MANATIN “ÇÖKÜŞÜ” HÖKUMƏTİ DƏ PARÇALAYIB – Kimlər “qurban” verilə bilər?
“Xalq etirazları küçələrə daşısa, ilk olaraq məhz Elman Rüstəmovla Samir Şərifov vəzifələrini itirəcəklər…” Devalvasiya ilə bağlı əhalidə yaranmış narazılığın hökumətin içərisinə də sıçrayacağı barədə informasiyalar təsdiqlənir Dekabrın 21-də manatın ikinci devalvasiyasının xalqa vurduğu zərbədə əsas ittiham hədəfi Mərkəzi Bank rəhbəri Elman Rüstəmovdan sonra maliyyə naziri Samir Şərifov olub. Mediada yayılan məlumata görə, devalvasiya ilə bağlı hökumətdə olan müzakirələrdə ən sərt mövqeyi maliyyə naziri tutub. Aydındır ki, ölkənin əsas atributu olan manatla bağlı son qərar prezidentlə razılaşdırılsa da, ölkənin maliyyə məsələsində sorumlu iki əsas şəxs var:Mərkəzi Bank rəhbəri və maliyyə naziri. Məhz onların hazırladıqları maliyyə hesabatlarından sonra devalvasiya ilə bağlı qərar elan olunur. Bu baxımdan maliyyə nazirinin də adının gündəmə gəlməsi həm də qanunauyğunluqdur. Milli Məclisdə gələn ilin büdcə müzakirələrində də S.Şərifov “neftin qiyməti 60 dollar qalacağı təqdirdə valyuta ehtiyatlarımız artacaq. 40 dollarlıq ssenari bizim üçün pisdir. Bu halda valyuta ehtiyatlarımız azalacaqdır” demişdi. Yəni nazir açıqlamalarında birmənalı olaraq manatın devalvasiya olmayacağını deməyib. Neft Fonduna rəhbərlik etdiyi dövrdə S.Şərifov QHT-lərlə müəyyən əməkdaşlıq etsə də, nazir təyinatından sonra onun Maliyyə Nazirliyini daha qapalı təşkilata çevirdiyi də səslənən ittihamlar sırasındadır. Nazir kimi ilk zamanlar kifayət qədər təcrübəli, çalışqan, siyasi iddialardan və qruplaşmalardan kənarda olması ilə hətta Qərb dairələrinin də diqqətini cəlb etsə də, son illər onun təkcə baş bankirlə deyil, digər nazirlik rəhbərləri ilə problemlər yaşadığı iddia edilir. O da qeyd edilməlidir ki, 2011-ci ildən hökumətin parlamentə hesabatını məhz maliyyə naziri təqdim edirdi ki, bu da onun adını baş nazir postunda Artur Rəsi-Zadəni əvəz edə biləcək iddiaçılar sırasına qoşmuşdu. WikiLeaks saytının Azərbaycanla bağlı yayımladığı məxfi sənədlərdə ABŞ-ın ölkəmizdə səfiri olmuş Enn Dersinin 2006-cı ildə Vaşinqtona göndərdiyi teleqramların birində S.Şərifovun da adı çəkilirdi. 2011-ci ildə yayılan teleqramların birində ABŞ səfiri “yeni iqtisadi komanda” formalaşdırıldığını yazır, bu sırada S.Şərifovun da adı xatırlanırdı.Həmin teleqramda S.Şərifov “Paşayevlərə yaxın kadr kimi” təqdim edilirdi. Amma o vaxtdan çox şeylər dəyişib və iddialara görə, S.Şərifovun indi hakimiyyətdəki ikinci məşhur soyadla da münasibətləri bilinməyən səbəblərdən korlanıb.
Məhz onun təkidi ilə manatın dollarla məzənnəsi 1 manat 55 qəpik müəyyən edilib. İddiaya görə, devalvasiyadan öncə maliyyə blokuna daxil olan şəxslərin toplantısında Mərkəzi Bankın sədri yumşaq devalvasiya təklif edib – 1 dollar 1 manat 15 qəpik. Ancaq maliyyə naziri bir vaxtlar rəhbərlik etdiyi Neft Fondunun itkilərini əsas götürərək 1 dolların 1 manat 55 qəpik olmasını israrla təkid edib. Gərgin müzakirələrdən sonra S.Şərifovun təklifi qəbul edilib. Xatırladaq ki, fevralın 21-də manatın 38 faizlik devalvasiyasının da ölkənin baş maliyyəçisinin təkidi ilə baş verdiyi bildirilirdi.
Xalqa manatın devalvasiya olmayacağı ilə bağlı danışdığı yalana görə Mərkəzi Bank rəhbərinin hətta həbs edilməsi tələbinin səsləndiyi bir vaxtda, S.Şərifovun da yenidən hədəfə çıxarılması maraq doğurur. Bu, həm də manatla bağlı əhalidə yaranmış narazılığın hökumətin içərisinə də sıçrayacağı barədə informasiyaların sübutu sayıla bilər.
Hələ fevralda baş verən devalvasiyaya görə suçlamaları cavabsız qoyan S.Şərifov deyirdi ki, manatın ucuzlaşdırılması qaçılmaz idi. Oktyabrın 3-də isə “Hesabat” verilişinə geniş müsahibə verən S.Şərifov demişdi ki, manatın məzənnəsində böyük risklər gözlənilmir.Doğrudur, maliyyə naziri özünü sığortalamaq üçün onu da əlavə etmişdi ki, “heç kəs heç vaxt deyə bilməz ki, hansısa valyuta sabit olaraq qalacaq”.
Sirr deyil ki, xalq da manatın birinci “çöküşü”ndən sonra devalvasiyanı müharibədən gələn “qara kağız” kimi hər gün təlaşla gözləyirdi. Amma əhali manatın birdən-birə 48 faiz ucuzlaşacağını ağlına belə gətirmirdi. İndi kəskin devalvasiyada əsas günahkar axtarışına səbəb də bu radikal addıma imza atmış məmur(ları)un kimliyini bilməkdir.
Güman etmək olar ki, E. Rüstəmov da xalqın qarğışının tək hədəfi olmaq istəmədiyindən hökumətdəki müzakirələrin mediaya sızmasında maraqlı olub. Yeri gəlmişkən, S. Şərifov hələ Dövlət Neft Fondunun icraçı direktoru işləyəndən baş bankirlə münasibətləri soyuq olub. Maliyyə naziri təyin edildikdən sonra da iki maliyyəçinin “ulduzları barışmayıb”. Mediada zaman-zaman onların arasında bank sektorunda gedən nüfuz savaşları haqda xəbərlər yayılıb.
Müəyyən zaman mediada adı maliyyə və korrupsiya qalmaqallarında hallanmayan S. Şərifov haqda ittihamlar son zamanlar xeyli artıb. “Beynəlxalq Bank işi” ilə bağlı qalmaqaldan sonra istefaya göndərilən və bu ayın əvvəli həbs edilən Cahangir Hacıyev indi əsas ittihamları maliyyə nazirinə yönləndirir. C.Hacıyev iddia edir ki, Beynəlxalq Bankın Müşahidə Şurasının sədri maliyyə nazirinin müavinidir və qaytarılmayan kreditlərdə S. Şərifovun da ciddi məsuliyyəti var. Baş verənlərin təhlili həqiqətən də onu göstərir ki, təkcə S.Şərifov deyil, banklara nəzarət edən E.Rüstəmov da Beynəlxalq Bankda C.Hacıyevin əməllərinə məqsədli şəkildə “göz yummaqla” onun uçurumdan yuvarlanmasına şərait yaradıblar.
Ekspertlərdən birinin “Yeni Müsavat”a dediyindən belə nəticəyə gəlmək olur ki, iqtidarda “manat çevrilişi” ilə bağlı birmənalı rəy olmayıb. Belə ki, birdən-birə 50 faizlik devalvasiyanın siyasi hakimiyyətdən narazılıq yaradacağı səbəbindən bu prosesin mərhələli aparılması təklif edilib. Amma “maliyyə sektoru”nun nümayəndələri məhz xilas yolunun ciddi devalvasiya olduğunu deyiblər. Ekspertə görə, maliyyə sferasındakı iri fiqurların cəzalandırılıb-cəzalandırılmayacağı yaxın aylarda məlum olacaq: “Xalq etirazları küçələrə daşısa, ilk olaraq məhz Elman Rüstəmovla Samir Şərifov vəzifələrini itirəcəklər…