Ramiz Mehdiyevin qızının hansı dövlət qurumlarını məhkəməyə verdiyi məlum oldu - TƏFƏRRÜAT

Ramiz Mehdiyevin qızının hansı dövlət qurumlarını məhkəməyə verdiyi məlum oldu - TƏFƏRRÜAT

Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva dövlət qurumlarına qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı Apellyasiya Məhkəməsinin hakimi Günay Axundovanın icraatına verilib.
Kamilə Əliyevanın barəsində iddia qaldırdığı dövlət qurumları arasında – Ədliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti, Səbail rayon İcra şöbəsi, Hərracların Təşkili üzrə Auksion Mərkəzi, “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri” Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərzai İdarəsi yer alır.
Məlumat üçün bildirək ki, Kamilə Əliyevanın dövlət qurumlarından məhkəməyə şikayət etməsinin səbəbi “Bakı Oksford Məktəbi”nin müsadirə olunan və hərraca çıxarılan binası ilə bağlıdır.
Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 108 ünvanında yerləşən və ümumi sahəsi 18 min 972,2 kvadratmetr olan bu binanın 2 sahibi olub. Onlardan biri hazırda həbsdə olan “Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədova, digəri isə Ramiz Mehdiyevin qızı, eyni zamanda sabiq millət vəkili İlham Əliyevin həyat yoldaşı olan Kamilə Əliyevadır. Hər iki mülkiyyətçinin binadakı payı 50% təşkil edir.
Hərraca çıxarılan bina Rasim Məmmədova və yaxınlarına məxsus müsadirə olunan əmlaklardan biridir. Kamilə Əliyevə isə məhkəməyə müraciət edərək ona məxsus olan payın geri verilməsini tələb edir.
Onu da qeyd edək ki, “Bakı Oksford Məktəbi”nin müsadirə olunan binası artıq 2 dəfə hərraca çıxarılıb. Bina ilk dəfə 29 iyul tarixində açıq hərraca çıxarılıb və ilkin start qiyməti 24 milyon 703 min manat olub. 27 avqust tarixində keçirilən 2-ci hərracda da binanın start qiyməti dəyişməz qalıb. Lakin 2-ci hərracda heç bir hüquqi və fiziki şəxs tərəfindən sifariş verilmədiyi üçün hərrac baş tutmayıb və bu səbəbdən bina sentyabr ayının 26-da 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılacaq. 26 sentyabr tarixində baş tutacaq hərracda binanın start qiyməti 22 milyon 232 min 700 manat olacaq.






Fikirlər