bu tərbiyəyə aid olmayan bir yanaşmadır”.

F.Mustafa deputatın üzvü olduğu Yeni Azərbaycan Partiyasının məsələyə münasibət bildirməli olduğunu qeyd edib: “Necə yəni ailəsinə sahib çıxa bilməyib, dövləti satıb?! Deputatın belə bir ifadə işlətməsi, doğurdan da, biabırçılıqdır. YAP yəqin ki, məsələyə münasibət bildirəcək. Bir məsələni xatırlatmaq istəyirəm: heç olmasa prezident İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı verdiyi sərəncama baxsınlar. Görsünlər ki, prezidentin Rəsulzadəyə münasibəti nədir və YAP üzvünün Rəsulzadəyə münasibəti nədir? Bu, əslində Rəsulzadəyə qarşı çıxış deyil. Bu, birbaşa İlham Əliyevə, Heydər Əliyevə qarşı çıxışdır. Heydər Əliyevin Rəsulzadəyə verdiyi qiyməti oxusun və bundan sonra özünün nə dərəcədə böyük qəbahət işlədiyini anlasın”.

57762Parlamentari bu addımı həm də ölkə başçısının sərəncamına qarşı çıxmaq kimi qəbul edir. Onun sözlərinə görə, prezidentin Rəsulzadəyə sayğılı münasibəti qarşılığında Həmzəyevin bu cür danışması düşünməyə əsas verir:“Azərbaycan ictimaiyyəti buna çox ciddi reaksiya verməlidir. Sovet rejiminin qarşısında kim öz ailəsini qoruya bilərdi ki?! 17 yaşlı oğlunu güllələdilər, körpə uşağını, ailəsini Qazaxıstana sürgün etdilər. Nə edə bilərdi? Ancaq öz canını götürüb 1922-ci ildə vətəndən getdi. Bu ifadəni işlətmək, ümumiyyətlə, Azərbaycan xalqına hörmətsizlikdir. Kimisə qəbul etməyə bilərsən. Amma onun ailəsinə, onun ruhuna hörmətsizlik göstərmək qətiyyən yolverilməzdir. Əgər YAP-ın üzvü belə bir söz deyirsə, bu artıq YAP-ın sədri, ölkə prezidenti İlham Əliyevin sərəncamına qarşı çıxmaq deməkdir. Onun sərəncamının doğru olmadığını iddia etmək deməkdir. Əgər bu iddiası varsa, çıxıb açıq söyləsin. Prezidentin Rəsulzadəyə sayğılı münasibəti qarşılığında bu adamın belə bir münasibəti, ümumiyyətlə, düşündürücüdür. YAP buna öz münasibətini mütləq bildirməlidir”.






Fikirlər