ZİYA MƏMMƏDOV: Bakı LİMANının YENİDƏN QURULMASI ƏLAMƏTDAR HADİSƏDİR!

Ziya Məmmədov: Bakı Limanının yenidən qurulması əlamətdar hadisədir

Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi diqqəti sayəsində bu gün iqtisadiyyatımızın bütün sahələri kimi nəqliyyat sektoru da sürətlə inkişaf edir, ölkə başçısının təşəbbüsü ilə reallaşan nəhəng infrastruktur layihələri əlverişli coğrafi mövqedə yerləşən Azərbaycanı regionun əsas nəqliyyat mərkəzinə çevirir və bu işlər ölkəmizin nəqliyyat təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

 "AzerTaym.az" xəbər verir ki, bu sözləri Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov martın 18-də “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin yaradılmasının 1 illiyinə həsr olunmuş hesabat xarakterli tədbirdə çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, bütövlükdə ölkəmizin nəqliyyat sektorunda böyük həcmli işlər görülmüş, nəqliyyat qurumlarının və müəssisələrinin potensialı gücləndirilmiş, yük və sərnişin daşımalarının vaxtında və təhlükəsiz həyata keçirilməsi, daşımaların dayanıqlığının təmin edilməsi üçün hər cür şərait yaradılmışdır.

“Son illər ərzində davam edən ümumdünya iqtisadi böhranı, eləcə də neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, iqtisadi fəallığın və ticarət dövriyyəsinin azalması ölkəmiz üçün müəyyən  çətinliklər yaratsa da, qeyri-neft sektorunun inkişafının vacibliyini artırmış,  o cümlədən nəqliyyat sahəsində də fəaliyyətin daha yüksək səviyyəyə keçid almasını aktuallaşdırmışdır.

Azərbaycanda innovativ texnologiyalara əsaslanan  dayanıqlı nəqliyyat sisteminin formalaşdırılması, kompleksin rəqabət qabiliyyətinin artırılması və buna uyğun tarif siyasətinin aparılması məqsədilə bu sahədə zəruri islahatlar aparılmış, idarəetmə təkmilləşdirilmiş, yeni müəssisə və səhmdar cəmiyyətlər yaradılmışdır.

Beynəlxalq yük daşıyıcıları üçün münbit şəraitin yaradılması, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, bürokratik əngəllərin aradan qaldırılması məqsədilə nəqliyyat əməliyyatlarının koordinasiyalı şəkildə həyata keçirilməsi və yeni daşıma texnologiyalarının tətbiqi üzrə tədbirlər görülmüşdür”, - deyə, Z. Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında fəal iştirakçı kimi çıxış edir.

“Məqsədimiz qeyri-neft sektorunun ən perspektivli sahələrindən biri olan nəqliyyat-yol kompleksinin potensialını gücləndirərək Azərbaycanın tranzit imkanlarını artırmaq və onu  regionda əsas ticarət qovşağına çevirməkdir.

Bunun üçün bizim bütün imkanlarımız mövcuddur!

Son 10 il ərzində görülən işlər də bunu deməyə əsas verir. Belə ki, bu müddətdə  9.700 km respublika və yerli əhəmiyyətli avtomobil yolları və bu yollar üzərində 312 ədəd körpü tikilmiş və əsaslı təmir olunmuşdur.

Bakı şəhərində 875 km yol tikilmiş və yenidən qurulmuş, paytaxtda 75 ədəd körpü və tunel tikilmişdir. Son 10 il ərzində dəmir yolunda 485 km yol yenidən qurulmuş, 35 ədəd yeni lokomotiv alınmışdır. Bakıda və bölgələrdə yeni beynəlxalq hava limanları istifadəyə verilmiş, Bakı Gəmiqayırma zavodu tikilmiş, Bakı şəhəri üçün yeni avtobuslar və taksi avtomobilləri alınmış, regionlarda müasir avtovağzal kompleksləri inşa edilmişdir”, - deyə, nazir vurğulayıb.

Z. Məmmədov qeyd edib ki, göstərilən dövrdə icrasına başlanılan mühüm layihələrindən biri də Ələt qəsəbəsində tikilməkdə olan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır.

“Müasir dünyanın dinamik inkişaf edən ölkələrindən olan Azərbaycanda yeni və çoxfunksiyalı limanın tikintisinə ehtiyac duyulurdu.

Xəzər dənizinin Azərbaycan Respublikasının ərazisinə düşən 955 kilometr sahil xəttinin olmasına baxmayaraq, yeni limanın inşası üçün Ələt qəsəbəsinin seçilməsi də təsadüfi deyildi.

Ölkə ərazisindən keçən əsas magistral avtomobil və dəmir yolu xətlərinin məhz Ələt qəsəbəsinin ərazisində kəsişməsi və yeni liman kompleksinin də inşası ilə su yollarını da buraya birləşdirmək imkanının yaranması, bu məntəqənin beynəlxalq nəqliyyat qovşağı kimi əhəmiyyətini artırır.

Köhnə liman Bakı şəhərinin böyük nəqliyyat axınının olduğu mərkəzi hissəsində yerləşdiyindən, buraya gələn yük avtonəqliyyat vasitələri də əlavə sıxlıq yaratmaqla böyük tıxacların əmələ gəlməsinə səbəb olur, ərazidə ekoloji vəziyyət daha da ağırlaşırdı.

Yaranma tarixi 1902-ci ildən başlanan limanın hazırda yükaşırma imkanları və burada istifadə edilən yük emalı texnologiyaları daha böyük həcmdə yük axınlarını qarşılamaq imkanında deyildi.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verildikdən sonra liman vasitəsilə aşırılan yük həcmlərinin 10 milyon tona qədər, konteyner dövriyyəsinin isə 50 000 TEU-ya qədər yüksələcəyi proqnozlaşdırılır. Müqayisə üçün deyək ki, təkcə iri həcmli konteynerlər üzrə buraxılış qabiliyyəti cəmi 15000 ədəd təşkil edən köhnə liman bu həcmi emal etməyə qadir deyildi.

Eyni zamanda bu ərazinin həm də şəhər əhalisinin aktiv istirahət zonası olacağı, dənizkənarı bulvarın genişləndiriləcəyi, xüsusən də getdikcə artmaqda olan yük həcminə uyğun limanın inkişafı üçün burada resursların tükəndiyi nəzərə alındıqda, Ələt qəsəbəsində yeni limanın inşası bir daha əsaslandırılmış olur.

 

Həmçinin qeyd olunmalıdır ki, avtomobil və dəmir yolu nəqliyyatı vasitəsilə Azərbaycan üzərindən tranzit daşımalarda Qərb istiqamətində məsafə 100 km-ə qədər qısalmış olur ki, bu da tarif və istismar xərcləri baxımından  daha əlverişlidir.

Beləliklə də, Yeni Limanın tikintisi ilə bağlı ölkə başçısının 2007-ci ildə imzaladığı Sərəncama uyğun olaraq, lazımi tədbirlər həyata keçirildi. Nəqliyyat Nazirliyinin sifarişi ilə Niderland Krallığının “Royal Haskoning” şirkəti tərəfindən limanın baş planı və layihəsi hazırlandı. 2010-cu il noyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyev yeni limanın təməlini qoydu.

Təməlqoyma mərasimində çıxışı zamanı Prezident İlham Əliyev demişdir: “Bu mərasim Azərbaycan üçün tarixi hadisədir və Limanın istifadəyə veriləcəyi gün, öz əhəmiyyəti baxımından respublikamızın tarixinə yazılacaq”.

Bakı Limanının yenidən qurulması Azərbaycanın müasir tarixinin əlamətdar hadisələrindən biridir. Yeni limanın ümumi sahəsi 400 hektarı əhatə edir.

Bura liman infrastrukturu ilə yanaşı, birləşdirici dəmir yolu xətləri, magistrala çıxışı təmin edən avtomobil yolu, logistik mərkəzlər, iri həcimli yük maşınları üçün dayanacaq və xidmət sahəsi, orta və kiçik istehsalat müəssisələri və digər xidmətlər daxildir. Ümumilikdə limanın tikintisi üç mərhələdə nəzərdə tutulmuşdur.

22 sentyabr 2014-cü il tarixində dövlət başçısı tərəfindən Bakı Limanın tikintisinin birinci mərhələsi çərçivəsində Bərə terminalının açılışı olmuşdur.

Bu mərhələdən sonra limanın yükötürmə gücünün ildə təxminən 10 milyon ton quru yük və 50 min konteyner olacağı gözlənilir.

İkinci mərhələdə limanın yükaşırma gücü 17 milyon ton yük və 150 min konteynerə, üçüncü mərhələnin yekununda isə 25 milyon ton yük və 1 milyon konteynerə çatdıracaqdır”, - deyə, nazir Z. Məmmədov bildirib.

Azərbaycanın nəqliyyat naziri həmçinin Görülən işlər sırasında liman əməliyyatlarının çevik, şəffaf və müasir standartlara uyğun həyata keçirilməsində əldə olunmuş uğurları da qeyd edib:

“Hazırda Bakı limanı iş səmərəliliyinə, prosedurların təkmilləşdirilməsinə və beynəlxalq təcrübənin tətbiqinə görə regionda nümunəvi limana çevrilmişdir. Sirr deyil ki, bu gün bir çox ölkələrin müvafiq qurumları Bakı Limanının fəaliyyəti ilə tanış olmağa çalışır, Limana çoxsaylı müxtəlif təbəqəli nümayəndə heyətlərinin səfərləri təşkil edilir.

Xəzər regionunda multimodal daşımaların geniş tətbiqi, dəniz daşımalarının asanlaşdırılması və həcminin artırılması məqsədilə Ticarət Donanması üçün müasir tipli yeni bərələr və tankerlər alınaraq istifadəyə verilmişdir.

Regional nəqliyyat qovşağı kimi yeni limanın əhəmiyyətini daha da artıracaq digər layihə Bakı-Tbilisi-Qars dəmir yolu (BTQ) xəttinin tikintisidir.

BTQ layihəsi üzrə Gürcüstan ərazisində 154 km yolun rekonstruksiya işləri və Axalkalaki-Türkiyə sərhədi sahəsində 29 km yeni yolun tikintisi başa çatdırılmış, sərhəddəki tuneldə qazma işləri tamamlanmışdır.

Artıq  Marabdadan Türkiyə sərhədinə qədər sahədə işçi qatarların hərəkəti təmin olunmuşdur. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Azərbaycan hissəsində yenidən qurulan 503 kilometrlik yolun 442 km hissəsi əsaslı təmir olunmuş və qatarların hərəkət sürəti artırılmışdır.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Yeni Liman Kompleksi gələcəkdə yüklərin Çin və Mərkəzi Asiyadan Avropaya və əks istiqamətdə daşınması üçün əlverişli şərait  yaradacaqdır.

Artıq Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə blok konteyner qatarlarının hərəkəti təşkil olunmuş, bu marşruta yük axınlarının cəlb edilməsi məqsədilə daşımalara və tranzit keçid haqlarına əlavə güzəştlər tətbiq edilmişdir.

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə dəmir yolu daşımalarının təmin edilməsi istiqamətində də işlər davam etdirilir. Dəhliz üzrə Azərbaycan və İranın dəmir yolu xətlərinin birləşdirilməsi üçün çatışmayan seqmentlərin tikintisi barədə müvafiq sazişlər imzalanmışdır.

Bu işlərin tamamlanmasından sonra qatarların Hind okeanı hövzəsindən birbaşa Şimali Avropa, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə Türkiyə ərazisindən keçməklə Şərqi və Mərkəzi Avropa, eləcə də yeni liman üzərindən bərə keçidi vasitəsilə Mərkəzi Asiya istiqamətlərində hərəkəti mümkün olacaqdır.

Azərbaycanda, həmçinin müasir avtomobil yolları   şəbəkəsinin yaradılması ilə bağlı irimiqyaslı layihələrin icrası davam etdirilir, magistral avtomobil yolları birinci texniki dərəcə səviyyəsində yenidən qurulur. Hazırda, TRASEKA nəqliyyat dəhlizi üzərində yerləşən 511 km avtomobil yolu seqmentinin 380 kilometri dörd zolağa genişləndirilmişdir.

Bu layihələr İpək Yolunun canlanmasını, regionda daha effektiv nəqliyyat əlaqələrinin yaradılmasını təmin edəcək, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi üzrə tranzit yük daşımalarının artırılmasına şərait yaradacaqdır”.

"AzerTaym.az"






Fikirlər