Maliyyə naziri Samir Şərifov yaxın vaxtlarda karyerasını bitirə bilər
Manatın kursunun qorunmasına məsul şəxslərdən biri olan S.Şərifov hakimiyyət çevrələrində ən çox tənqid olunan nazirlərdən biridir.
Kəskin devalvasiya təklifini də S.Şərifov verib.
"AzerTaym.az" bildirir ki, bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.
Mənbənin məlumatına təkcə manatın kursunun qorunmasına görə yox, ölkənin maliyyə sisteminin bərbad gündə olmasına görə S.Şərifov məsuliyyət daşıyır: “Onun tətbiq etdiyi “atkat” sistemi - bütün dövlət sifarişlərindən 3-5 faiz “şapka” alınması, dövlət sifarişləri ilə işləyən özəl müəssislərə pul köçürmələrində ağlasığmaz maxenasiyalar ölkənin maliyyə sistemini bərbad vəziyyətə gətirib. Üstəlik də Beynəlxalq Bank məsələsində də S.Şərifovun məsuliyyət payı var”.
Mənbə onu da bildirir ki, S.Şərifov ölkənin maliyyə təhlükəsizliyini təmin etmək əvəzinə, mənsub olduğu qrupun maraqlarını üstün tutması ölkənin maliyyə sistemini indiki iflic vəziyyətinə gətirib. Güman ki, özünü doğrultmayan bəzi nazirlər kimi o da postunu çox yaxınlarda itirəcək.
Bir qədər öncə istiqlal.az bank sektorundakı mənbəyə istinadla xəbər yaymışdı ki, devalvasiya lə bağlı müzakirələrdə ən sərt mövqeyi maliyyə naziri Samir Şərifov tutub. Məhz onun təkidi ilə manatın dollarla məzənnəsi 1 manat 55 qəpik müəyyən edilib.
Mənbənin məlumatına görə, devalvasiyadan öncə maliyyə blokuna daxil olan şəxslərin toplantısı keçirilib: Toplantıda Mərkəzi Bankın sədri Elman Rüstəmov yumuşaq devalvasiya təklif edib – 1 dollar 1 manat 15 qəpik. E.Rüstəmov təklifini hərtərəfli əsaslandırıb, yəni həm iqtisadi, həm maliyyə, həm də sosial baxımdan. Ancaq maliyyə naziri Samir Şərifov Neft Fondunun itkilərini əsas götürürərək 1 dolların 1 manat 55 qəpik olmasını israrla təkid edib. Gərgin müzakirələrdən sonra Samir Şərifovun təklifi qəbul edilib, E.Rüstəmov isə başını bulayaraq toplantını tərk edib.