Gəncədə biabırçılıq

Aşura Günü şəhərdəki orta məktəblərdə dərs günü élan edilib, şagirdlərin İmamzadəyə getməsinə imkan verilməyib
Gəncədə biabırçılıq

Aşura günü ilə bağlı Gəncədə dindarlar İmamzadə türbəsinə, məscidlərə toplaşır. Şəhərin əksər yerlərindən dindarların İmamhüseyn, Zeynəb adı çəkilən mərsiyələri eşidilir.
Həftənin bazar günü olsa da məktəblilər kürəyində çantaları təhsil ocaqlarına yollanıblar. Dünən Gəncə şəhərindəki bütün orta təhsil müəssisələrində dərs keçirilib.
Gəncə şəhər 11 saylı tam orta məktəbin qarşısında dərsdən çıxan azyaşlı məktəbli izah verir ki, müəllimləri İmamzadə türbəsinə getməsinlər deyə bu gün onları dərsə çağırıb. Elə 3-cü sinif şagirdinin valideyni Vüsalə də deyir ki, müəllimlər onlara belə məlumat veriblər. “Bu gün dərs var. Qətl gününə görə, salıblar. Biz ora getməyək deyə məktəbə çağırıblar. Üç dərs böyükləri saxladılar, balaca sinifləri buraxdılar”.
Adının çəkilməsini istəməyən başqa bir valideyn narazılıq edir: “Belə şey olmaz istədikləri qərarı verirlər. Bazar günü dərs keçmək olmaz. Nə qayda var, nə qanun”.
Gəncə şəhər 11 saylı tam orta məktəbin direktoru Təranə Hüseynova da etiraf edir ki, bu gün imtahanlar, olimpiadalar və dərslər təşkil olunub. Məktəb direktoru bunu Gəncə şəhər Təhsil idarəsinin göstərişi ilə reallaşdığını desə də Aşura günü ilə heç bir əlaqəsinin olmadığını vurğulayır.
Gəncədə adamların ən çox toplandığı yer isə İmamzadə türbəsidir. Dünən axşamdan bura yüzlərlə adam axın edir. Türkiyə və İrandan iri avtobuslarla ziyarətçilər də gəlir.
İmamzadədə türbəsində dindarlar ehsan süfrələri açıb, mərsiyə məclisləri qurublar. Ancaq dindarlara bu asan başa gəlmir. Dindar Cəfər danışır ki, onun yoldaşlarının səsgücləndirici inventarları polis tərəfindən alınıb. Bir neçə yoldaşı isə yürüş etməsin deyə Tasua günü axşamdan polis şöbəsinə aparılıb: “Yürüş deyilən bir adət- ənənəmiz var. Ona qadağa qoyulub. Ötən il də, bu il də təzyiqlər edilir. Yürüşə icazə vermirlər. İmamzadədə dindarları polislər içəri buraxmır. Təmir işlərini bəhanə edirlər. 5 10 mağar tikiblər. İmamzadədə əhalinin ora daxil olmasına müəyyən qadağalar qoyulub. Bəzi məscidlərdə məscidlərin həyətində icazə verirlər. Dindarlardan səsgücləndiricilər alınıb. Hazırda 2 nəfər polis idarəsində saxlanılır. Digərləri dindirilib buraxılıb. Hər şey polislərin müşayəti ilə keçir”.
Qətl sınandan sonra da Gəncədə polislər təhlükəsizlik tədbirlərini davam etdirir. Kütləvi şəkildə İmamzadə türbəsinə daxil olanlar sorğu sual edilib sonra içəri buraxılır.






Fikirlər