İKİ XALQ ARTİSTİNİN KÜÇƏ DAVASI - Nazirlik qarışmır...

“ İki xalq artistinin küçə davası - Nazirlik qarışmır...Xəbər verdiyimiz kimi, İlhamə Quliyevanın həbsdə olan köməkçisi Mehriban Hüseynovanın xalq artisti ilə bağlı şok ittihamları dünəndən geniş müzakirəyə səbəb olub.

Daha sonra Aygün Kazımova da primadonnanın köməkçisi ilə qalmaqalına münasibət bildirib.

Kazımova sosial şəbəkədə İlhamə Quliyevanın ona da şər atdığını qeyd edib. Hər iki xalq artisti bu gün dəfələrlə bir-birlərinə qarşı sərt ittihamlar irəli sürüblər.

İlhamə Quliyeva açıqlamasında həmkarını “bədbəxt qadın” adlandırıb:

“Mən həmişə onu dəstəkləmişəm, yazıq, bədbəxt bir qadındır, ona yazığım gəlir. İnanmıram ki, onu Aygün yazıb. Bəlkə, yuxulu olub? Bəlkə onun adından yazıblar? Yəqin, özündə olmayıb. O, özündə olmur, bilmir ki, nə danışır”.

Aygün isə İlhamə ilə bağlı daha dəhşətli məlumatlar yayıb. O, sənətçini anası döyməkdə ittiham edib:

“İlhamə Quliyeva bədbəxt sizin bəlli olmayan nəslinizdir! Anasını hər gün döyən, axırıncı dəfə elə döydü ki, yazıq arvad pilləkanlardan yıxıldı ayağı sındı. Heç sağalmadı da. Elə ondan sonra da rəhmətə getdi. Bəs bilmirdin ki, bir gün sənin də ayaqların tutulacaq?! 5 metr yeriyə bilmirsən ee. Anasına deyirdi ki, ağla-ağla efirdə, qışqırırdı üstünə. Ağla ki, bəlkə Prezident sənə ev verdi”.

Qeyd edək ki, bu, Azərbaycanda mədəniyyər xadimləri arasında ilk dava deyil. Dəfələrlə xalq artistləri bir-birlərinə qarşı biabırçı ifadələr işlədiblər. Media isə onların küçə münaqişəsi səviyyəsində olan qalmaqallarını tez-tez gündəmə gətirsə də, belə görünür onların heç biri bundan nəticə çıxarmır.

“Qafqazinfo” məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxlayıb.

Qurumun mətbuat katibi Vüqar Şıxməmmədov mövzu ilə bağlı danışmaq istəmədiyini vurğulayıb:

“Bu barədə heç bir açıqlama vermək istəmirik. Mövzu ilə bağlı bir neçə mətbuat orqanı bizimlə əlaqə saxlayıb. Bizim mövqeyimiz bəllidir, nazir hələ oktyabr ayında bu tipli suallara cavab vermişdi. Bizim heç bir cavabımız yoxdur”.

“Qafqazinfo” bu məqamda ötən ilin oktyabr ayında Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin mözvu ilə bağlı açıqlamasını təqdim edir:

“Mədəniyyət, incəsənət, şou-biznes cəmiyyətə açıq olan sahələrdir. İstər-istəməz burda gedən proseslər ictimaiyyətin diqqətinə çatır. Bu sahəni təmsil edən insanlar məsuliyyəti dərk etməlidirlər. Mədəniyyət sahəsini təmsil edən insanların davranışının inzibati yolla qarşısının alınması mümkün deyil.

O insanlar həyatları, davranışları, cəmiyyətdəki sözləri ilə buna əməl etməlidirlər, öz nüfuzlarını saxlamalıdırlar. Onlar bilməlidirlər ki, hər bir söz və hərəkətləri cəmiyyətdə müəyyən əks-sadə doğuracaq. Mən kimə deyə bilərəm ki, vuruşmasın? Yenə deyirəm, burda inzibati tədbirdən söhbət gedə bilməz”.






Fikirlər