"MTN öz marağına görə işi DİN-ə vermədi"

mtn_bina_yeni_main_180215«2012-ci ilin fevralında keçmiş Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində kompüter mütəxəssisi Elçin Abdullayev MTN zabiti Sahib Ələkbərovun qurbanı olub».

Xeberinfo.com:   Məlumata görə,  bunu bu gün mətbuat konfransında vəkil Türkel Süleymanlı bildirib.

Elçin Abdullayev və başqaları kompüter informasiyasına qanunsuz daxil olaraq müxtəlif bank hesablarından külli miqdarda pul vəsaitlərinin talanmasında təqsirli biliniblər.

«GUYA TRANSMİLLİ CİNAYƏTKAR QRUP OLUBLAR»

Vəkil Türkel Süleymanlı deyir ki, heç bir zərərçəkən tərəf olmasa da, bu cinayət işi yalnız maddi maraq əsasında MTN tərəfindən başlanıb: «Elçin kompüter sahəsində mütəxəssis işləyib. İddia edirlər ki, dəstənin rəhbəri olan Rəhman Musayev guya transmilli beynəlxalq cinayətkar qrup yaradıb və banklardan külli miqdarda vəsait oğurlayıblar. Halbuki Elçinlə Rəhman arasında heç vaxt vəzifə, pul bölgüsü olmayıb. Sahib Ələkbərov öz maraqlarına görə oğurluqla bağlı olan cinayət işinin istintaqını Daxili İşlər Nazirliyinə verməyib».

«ZƏRƏR VAR, ZƏRƏÇƏKƏN YOX»

Vəkil iddia edir ki, S.Ələkbərov Beynəlxalq Bankın əməkdaşları ilə cinayət əlaqəsinə girərək, bank əməkdaşlarının guya E.Abdullayev və E.Zəkiyevin əməli nəticəsində 6180 manat ziyan çəkdiyini cinayət işinə əlavə edib: «Halbuki, nə istintaq, nə də məhkəmə zamanı Beynəlxalq Bank tərəfindən hər hansı xarici bank və ya fiziki şəxsin tələbnaməsi bizə təqdim olunmayıb».






Fikirlər