KADIROV YENƏ hədələdi: "Bu dəfə başa düşəcəklər"
Çeçenistan prezidenti Ramzan Kadırov «İnstagram» hesabından növbəti dəfə qalmaqallı foto paylaşıb. AzerTaym.az xarici mətbuata istinadən xəbər verir ki, çeçen lider snayperlə çəkdirdiyi fotonun altına bu sözləri yazıb: «Başa düşməyən də bu dəfə başa düşəcək». Xatırladaq ki, fevralın 1-də Kadırov «İnstagram» hesabından Rusiya müxalifətinin təmsilçiləri Mixail Kasyanov və Vladimir Kara-Murza ilə bağlı video paylaşmışdı. Videoda Kasyanov snayper tüfənginin nişangahına salınmış, kadrların altında isə bu sözlər yazılmışdı: "Kasyanov Strasburqa Rusiya müxalifəti üçün pul yığmağa yollanıb, anlamayan anlayacaq".
«İnstagram» videonu hesabdan siləndən sonra Kadırov həm bu sosial şəbəkəni, həm də ABŞ-ı ittiham etmişdi. «Mən həmişə dürüst və açıq şəkildə öz fikrimi ifadə edirəm. ABŞ-ın zəncirli köpəkləri barədə bir-iki söz dedim, dərhal «İnstagram»dan sildilər. Bu da ABŞ-ın tərifli söz azadlığı yanaşması. Hər şey yaza bilərsən, bircə ABŞ-ın itlərinə, Departamentin və Konqresin dostlarına toxunma» - deyə, Çeçenistan prezidenti etirazını sərt şəkildə ifadə etmişdi.