SƏBAİL rayonunda sahibkarlarla GÖRÜŞ keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə sahibkarlığın inkişafına dəstək olunması, süni qiymət artımının qarşısının alınması ilə bağlı verdiyi tapşırıqların icrası və bu istiqamətdə rayonda görülən işlərlə əlaqədar Səbail Rayon İcra Hakimiyyətində rayon rəhbərliyi ilə rayonda fəaliyyət göstərən sahibkarların görüşü keçirilmişdir.

Görüşü giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov son vaxtlarda dünya ölkələrinin əksəriyyətində baş verən iqtisadi-siyasi böhranın nəticələrinin Azərbaycana da təsirsiz ötüşməməsindən, dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar Azərbaycanda da milli valyutanın devalvasiya olmasından, təbii və süni qiymət artımının baş verməsindən və bununla əlaqədar yaranan iqtisadi çətinliklərdən danışmışdır. Qeyd olunmuşdur ki, ölkə başçısı tərəfindən atılan mühüm addımlar ölkə iqtisadiyyatının möhkəmləndirilməsinə xidmət edir. Ölkə başçısının həyata keçirdiyi ciddi tədbirlər sayəsində Azərbaycanda süni qiymət artımının qarşısı qətiyyətlə alınır. O cümlədən, vətəndaşların sosial müdafiəsi istiqamətində görlən işlər xüsusi  qeyd olunmalıdır. Ölkə başçısının sərəncamları ilə əmək haqları, pensiyalar, müavinətlərin artırılması, vətəndaşların sosial müdafiəsi istiqamətindəki əlavə tədbirlər xalqımız tərəfindən çox müsbət qarşılanmışdır.

Eldar Əzizov “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransın işi, Azərbaycan Respublikası Prezidenti cənab İlham  Əliyevin dövlət qurumları və yerli İcra strukturları qarşısında qoyduğu vəzifələr barədə ətraflı məlumat vermiş, azad sahibkarlığın inkişaf etdirilməsi üçün ölkədə, o cümlədən rayonda sahibkarlara göstərilən qayğıdan, sahibkarlıq subyektlərinin sayının artmasından, onların fəaliyyətinə mane olan amillərin aradan qaldırılması, onlara hərtərəfli köməkliklərin göstərilməsindən danışmışdır. Bidirmişdir ki, hazırda rayonda 5803 sahibkarlıq subyekti fəaliyyət göstərir, bu sahibkarlıq subyektlərində 58294 nəfər çalışır, onların fəaliyyətinin genişləndirilməsi, işlərinə mane olan amillərin aradan qaldırılması məqsədi ilə sorğular keçirilir, müvafiq köməkliklər göstərilir. Əsassız yoxlamaların qarşısının alınması ilə bağlı tədbirlər görülür. RİH-də yaradılan Komissiya və işçi qrupunun üzvləri mütəmadi olaraq monitorinqlər keçirirlər.

Görüşün əvvəlində rayon sahibkarları ilə onların fəaliyyətinə mane olan amillər və onların aradan qaldırılması ilə bağlı təkliflərə dair sorğu keçirilmiş, sorğunun nəticələrinin araşdırılması və müavifq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilmişdir.

Görüşdə çıxış edən 15-dən çox sahibkar fəaliyyət dairələrinin genişləndirilməsi, yeni iş yerlərinin açılması ilə bağlı görüləcək işlərdən danışmış, bu istiqamətdə öz təkliflərini irəli sürmüş, onlara göstərilən dövlət qayğısından razı olduqlarını və buna görə də ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

(Azərtaym.az)

 

 






Fikirlər