Ağalarov “FORBES”un “KRALLAR” siyahısında
“Forbes” jurnalının rus versiyasının hazırladığı siyahıda azərbaycanlı oliqarx ilk onluqda qərarlaşıb. Rusiyanın dövlət büdcəsindən 2015-ci il ərzində ən çox podrat sifarişi alan şirkətlərin və onların sahiblərinin adları məlum olub. “Forbes” jurnalının rus versiyasının tərtib etdiyi “Dövlət sifarişinin kralları-2016” siyahısında ilk yeri “Stroyqazmontaj” şirkəti və onun rəhbəriArkadi Rotenberq tutub. Müvafiq olaraq ikinci və üçüncü sıralardaLeonid Mixelson vəGennadi Timçenko qərarlaşıblar. Siyahıda liderlik edən prezident Vladimir Putinin dostu Arkadi Rotenberqin “Stroyqazmontaj” şirkəti təkcə ötən il dövlət büdcəsindən “Qazpromla”bağladığı müqavilə sayəsində 555.5 milyard rubl (təxminən 11 milyard 500 milyon manat – red.) həcmində tikinti sifarişi alıb.
İkinci yerdə oliqarx Leonid Mixelson gəlir. Onun şirkəti “Qazprom”la Amursk qaz emalı zavodunun tikintisinə dair müqavilə bağlayıb. Müqavilənin ümumi dəyəri 344 milyard rubldur (təxminən 7 milyard 120 milyon 800 min manat). Siyahıda ilk üçlüyü isə Putinin digər dostu Gennadi Timçenko qapayır. Onun “Stroyqaztrans” şirkəti dövlət büdcəsindən 161 milyard rubl (təxminən 3 milyard 332 milyon 700 min manat) həcmində sifariş alıb. Jurnalın hazırladığı siyahıda Azərbaycanlı milyarder Araz Ağalarovun da adı var. O da, ilk onluqdadır. Ağalarov Uzaq Şərq Universitetinin korpusunun tikilməsi həmçinin Kalininqradda və Rostovda iki stadionun tikintisi tenderlərini də qazanıb. Onun “Crocus Group” şirkətinin büdcədən aldığı sifarişlərin həcmi 70 milyard rubla (təxminən 144 milyon 900 min manat) yaxındır. Azərbaycanlı biznesmen Araz Ağalarovun başçılıq etdiyi “Crocus Group” 2014-cü ildə iki nəhəng layihənin inşasına start verib. Onun şirkəti tərəfindən tikintisinə başlanılan 2018-ci il Dünya Çempionatı üçün nəzərdə tutulan Rusiyanın Kalininqrad və Rostov şəhərlərində inşa ediləcək zövq oxşayan, müasir stadionların ümumi dəyərinin 30 milyard dollardan çox olacağı bildirilir. Stadionların tamaşaçı tutumu 45 min nəfər olacaq. Ümumilikdə götürdükdə Rusiyada keçirilən Dünya Çempionatı üçün 12 stadion tikintisi nəzərdə tutulsa da, Braziliya təcrübəsindən irəli gələrəkFİFAprezidenti Çempionatda 10 stadionla kifayətlənə biləcəklərini qeyd edib.