OLİQARXLARIN ƏMLAK SAVAŞI – Ali Məhkəmə Ramiz Mehdiyevin qızı, prokurorluq və digərlərinin şikayətləri ilə bağlı qərar verib
Ali Məhkəmədə "Baku Steel Company" MMC Müşahidə Şurasının keçmiş sədri, 4 ilə yaxındır həbsdə olan Rasim Məmmədovun özü, prokurorluq, həm də onun işiylə əlaqədar bir sıra maraqlı şəxslərin şikayətlərinə baxılıb. “AzPolitika” “Azadliq.org”-a istinadla xəbər verir ki, şikayətçilər arasında Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva da olub. R.Məmmədovun özü üzərindəki 13 il 9 aylıq cəzanın ləğvini, bəraət hökmünün çıxarılmasını istəyib. O, həyat yoldaşının, qayınatasının və başqa yaxınlarının adına olan əmlakla bağlı müsadirə qərarlarının ləğv olunmasını, onların geri qaytarılmasını da tələb edib. Prokurorluqsa, əksinə, R.Məmmədovla ailəsinin daha bir neçə əmlakının müsadirəsini istəyir və bu məqsədlə də Ali Məhkəməyə kassasiya protesti verib. R.Məmmədov tutulandan sonra üzərinə həbs qoyulsa da, məhkəmənin müsadirə etmədiyi bir neçə mənzil və torpaq sahəsi var. Prokuror həmin qərardan narazı qalıb. R.Mehdiyevin qızı K.Əliyeva isə Bakı Oksford Məktəbi binasının müsadirəsinə dair qərardan şikayət verib. R.Məmmədovun işini Bakı Ağır Cinayətlər Məhkəməsi araşdırıb. Hökm və əmlakların müsadirəsi haqda qərarı da bu məhkəmə çıxarıb. Bakı Apellyasiya Məhkəməsi iş adamının cəzasını 3 ay azaltsa da, qalan bölümdə hökmü dəyişməyib. Bakı Oksford Məktəbində 100 faizlik payın tən yarısının sahibi olan K.Əliyeva bir müddət öncə Bakı Ağır Cinayətlər Məhkəməsinə ərizə göndərərək məktəb binasının müsadirəsinə dair qərarın onun mülkiyyət hüququnu pozduğunu vurğulayıb. "Bu iş artıq Ali Məhkəmənin icraatında olduğuna görə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri İsmayıl Xəlilov Kamilə Əliyevanın müraciətini Ali Məhkəməyə göndərib", - məhkəmədə jurnalistlərə belə deyilib. K.Əliyeva məhkəmədə Ədliyyə Nazirliyinə və R.Məmmədovun həyat yoldaşına - məktəbin digər payçı və təsisçisi Mehriban Məmmədovaya qarşı da iddia qaldırıb. Ancaq Səbail Rayon Məhkəməsi həmin iddiaya baxmaqdan imtina edib. K.Əliyevanın nazirliyi məhkəməyə verməsinin səbəbi Ali Məhkəmənin yekun qərarı olmadan icra məmurlarının müsadirə ilə bağlı qərarı icra etmələri – məktəb binasının hərraca çıxarılmasıdır. Məktəbin binası ilk dəfə iyul ayında 24 milyon 703 min manata satışa çıxarılsa da, alıcısı olmayıb. Sentyabrda gerçəkləşdirilən üçüncü hərracda qiymət 22 milyon 232 min 700 manata endirilsə də, yenə də alıcı tapılmayıb. Növbəti hərrac oktyabrın 28-nə planlaşdırılıb, qiymətsə 18 milyon 527 min 250 manat nəzərdə tutulub. R.Məmmədovun həyat yoldaşı M.Məmmədovayla atası da Ali Məhkəməyə şikayət verib. M.Məmmədova şikayətində göstərib ki, hələ R.Məmmədovla ailə qurmazdan öncə atasının aldığı əmlaklar müsadirə olunub, bu da qanunsuz və mülkiyyət hüququnun pozulmasıdır. Məhkəmə çəkişməsinə Dubayda fəaliyyət göstərən "RMH General Trading" DMCC də qoşulub. Bu şirkət iddia edir ki, əslində onlara aid şirkəti Bakı Ağır Cinayətlər Məhkəməsi R.Məmmədovun əmlakı kimi müsadirə edib. Söhbət "Baku Non Ferrous and Foundry Company"dən gedir. Məhkəmə qərarında bu şirkətin R.Məmmədova aid olduğu, bu səbəbdən müsadirə edildiyi iddia olunsa da, "RMH General Trading" DMCC göstərir ki, şirkətin təsisçisi onlardır. Ali Məhkəmə şikayətlərin heç birini, o cümlədən prokurorluğun protestini də təmin etməyib. Aşağı instansiyanın hökm və qərarları olduğu kimi saxlanılıb. R.Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edib "Baku Steel Company"dən 185 milyon manatlıq mənimsəmədə, qanunsuz sahibkarlıq, çirkli pulların yuyulması kimi əməllərdə suçlanır.