Mahmud Hacıyev: “Bunu tam məsuliyyətlə deyirəm ki...”
Məmurların əhaliyə “pullarınızı evdə saxlamayın, banklara yerləşdirin” çağırışları oğruluq və quldurluq hadisələri haqda xəbərlərin intensivləşdiyi bir vaxta təsadüf edir. Son günlər mətbuat səhifələrində ən müxtəlif regionlardan tamah məqsədi ilə qətllər törədilməsi haqda da məlumatlar gəlməkdədir. Oğurluq və quldurluq xəbərləri bir-birini əvəzləyir.
“Bakıda rektorun seyfindən 500 min manat apardılar”, “Sabiq prokurorun evinə quldur basqını oldu”, “Sumqayıtda şirkətdən oğurluq” və bu kimi xəbərlərin bolluğu maliyyə naziri Samir Şərifovun “pullarınızı evdə saxlamayın, evə oğru girər, ev yana bilər” fikirlərindən sonraya təsadüf edir. Sanki oğru və quldurlar nazirin fikirlərini özlərinə lazım olan informasiya kimi qəbul ediblər. Kriminal aləmdə belə informasiyalara “nakolka” vermək deyilir.
Yəni bir şəxsin var-dövlətli olması, evdə pul-qızıl zinət əşyaları saxlaması, ünvana daxil olma üsulları, mənzilində seyfin harada yerləşməsi, qarət ediləcək mənzildə kimlərin yaşadığı, hansı yaşda olduqları, müqavimət göstərə bilib-bilməməsi, ev sahibində silahın olub-olmaması və bu kimi məlumatlar qısaca “nakolka” sözü ilə əvəzlənir.
Nazirin çıxışı ilə kriminal olayların artması arasında səbəbli əlaqə varmı? Kriminal qruplaşmalar, oğrular məmurların çıxışlarını “əhalidə pul var” siqnalı kimi qəbul edib hərəkətə keçə bilərlərmi? Yoxsa digər səbəblər var?
Sabiq polis rəisi Mahmud Hacıyev deyir ki, ölkədə oğurluq və quldurluq cinayətlərinin artması, ümumiyyətlə isə kriminogen durumun ağırlaşması labüddür: “Samir Şərifovun, ümumiyyətlə, məmurların bu yöndə çıxışlarına qədər ölkədə 2 dəfə devalvasiya olub, əhalinin sosial- iqtisadi durumu ağırlaşıb, hətta deyərdim dözülməz həddin astanasındadır. Samir Şərifovun hökumət üzvü kimi ölkədə baş verən 2 devalvasiyadan sonra vətəndaşlara belə bir müraciət etməsi normaldır. Çünki o görür ki, bank sektoru çökür, əhalinin əlindəki pullar isə dəyərsizləşir. Ona görə də vəziyyətdən çıxmaq üçün belə bir çağırış edir. Samir Şərifovun çağırışı ”bir güllə ilə iki dovşan" vurmaq məsəlinə tam uyğundur, normaldır".
M.Hacıyev deyir ki, əgər statistik məlumatlar dorğu-düzgün verilsə, cinayətlərin artması və artan cinayətlərin böyük hissəsinin kriminal keçmişi olmayan şəxslər tərəfindən törədilməsi üzə çıxacaq: “İndiki ağır sosial-iqtisadi durumda oğurluq və quldurluq cinayətlərinin təkcə kriminal keçmişi olan şəxslərin törətdiyini söyləmək də olmaz. Ölkədə işsizlik hər ötən gün artır, sosial durum ağırlaşır. Pulsuz-parasız, işsiz qalan, evdə çörək tapmayanlar da cinayət yolunu seçir. Aydındır ki, bu çıxış yolu deyil, amma reallıq belədir. Sadəcə, nazirin çağırışı təsadüfən oğurluq və quldurluq hadisələrinin bir-birini əvəzlədiyi vaxta düşüb. Məsələnin bu tərəfi də var ki, ölkədəki iqtisadi böhran, pulun dəfələrlə dəyərdən düşməsi, işsizliyin artması təkcə tamah məqsədli cinayətləri deyil, xuliqanlıq, ictimai asayişin qəsdən pozulması, bədənə ağır xəsarətlərin yetirilməsi, intihar və bu tipli digər cinayətlərin də sayında özünü göstərir. Məsələn, 20-30 il əvvəl 2 nəfərin mübahisəsi səs tonunun qalxması ilə sona çatırdısa, indi mübahisə səs tonunun qalxması ilə bitməyəcək. Bıçaq, balta, küt alətlər işə düşəcək”.
M.Hacıyev deyir ki, sosial iqtisadi problemlər birbaşa insanların psixoloji durumuna təsir etdiyindən xüsusi amansızlıqla törədilən cinayətləri də artıracaq: “Gərginlik içində olan insanların əsəbi reaksiyaları, ani qərarlar verməsi labüddür. Kimsənin xoş olmayan sözünə sosial durumun yaxşı olduğu vaxtda üstündən keçilməklə reaksiya verilirdisə, indiki durumda belə olmayacaq. Ölkədəki sosial iqtisadi durum özünü qəsdən, xüsusi amansızlıqla adam öldürmə cinayətlərinin sayında da göstərir. Çünki işsiz, pulsuz vətəndaşın psixoloji durumu gərgin olur. 2016-cı ilin sonunda ölkədəki kriminogen durumun əks olunduğu statistik məlumatlarla 2015-ci və ya 2014-cü ilin statistik məlumatlarını müqayisə etsəniz, görəcəksiz ki, cinayətlərin böyük əksəriyyətini əvvəllər məhkum olunmamış, ali təhsilli, vaxtilə işlədiyi yer və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunan şəxslər törədib. Bunu tam məsuliyyətlə deyirəm. Çünki işsiz-gücsüz insanların böyük əksəriyyətinin psixoloji durumu gərgindir, bu gərginlikdən doğan cinayətlər də müvafiq olaraq artacaq”.