HARRİS ERMƏNİLƏRİ QARABAĞA QAYTARACAQ? - Vitse-prezidentin “vədləri” nəyə xidmət edir?
ABŞ-də seçki yarışı qızışdıqca, prezidentliyə əsas namizədlərin seçki vədləri çoxalır və rəngarəng hal alır. Bu da Qərb seçki mədəniyyəti üçün adi haldır, baxmayaraq ki, seçkidən sonra bu vədlərin çoxu müvəffəqiyyətlə unudulur... Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Kamala Harris Ermənistanın Müstəqillik Günü münasibətilə İrəvana göndərdiyi təbrik məktubunda Qarabağı tərk etmiş ermənilərin geri qayıtması barədə danışıb. O, bunun “Cənubi Qafqazda sabitliyin bərpası üçün son dərəcə vacib olduğunu” vurğulayıb. Maraqlıdır ki, Harrisin bu ifadəsi erməni siyasi isteblişmentinin revanşist kəsiminin kütbeyin hissəsində sevinc və ruh yüksəkliyi yaradıb. Belə ki, Harrisin imzaladığı təbrik dərhal erməni diasporunun ən radikal qurumlarından olan Amerika Erməni Milli Komitəsi tərəfindən dərc edilib. Qurumun saytında bu, ABŞ-nin rəsmi mövqeyi kimi təqdim olunub və ona istinad edilib ki, Harris ABŞ-nin vitse-prezidenti vəzifəsini daşıyır. Lakin bir məqama fikir verilməyib ki, Harris bu ifadəni daha çox erməni əsilli seçicilərin səsini qazanmaq istəyən prezidentliyə namizəd kimi işlədib, nəinki vitse-prezident kimi. Əvəzində, Prezident Co Bayden erməniləri Müstəqillik Günü münasibətilə təbrik etdiyi məktubunda onların Qarabağa qaytarılması ilə bağlı heç bir ifadəyə yer verməyib. Görünür, ona görə ki, Baydenə artıq ermənilərin səsi lazım deyil, ona görə də hansısa boş vədlər verməyə ehtiyac duymur... Digər yandan, zatən Azərbaycan vətəndaşlığını qəbul etmələri şərtilə, Bakı ermənilərin Qarabağa qayıtmasına hər hansı rəsmi etiraz bildirməyib. Ona görə də Harrisin bu ifadəsini şişirtmələri Ermənistandakı revanşistlərin kütbeyinliyinin növbəti təzahürüdür. Hansı ki, erməni siyasi isteblişmentinin və bütünlükdə erməni cəmiyyətinin adekvat hissəsi Harrisin bu təxribat xarakterli, ermənilərin səsini qazanmağa hesablanan ifadəsinə bir o qədər əhəmiyyət vermədi. Onlar artıq təcrübədən çıxış edərək, çoxdan bu cür vədlərə skeptik yanaşırlar... Onu da qeyd edək ki, zatən Amerikadakı ermənilərin əsasən Harrisə səs verəcəkləri gözləniləndir. ABŞ-dəki erməni diasporunun rəhbərləri Amerika mətbuatına açıqlamalarında dəfələrlə Donald Trampın ermənilər üçün məqbul namizəd olmadığını, hətta “təhlükəli olduğunu” bəyan ediblər. Odur ki, ermənilərin əksəriyyətinin seçimi Hasrrisin tərəfində olacaq. Ancaq nəticədə Harrisin seçilməsinin gerçəkdən ermənilərin Qarabağa hipotetik qayıdışı məsələsində, yaxud ABŞ-nin Cənubi Qafqaz siyasətində ciddi dəyişikliyə gətirib çıxaracğı ehtimalı 0-a yaxındır. Harrisin ümumiyyətlə, bu regionu və onun problemlərini dərindən bilməsi ehtimalı da çox aşağıdır. Buna görə o, sözügedən məktuba qədər Qarabağ ermənilərilə bağlı heç bir açıqlama verməmişdi və onun ümumiyyətlə, bu “qayıdışı”, bunun detallarını necə təsəvvür etdiyini düşünmək çətindir. Buna görə də məsələnin detallarına baş vurmadan, sadəcə ermənilərin könlünü xoş edən təxribat mahiyyətli ifadə ilə kifayətlənib. Yəqin ki, Harrisin bu seçki manipulaysiyasının mahiyyətini, məqsədlərini və dəyər(sizliy)ini Azərbaycan tərəfi də yaxşı başa düşdüyündən rəsmi səviyyədə buna heç bir reaksiya verilmədi. Yeri gəlmişkən, Azərbaycan tərəfi kimi, Ermənistandakı Paşinyan hökuməti də baş verənləri və Harrisin vədlərinin çəkisini yaxşı anladığından “başını aşağı salıb”, Qarabağdan gedən ermənilərin mənzillə təmin olunması proqramını həyata keçirməklə məşğuldur. Elə Paşinyanın bir qədər əvvəl İrəvanda keçirdiyi mətbuat konfransında ermənilərin Qarabağa qayıtmasının real olmadığını açıq şəkildə deməsi də Harrisin vədlərinin gerçək dəyəri barədə nəticə çıxarmağa əsas verir... “AzPolitika.info”