"Dərnəgül boru zavodu" QSC-nin sabiq işçisi Sərməst Seyidəliyev Qaynar.info-ya şikayət ünvanlayıb. Sabiq iqtisadi inkişaf naziri Heydər Babayevə məxsus olduğu bilinən zavodda fəhlə işləmiş şikayətçi üzləşdiyi haqsızlıqlarla bağlı məlumat verib.
Qarabağ veteranı olan şikayətçi Heydər Babayevin şirkətində fəhlələrin qul kimi işlədildiyini bildirib: "2004-cü ilin iyul ayında AB Standart Şirkətlər Qrupunun "Dərnəgül boru zavodu" QSC-də fəhlə kimi işə düzəldim. Həmin ili işə qəbul olunanlara əmək müqaviləsinin surəti verildi. Ondan sonra heç kim əmək müqaviləsinin üzünü görmədi. Rəhbərlik götürdüyü işçilərə müqaviləyə imza atdırmaqla işi bitmiş hesab etdi. Əmək müqaviləsində göstərilir ki, zavodda iş birnövbəlidir, şənbə, bazar və bayram günləri istirahətdir. Aylar, illər bir-birini əvəz etdikcə hər şeyin kağız üzərində olduğunu görürdüm. İşə başladığım birinci gündən 2-ci və 3-cü növbələrdə işləmişəm. Bütün fəhlələr kimi istirahət, bayram günlərinin nə olduğunu bilməmişəm. Təsadüfi hallarda, 7-8 həftədə bir bazar günü istirahət verilirdi. Narazılıq edənlər işdən qovulmaqla hədələnirdi. Qeyri iş günlərində işin, habelə 2-ci və 3-cü növbələrin olmamasını bilməmələri üçün fəhlələrə əmək müqaviləsinin surəti verilmirdi. Qışın şaxtasında, yayın istisində 12 metr uzunluğunda, müxtəlif çəkidə çıxan plasmas boruları iki fəhlə çiyninə götürüb 50-60 metr kənara aparıb atırdı. Boruların əksəriyyətinin ağırlığı 140-150 kilo idi. Ağır boruları daşımaqdan sağ çiynimin sümüyü yerindən oynayıb boğazıma dirənib".
S. Seyidəliyev şirkətdə üzləşdiyi haqsızlıqlardan bəhs edib: "2011-ci ilin sonlarında zavodun icraçı direktoru Məhəmməd Abbasova narazılığımı bildirdim. Onun mənə cavabı bu oldu: zavod Heydər Babayevindir. Həftənin beş günü zavod ona, istirahət və bayram günləri mənə işləyir. Xoşun gəlmir gedə bilərsən. Onun bu cür cavabından sonra dəfələrlə haqqımı tələb etdim. Zavodda olan haqsızlıqları, özbaşınalıqları, M. Abbasovun vəzifəsindən sui-istifadə etməsini H. Babayevə çatdırmaq qərarına gəldim. Qəbuluna düşmək üçün teleqrammalar göndərdim, şirkətə getdim. Təəssüflər olsun ki, məni qəbul etmədi. Güc-bəla ilə şirkətlər qrupunun prezidenti Oruc Heydərovun qəbuluna düşə bildim. M. Abbasovun özbaşınalıqları barədə onu məlumatlandırdım. Onun göstərişi ilə qeyri-iş günlərində, 2-ci, 3-cü növbələrdə işləməkdən azad olundum. Amma qeyri-iş günlərində işlədildiyim əməkhaqqımı, gecə pulunu ala bilmədim.
Şikayətimdən sonra direktorun mənə qarşı kin-küdurəti artdı. Özünün marağı və H. Babayevin tapşırığı ilə məni işdən çıxarmaq istədi. Lakin Qrabağ müharibəsi iştirakşısı olduğum, məcburi köçkünlüyüm onların məqsədlərinə mane oldu. Buna nail olmayanda başqa yollara əl atdı. 2011-ci ildə hamıya 13-cü əməkhaqqı verildi, mənə yazılmadı. 2010, 2011, 2012-ci illərin müxtəlif aylarında hamıya mükafat verildi, yalnız mən almadım. Necə olur ki, borunun bir başını çiyninə qoyan fəhlə mükafat alır, o biri başını çiyninə qoyan almır. Viktor adlı biri zavodda işləməyə-işləməyə hər ay əməkhaqqı, mükafat, 13-cü əməkhaqqı alır mən zəhmət çəkdiyim halda ala bilmirdim. Viktorun üzünü görmədiyim halda öyrəndim ki, o, H. Babayevin göyərçinlərini bəsləyirmiş".
Şikayətçi H. Babayevin bütün işçiləri işdən çıxardığını bildirib: "Haqqımı tələb etmək üçün yenə 2015-ci ilin avqustunda şirkətlər qrupunun prezidentinə ərizə ilə müraciət etdim. Ərizəmi M. Abbasova göndərdi. Bununla razılaşmayıb yoxlama tələb etdim. Aradan bir həftə keçməmış M. Abbasov zavodun icraçı direktorluğu vəzifəsindən azad olundu, bütün işçilərlə bağlanmış əmək müqaviləsinə xitam verildi, hamı iki aylıq kompensasiya alaraq işdən çıxarıldı. Üç həftə keçməmiş zavodun adını dəyişib “kroplas” qoydular və işlər də davam etdirildi. Bu da H. Babayevin yeni “ixtirası” idi".
H. Babayevin fəhlələri qul kimi işlədiyini bildirən şikayətçi M. Abbasov var-dövlətindən də bəhs edib: İstər H. Babayev, istərsə də M. Abbasov mənim kimi fəhlələri 21-ci əsrdə qul kimi işlədərək, hər il zavoddan milyonlar qazanıblar. Onların ikisinin də xaricı ölkələrdə şirkətləri, villaları var. Ailələri hər cür şəraiti olan villalarda yaşayırlar. M. Abbasovun şəhərdə olan evinin sayı-hesabı yoxdur. Bahalı maşınlarını qoymağa yer tapmır. Mən isə hələ uşaq bağçasında ömür sürürəm. M. Abbasov H. Babayevə arxalanaraq at oynadırdı. Zavodun hesabına hər ay 10-15 gün xarici ölkələrdə kef edir, rəhbərliyi bacısının ərinə tapşırırdı".
Fikirlər